Əsas Səhifə > Partiya > "HÖKUMƏT KORRUPSİONER OLDUĞUNA GÖRƏ"...

"HÖKUMƏT KORRUPSİONER OLDUĞUNA GÖRƏ"...


19-07-2013, 12:09
"HÖKUMƏT KORRUPSİONER OLDUĞUNA GÖRƏ"...
..."ONUNLA BELƏ DANIŞIRLAR"

İki gün bundan öncə ABŞ Konqresinin Helsinki Komitəsində “Problemli tərəfdaş-Azərbaycanda artan avtoritarizm və insan haqları” adlı dinləmələr keçirildi. Dinləmələrdə Azərbaycanı həm iqtidar, həm də ki, müxalifət nümayəndələri təmsil edirdi. Toplantıda Azərbaycanla bağlı kifayət qədər ciddi və tənqidi fikirlər səsləndirildi və hakimiyyətə müxtəlif mesajlar verildi. Lakin maraqlı olan budur ki, bu tip dinləmələrin Azərbaycandakı siyasi proseslərə nə kimi təsir edəcək? Ümumiyyətlə səsləndirilən tənqidi fikirlər hakimiyyətin qismən də olsa islahatlara getməsinə səbəb olacaqmı? FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən Helsinki Vətəndaş Assambleyasının (HVA) Azərbaycan nümayəndəliyinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva bildirdi ki, dinləmələr mənəvi cəhətdən kifayət qədər təsirli oldu. Dinləmələrin səbəbsiz yerə təşkil edilmədiyini bildirən Arzu xanım, “siyasət onu tələb edirdi ki, Azərbaycanda vəziyyət belə davam edə bilməz. Belə ki, insan haqlarını tapdalamaq, heç kəsi və heç nəyi saymamaq kimi addımlar yol verilməz idi”, - deyə qeyd etdi: “Ölkədə vəziyyət istər insan haqları, istərsə demokratiya, istərsə də insan azadlıqları baxımından olduqca acınacaqlıdır. Digər tərəfdən bu məsələdə siyasətin də böyük bir rolu var. Dinləmələrdə səsləndirilən fikirlər və verilən mesajlar Azərbaycan hakimiyyətinə bir xəbərdarlıq idi.”

Verilən mesajların hökumətin mövqeyinə hansı formada təsir edəcəyinə də aydınlıq gətirən Arzu xanım, bunun qaçılmaz olduğunu söylədi: “ Vəziyyət elə bir həddə gəlib çatıb ki, buna fikir verməmək daha da acınacaqlı duruma gətirib çıxara bilər. Azərbaycan iqtidarı da vəziyyəti başa düşməyə başlayıb. Qarşıdan seçki ili gəldiyinə görə iqtidar müxtəlif çıxış yolları axtarır. Hazırda Azərbaycan həm Rusiya, həm də ki, Qərblə balanslaşdırılmış siyasət aparır. Bizim hökumətimiz korrupsioner yox, demokratik olsa idi, onunla bu dildə danışmazdılar. Belə ki, ABŞ və Qərb Azərbaycan hakimiyyəti ilə kifayət qədər tənqidi dildə danışır.”

Sonda Arzu xanım bildirdi ki, Rusiyada hansı proseslər baş verirsə, bir müddətdən sonra eyni şeylər Azərbaycanda təkrarlanır: “ Lakin Rusiyadakı vəziyyət Azərbaycandan həddən artıq üstündür. Rusların sosial durumu da bizdən yaxşıdır.”

Geri qayıt