Əsas Səhifə > Cəmiyyət, Manşet > BAŞ BANKİR ƏHMƏD VƏLİYEVİ QURBAN VERİR

BAŞ BANKİR ƏHMƏD VƏLİYEVİ QURBAN VERİR


18-07-2013, 13:04
BAŞ BANKİR ƏHMƏD VƏLİYEVİ QURBAN VERİR
10 MİLYONLUQ YEYİNTİ FAKTI ŞİŞİB

DİA.AZ: - Bu günlərdə yerli mətbuatda deputat-rektor Əhməd Vəliyevin himayəsində olan «Muğanbank»la bağlı maraqlı məlumatlar yayılsa da, sonradan naməlum səbəblərdən sözügedən mövzuya qayıdılmadı ki, bu da müəyyən şübhələrə yol açdı. Qeyd edək ki, bu məlumatlarda bankın deputata yaxın olan adamlar tərəfindən böyük qanun pozuntularına yol verməsindən bəhs edilirdi.

Onu da bildirək ki, Əhməd Vəliyev zamanında “Muğanbank” ASC üzərindəki hökmranlığını dansa da, bankın deputat-rektorun himayəsində olmasını təsdiqləyən və təkzibi mümkünsüz faktlar yetərincədir. Özü də mənbə bankın elə rəsmi saytıdır (muğanbank.az). Saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları (http://www.muganbank.az/az/goto/52) göstərilir

- Mehdiyev Elmir Maqbet oğlu – 63,50% (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri – red.),

- Vəliyeva Vəfa Əhməd qızı – 12,05% (Ə.Vəliyevin qızı – red.),

- Mehdiyev Maqbet Rəhim oğlu – 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi – red.),

- Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 % (Ə.Vəliyevin qudası – red.).

Beləliklə, aydın olur ki, “Muğanbank” Ə.Vəliyevə çox məhrəm bir ailəyə məxsusdur. Təbii ki, yüksək ranqlı məmur, ən azı deputat hamisi olmayan bank Azərbaycanda fəaliyyət göstərə bilməz. Bu, Azərbaycanda çox dəqiqliklə icra olunan yazılmamış qanunlardan biridir. Ziyalı ailəsi olan Mehdiyevlərin Ə.Vəliyevdən başqa yüksək ranqlı məmur qohumları (söhbət banka himayədarlıq edə biləcək məmurlardan gedir) yoxdur. Yəni istənilən halda bu bankın deputatla bağlı olması şübhə doğurmur.

Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır. Ə.Vəliyev isə göz qabağında olan bu fakta yalan, böhtan deyir.

Xatırladaq ki, bu günlərdə mətbuatda Əhməd Vəliyevlə Mərkəzi Bankın sədri Elman Rüstəmovun ortaq maxinasiyasının əks olunduğu şok faktlar yayılmışdı. Bildirilirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun dövlətin 10 milyonunun yeyintisində Əhməd Vəliyevlə ortaq olub. Baş bankir haqda yeni səs-küylü məlumatlar Mərkəzi Bank rəhbərinin İpoteka Fonduna bina almağa aırılmış büdcə vəsaiti ilə bağlı idi. DİA.AZ-a bununla bağlı daxil olan məlumatlardan isə aydın olur ki, Əhməd Vəliyevə aid olan «MuğanBank»la bağlı artıq hüquqi araşdırmalara başlanılıb.

Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, hətta Elman Rüstəmovun özü belə hədəfə çevrilə bilər: «Təbii ki, ölkənin baş bankiri öz reputasiyası naminə Əhməd Vəliyevi və onun kürəkənini bir həmləyə qurban verəcək. Ona görə də daha acınacaqlı durumda məhz deputat-rektorun və onun yaxınlarının olması faktdır».

Mənbəmiz onu da əlavə edib ki, yaxın günlərdə bu faktla bağlı Mərkəzi Bank tərəfindən xüsusi informasiya da ictimaiyyətə çatdırılacaq. Bundan sonrakı məsələ isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə qalır…

Geri qayıt