Əsas Səhifə > Sosial, Manşet > KƏRƏM HƏSƏNOV YÜKSƏLİŞ YOLUNDA

KƏRƏM HƏSƏNOV YÜKSƏLİŞ YOLUNDA


23-12-2011, 14:04
KƏRƏM HƏSƏNOV YÜKSƏLİŞ YOLUNDA

KOMİTƏ SƏDRİ ARTIQ HEÇ BİR OLİQARXLA HESABLAŞMIR

DİA.AZ: - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov haqqında indiyə qədər mətbuatda çox yazılıb. Hətta bir ara onun işdən alınacağına dair fikirlər də səsləndirilirdi. Buna baxmayaraq Kərəm Həsənov vəzifə başında qalmaqda davam edir. Hətta son illər demək olar ki, hakimiyyət daxilindəki mövqeyini bir qədər də möhkəmləndirə bilib. İş o yerə çatıb ki, həsənov hətta son parlament seçkilərində özünə rəqib hesab etdiyi və yola getmədiyi şəxslərin qarşısına alternativ namizədlərini çıxarıb.

Ümumiyyətlə son aylar ölkənin müxalifət və müstəqil mətbuatı Kərəm Həsənov haqqında müxtəlif informasiyalar və xəbərlər yayırlar. Bu ona görə, baş verir ki, Kərəm Həsənovun adı müxtəlif mülk və biznes mövzularında hallandırılır. Hələ illər öncə xəbərlər yayılırdı ki, Kərəm Həsənov böyük dövlət müəssisələrini özünə yaxın şəxslərin, biznesmenlərin adlarına ucuz qiymətə özəlləşdirir. Mətbuatda gedən xəbərləri təhlil etdikdə belə aydın olur ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Azərbaycanda özünə geniş və əhatəli biznes qurub. Bu biznesin nə qədər nəhəng bir pramidadan ibarət olduğu bəlkə də heç kimin ağlına gəlmir. Hətta iş o yerə çatıb ki, nəqliyyat naziri Ziya Məmmədovdan, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən, Rövnəq Abdullayevdən sonra Kərəm Həsənov da yaxın qohumunu Milli Məclisdə əyləşdirə bilib. Hətta bəzi dövrlərdə Kərəm Həsənovun biznesinin ölkə hüdudlarını aşdığını, xarici dövlətlərdə hotel ticarətinə girişdiyi bildirilir.
Hətta Həsənovun Birləşmiş Ərəb Əmirliklərində obyektlərinin olduğu bildirilir. Bu məlumata görə, Həsənov Ərəb Əmirliyində hotel inşaası ilə məşğul olur. Onun Dubay şəhərində hotellər tikdirdiyi də bu məlumatlardan biridir. Bu otellərin olduqca dəbdəbəli, bahalı layihələr olduğu isə şübhə doğurmur. Onu da xatırladaq ki, Kərəm Həsənov mətbuatda ikinci dövlət adamıdır ki, Dubayda müklərinin olması haqqında xəbərlər yayılır. Bəs bütün bunlar həqiqətdirmi, yoxsa Komitə sədrinin nüfuzunu aşağı salmaq üçün onun rəqibləri tərəfindən irəli sürülən iddialardır?

DİA.AZ-ın əldə etdiyi məlumata görə, Kərəm Həsənov doğurdan da hakimiyyətdə ciddi dayaqlara malikdir və bu səbəbdən də, onun rəqibləri Həsənova zərbələr vura bilmirlər. Çünki bu şəxs istədiyi zaman ölkə birincisinin yanına girib çıxa bilir. Məlumata görə, son illərdə Həsənov yalnız bir dəfə Ramiz Mehdiyev tərəfindən ciddi danlanıb. Buna səbəb isə Milli Məclisin sədri Oqtay Əsədovun komitə sədrindən Ramiz Mehdiyevə narazılıq etməsi olub. Belə ki, bütün rəsmi qurumlara tapşırılıb ki, deputatlar onlara üz tutanda yola versinlər. Ancaq hakimiyyətə yaxın bir neçə deputat Kərəm Həsənovun qəbuluna düşmək istəsə də, Həsənov onları rədd edib. Deputatlar da bundan spikerə şikayət ediblər. Sonuncu isə Ramiz Mehdiyevə üz tutub. Kərəm Həsənovun hakimiyyət daxilində gücünü isbatlayan faktlardan biri də Dövlət Reyster Xidmətinin məhz onun komitəsinin ixtiyarına verilməsidir.

Kərəm Həsənov haqqında ən son məlumat isə onun hakimiyyət daxilində hansı gücə sahib olmasını ortaya qoymaqla yanaşı bir sıra gəlirli sahələrin onun nəzarətinə verilməsinin səbəblərinə aydınlıq gətirir. Qəzetimizə daxil olan məlumata görə, Heydər Əliyev mərkəzinin tikinti işləri Kərəm Həsənova tapşırılıb. Həsənov nəzarət etdiyi sahələrdən gələn gəlirləri məhz Heydər Əliyev mərkəzinin tikilişinə yönəldir. Qeyd edək ki, sözügedən mərkəzin yalnız özülünə 200 milyon manata qədər pul xərclənib. Onu da bildirək ki, sonuncu dəfə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva «Heydər Əliyev mərkəzi»nə baş çəkərkən Kərəm Həsənov onları müşayiət edib. Məhz bu xidmətinə görə, Kərəm Həsənov hakimiyyət daxilində ciddi fiqur hesab edilir və istədiyi məmurla rəqabət aparmaq imkanındır. Ancaq Heydər Əliyev mərkəzinin tikintisinin başa çatmasından sonra proseslərin necə davam edəcəyini tarix göstərəcək.


Geri qayıt