Əsas Səhifə > Hadisə > BAKI TEHRANI YUMŞALDA BİLMƏDİ

BAKI TEHRANI YUMŞALDA BİLMƏDİ


23-12-2011, 14:28
BAKI TEHRANI YUMŞALDA BİLMƏDİ

ƏLİ HƏSƏNOVUN İRAN SƏFƏRİNİN PƏRDƏARXASI

İranın sərhəd polisinin komandanı general-mayor Hüseyn Zülfüqari dekabrın 18-də sərhəd xidməti komandirlərinin toplantısında çıxış edərək, iki ay əvvəl Azərbaycanla sərhəddə öldürülən əsgərdən danışıb: “Azərbaycan Respublikasının sərhədçiləri iranlı əsgəri 14 güllə ilə öldürüblər. Bu isə sərhəd qanunlarına zidd addımdır. Biz hadisə ilə bağlı Azərbaycan Respublikasının hüquq mühafizə və məhkəmə rəsmilərinin cavabını gözləyirik. Azərbaycan Respublikasının rəsmiləri qanuna əsasən öz əməllərinə görə cavabdeh olmalıdır”.

Bu açıqlama ondan xəbər verir ki, Azərbaycan-İran münasibətlərində gərginlik ortadan qaldırılmayıb. Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dekabrın 3-də İrana səfərində iki ölkə arasındakı münasibətlərə gərginlik yaradan məsələlərə aydınlıq gətirməyə çalışmışdı. Əli Həsənov səfərdən sonra verdiyi açıqlamada, İrandakı tərəfdaşları ilə ortaq nöqtələr tapa bildiyini söyləmişdi. Azərbaycan rəsmisinin sözlərinə görə, bu nöqtələr qarşılıqlı hörmət, qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək oldu.

Ancaq Əli Həsənovun səfəri münasibətləri yumşaltmadı. Elə Azərbaycan rəsmisi Tehranda görüşlərdə olduğu zaman Təbrizdə Azərbaycan əleyhinə növbəti toplantı düzənləndi. İranın “Səhər” televiziya kanalı Azərbaycan əleyhinə təbliğat savaşını azatmayıb və bu kanalın yayım imkanları əvvəlkitək cənub bölgələrini əhatə edir. İrandan Azərbaycan əleyhinə ünvanlanan açıqlamaların miqyası və sayı da azalmayıb.

Tehranla ortaq nöqtənin tapılmadığını bir daha anlayan rəsmi Bakı İranın növbəti həmləsini cavabsız qoymadı. Əli Həsənovun İrana səfərindən təxminən 1 həftə sonra Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev cənub qonşumuzun siyasətini sərt şəkildə tənqid etdi. O, Dünya Azərbaycanlıları Konqresinin İsveçin paytaxtı Stokholmda keçirdiyi “21 Azər ərəfəsində Milli Birliyə doğru” adlı konfransında çıxışında belə dedi: “İran da Ermənistan kimi bizim inkişafımızdan qorxur”. Qafar Əliyev çıxışında dünya azərbaycanlılarının birləşməsi zərurətinə də toxunub. Bu çıxışın İranın rəsmi dairələrində necə reaksiya doğuracağı üzərində baş sındırmağa dəyməz.

Bu arada, İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müdiri Əhməd Kazımi Azərbaycan Respublikasına buraxılmadı. O, Bakının beynəlxalq hava limanından geri qaytarıldı. Səbəb kimi Əhməd Kazıminin sənədlərinin qaydasında olmadığı vurğulandı. Bu olay İrandakı dairələrin kəskin reaksiyasına səbəb oldu. İranın dövlət radiosu bu olayı belə dəyərləndirdi: “Amerika və sionist rejim rəsmiləri Azərbaycan Respublikası hökumətini anti-İran siyasətinə və tədbirlərinə təhrik etmək istiqamətində əllərindin gələni edirlər”.

Beləliklə, iki ölkə arasında siyasi, geopolitik və informasiya savaşı davam edir. Bu savaşın sülhlə bitəcəyinə inam azdır. Çünki, Bakı ilə Tehran nə qədər “dost və mehriban” münasibətlərdən danışsalar da, ölkələrin milli və təhlükəsizlik maraqları fərqlənir. Adi bir misal. Azərbaycan hərbi imkanlarının artırılmasını ABŞ və İsraillə hərbi əlaqələrin və bu ölkələrdən müasir texnikaların alınmasında görür. İran isə əskinə qonşuluğundakı bu əməkdaşlığın maraqları üçün təhlükə kimi qiymətləndirir. Tehran Azərbaycanın NATO və Avropa Birliyi ilə əməkdaşlığını da neqativ qarşılayır. Rəsmi Bakı İranın daxili işlərinə qarışmadığını, Qərbin bu ölkəyə qarşı mümkün hərbi əməliyyatlarında Azərbaycan ərazisindən istifadə edilməyəcəyini dəfərlərlə vurğulasa da, Tehran buna inanmır. Belə çıxır ki, Tehranın Bakının müstəqil siyasətini qəbul etməməsi bir yana, İran Azərbaycan dövlətinin varlığını əvvəlkitək özü üçün təhlükə sayır. Görünür, İranda yaşayan azərbaycanlıların gözündə Azərbaycanın indi və ya gələcəkdə cazibəsinin artmasından çəkinirlər. Təsadüfi deyil ki, bir müddət öncə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi Azərbaycan xalqının və dövlət başçısının ünvanına aşağılayıcı ifadələr işlətmişdi. Buna cavab olaraq da Azərbaycan XİN Tehrana nota vermək məcburiyyətində qalmışdı.

Ümumiyyətlə bu soyuq savaşda rəsmi Bakı Tehrana cavab verməklə məşğuldur. Bəzən isə İrandan gələn şantaj və hədə dolu açıqlamalar cavabsız qalır. İranın məşhur Ayətullahı Hacı Şeyx Məhəmməd Cavad Lənkərani yazıçı Rafiq Tağının qətlini təqdir etdikdə, ölüm fitvasının yerinə yetirilməsindən duyduğu məmnuniyyəti dilə gətirdikdə Azərbaycan rəsmilərindən və ya din xadimlərindən kimsə yerindəcə onun cavabını verməyi lazım bilmədi. Halbuki, yaxın tarix göstərir ki, İran hakimiyyəti ilə onun başa düşdüyü dildə danışdıqda Tehran geri çəkilir. Misal üçün 2000-c illərdə İranın hərbi təyyarələri Azərbaycanın hava məkanını tez-tez pozurdu. Türk yıldızlarının Bakının mərkəzi “Azadlıq” meydanın bircə göstərisi kifayət etdi ki, Tehran gərəkli mesajı alsın və bir daha Azərbaycanın hava sərhədlərini pozmasın.

Turan Analitik Xidməti


Geri qayıt