Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏTİN KORRUPSİYA PİRAMİDASI

HAKİMİYYƏTİN KORRUPSİYA PİRAMİDASI


26-12-2011, 09:12
HAKİMİYYƏTİN KORRUPSİYA PİRAMİDASI

AZƏRBAYCANDAKI KORRUPSİYA MEXANİZMİNİN DETALLARI

DİA.AZ: - Dövlət statistika Komitəsinin məlumatına bu ilin 11 ayında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard manat məbləğində vəsait yönəldilib, 6,1 milyard manatlıq tikinti-quraşdırma işləri görülüb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 28,3 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 18,5 faiz artıb. Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 47,1 faizi, yaxud 4,7 milyard manat sərf olunub.

İlin əvvəlindən ümumi sahəsi 1 milyon 579,8 min kvadratmetrə bərabər yaşayış evləri, 10 min 988 yerlik ümumtəhsil məktəb binaları, 99 çarpayılıq xəstəxana, növbəli şəkildə 80 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisəsi, 260 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində metronun «Dərnəgül» stansiyası, müalicə-diaqnostika mərkəzi, «Kempinski Badamdar» hotel kompleksi, Gəncədə fiziki qüsurlu insanlar üçün regional informasiya mərkəzi, Tovuz rayonunda süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda mebel fabriki və AZDMF zavodu, Astara rayonunda qaz-kompressor stansiyası, Naftalan şəhərində «Çinar Hotel» kompleksi və «Qaşaltı» sanatoriyası, Ağcabədi rayonunda süd emalı zavodu, süd məhsulları kombinatı və şahmat məktəbi sakinlərin ixtiyarına verilib.

Statistika Komitəsinin məlumatından belə aydın olur ki, hökumət özəl sektora müdaxilə edərək dövlət büdcəsi hesabına hotel tikintisi ilə məşğul olub. Ekspertlər dönə-dönə milyardları udan bu layihələrin korrupsiya mənbəyi olduğunu bildirirlər.

Bu korrupsiya mexanizmi necə qurulur? Bəzi ekspertlər, büdcə vəsaitlərinin, xüsusiə kommunal sektordakı xərclərin silinməsində Mənzili Təsərrüfat Kommunal Birliyinin rolunun böyük olduğunu bildirirlər. Müxtəlif dövlət qurumları tərəfindən layihələr hazırlanıb hökumətə təqdim edilir. Layihələr hazırlanarkən onun smeta dəyəri 5-10 dəfə şişirdilir. Əgər layihənin dəyəri 50 min manatı ötürsə, tender elan olunur. Qalib gələn tender şirkətinə isə onun real dəyərini ödəyirlər. Təbii ki, burada şirkətin 10-15 faizlik gəliri də hesablanır. Vəsaitin qalan hissəsi isə dövlət qurumuna qaytarılır. Bununla pulun silinməsi mərhələsi başlayır. Vəsait aşağıdan yuxarya doğru, yəni layihənin icarsıçı olan dövlət qurumundan yuxarı dairələr qədər pul bölüşdürülür.

Kommunal layihələri bu sahə üzrə məsul olan dövlət qurumları həyata keçirir. Məsələn, su xəttinin çəkilişini «Azərsu» həyata keçirir. Yol tikintisi zamanı ərazidən keçən obyektlərin, evlərin sahibləri ilə danışıqları MİS rəhbəri aparır. Bu zaman onlara da müəyyən haqlar çatır. Xüsusilə kompensasiya ayrılıbsa, bu vaxt MİS rəhbələri burada mənimsəmələrə yol verir. Amma onlara konkret layihələrin icrası verilmir.

Korrupiyanın əsas mexanizmi isə sifarişçi və podratçılar arasında baş verir. Sifarişçilər dövlət qurumlarıdır, podratçılar özəl şirkətlərdir. Vəsaitlər podratçı şirkətlərin hesabına köçürülürü və oradan da silinir. Sifariişi hansı dövlət qurumu verirsə, korrupsiyaya uğrayan vəsaitləri də onlar podratçıdan geri alır.

Özəl şirkətlərin belə cinayətə getməsinin səbəbi tenderlərin formal keçiriliməsi ilə əlaqədardır. Əksər vaxtlarda tender keçirilmir. Keçirilən tenderlər isə formal xarakter daşıyır. Qalib gələcək şirkət əvvəlcədən bəlli olur. İstədiyi qiymətləri sənəddə yazır, sonrada vəsaitin bir hissəsini sərf edir. Bütün danışıqlar layihənin icrasından öncə həyata keçirilir. Tutaq ki, 1 milyonluq vəsait nəzərdə tutulub. Özəl şirkətə tapşırılır ki, 300-400 min manatı veriləcək. Qalan hissəsi dövlət qurumuna köçürülür.


Geri qayıt