Əsas Səhifə > Ölkə, Manşet > AZƏRBAYCAN İRANA CAVAB VERƏCƏK

AZƏRBAYCAN İRANA CAVAB VERƏCƏK


26-12-2011, 12:40
AZƏRBAYCAN İRANA CAVAB VERƏCƏK

RƏSMİ BAKI TEHRANA QARŞI SANKSİYALARA QOŞULA BİLƏR

DİA.AZ: - Məlum olduğu kimi, son günlər fars-molla rejimi ölkəmizə qarşı bütün istiqamətlərdən hücuma keçib. Gah azərbaycanın Təbrizdəki konsulluğunun partladılacağı bəyan edilir, gah prezident İlham Əliyev «Hizbullah»çılar tərəfindən hədələnir, jgah ayrı-ayrı ayətullahlar Azərbaycan türklərini və Azərbaycan dövlətçiliyini aşağılayan bəyanatları ilə diqqətə gəlirlər, gah da İranın parlamentarilərinin, dövlət nümayəndələrinin dili ilə təhqir olunuruq. Bir sözlə, İran sözün əsl mənasında bütün artileriyasını Azərbaycanımıza doğru tuşlayıb.

Son olaraq isə İranın prezidenti Mahmud Əhmədinejadın İrəvana səfər etməsi və bu səfər zamanı Araz çayı üzərində elektrik stansiyasının inşası ilə bağlı razılığın əldə olunmaı artıq molla rejiminin Azərbaycana yekun mahiyyəti daşıyan ismarıcı kimi qəbul olundu. Hər halda, Araz çayı üzərində elektrik stansiyasının inşa edilməsi məsələsinə Azərbaycanın hansı aspektdən yanaşmasından Tehrandakı başı əmmaməlilər də məlumatlıdırlar.

Xatırladaq ki, hələ mərhum prezident Heydər Əliyevin zamanında İranın o zamankı energetika naziri bu məsələni Azərbaycan dövlətinin ali rəhbərliyinin diqqətinə çatdırmışdı və o zaman mərhum prezident çox sərt bir reaksiyası ilə sözügedən layihəyə qarşı olduğunu nümayiş etdirmişdi. Açıq şəkildə Ermənistanla İranın bu ortaqlığının Azərbaycana qarşı yönəldiyini o görüşdə bəyan edən Heydər Əliyev hətta səsinin tonunun da qaldırmalı olmuşdu. İranlı nazirin «biz bu layihəni icra edəcəyik» şəklində israrlı sözlərinin qarşılığında mərhum Heydər Əliyev «bu elektrik stansiya tikilə bilməz və bu Azərbaycana qarşı bir addımdır» deyərək iradəsini ortaya qoymuşdu. Və həmin zaman bu məsələ tamamilə gündəmdən yığışdırıldı.

İndi isə artıq İranla düşmən Ermənistan arasında bir saziş imzalanıb və Araz çayı üzərində elektrik stansiyasının inşası qərarı verilib. Təbii ki, bu addımın Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd olması məsələsi günü bu gün də aktualdır. O zaman ortaya belə bir haqlı sual çıxır: RƏSMİ BAKI SUSACAQMI?

Hökumət içindəki qaynaqlardan əldə etdiyimiz məlumatlarda deyilir ki, Azərbaycan hakimiyyəti bu məsələ səbəbindən susmaq niyyətində deyil: «Hər halda, rəsmi Bakı İrana qarşı kifayət qədər dözüm və səbr nümayiş etdirib. Molla rejimi isə bu dözümlü davranışın müqabilində hər dəqiqə, hər saat Azərbaycanın üzərinə yeridi. Əhmədinejadın son İrəvan anlaşması isə birbaşa olaraq Azərbaycanın dövlət maraqları ilə ziddiyyət təşkil edir. Hər halda, rəsmən açıqlanmasa da, İran-Ermənistan ortaqlığı Araz çayının işğal olunmuş azərbaycan torpaqlarından keçən qismində özünü göstərəcək».

Mənbəmiz bildirir ki, əslində bu addımı ilə iranın molla rejimi Qarabağın erməni torpağı kimi tanınmasını da rəsmiləşdirmiş olur. Çünki ilk dəfədir ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı rəsmi dövlət müqaviləsi imzalanır ki, bu müqavilənin altında Əhmədinejadın imzası var.

Məlumatı verən mənbəmizin sözlərinə görə, hələlik rəsmi Bakı İrəvandakı erməni-fars anlaşmasının təfsilatı ilə tanış olmağa çalışır: «Əgər həqiqətən də müqavilə işğal olunmuş Azərbaycan torpaqlarını əhatə etmiş olarsa, o zaman Azərbaycanla İran arasında çox böyük diplomatik, siyasi qalmaqal yaranacaq və hətta münasibətlərimiz açıq düşmənçilik mərhələsinə keçid alacaq. Çünki bu dəfə artıq İran hakimiyyəti ortaya rəsmi mövqe qoymuş olur».

Mənbəmiz onu da bildirdi ki, bu halda Azərbaycan nəinki İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalara qoşula bilər, ümumiyyətlə, İranla bütün ticarət, siyasət, bir sözlə, hər türlü əlaqələrini kəsə bilər və Azərbaycanda İran əleyhinə böyük bir dalğa baş qaldırar: «Çünki bu əslində Azərbaycanın ərazi bütünlüyünə İran tərəfindən edilən bir təhdiddir. Buna isə rəsmi Bakı göz yummayacaq».


Geri qayıt