Əsas Səhifə > Cəmiyyət, Manşet > PA DAXİLİNDƏ GƏRGİNLİK

PA DAXİLİNDƏ GƏRGİNLİK


22-12-2011, 13:40
PA DAXİLİNDƏ GƏRGİNLİK

RAMİZ MEHDİYEV RƏQİB CİNAHI NECƏ SUSDURUR?

DİA.AZ: - Gedişinin gələn ilin may ayına planlaşdırıldığı barədə məlumatlar yayılan Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin asanlıqla təslim olmayacağını və yaxud da onun birdəfəlik olaraq ictimai-siyasi proseslərdən təcrid edilməsinin mükünsüzlüyü şübhəsizdir. Elə bu barədə rəsmi Vaşinqtonun necə düşündüyü də açıqlananda Azərbaycan cəmiyyətində bu vaxta qədər olan fikirlər özünü doğrultmuş oldu. Söhbət Mehdiyevin «boz kardinal» imicinin təsdiqindən gedir.

Məşhur «Vikiliks» təşkilatının açıqladığı ABŞ səfirliyi tərəfindən Amerika Dövlət Departamentinə ünvanlanan sənədlərin birində vurğulanırdı ki, Ramiz Mehdiyev hakimiyyətin siyasi dəst-xəttini müəyyən edən əsas fiqur olmaqla yanaşı, o, Azərbaycanın Rusiya asıllığının qarantı kimi də çıxış edir. Amerikanlar Mehdiyev barəsində belə düşünürlər ki, əgər o, hakimiyyətdən getməzsə, ABŞ-Azərbaycan münasibətləri Vaşinqtonun maraqlarına uyğun məcraya yön almayacaq.

Xatırladaq ki, Ramiz Mehdiyevə amerikan antipatiyası buna qədər də dəfələrlə hiss olunub. ABŞ-ın Azərbaycandakı keçmiş səfirlərindən biri - Rino Harniş hətta açıqlamalarının birində açıq şəkildə Ramiz Mehdiyevin istefasını belə tələb etmişdi və bildirmişdi ki, Azərbaycanda neqativ halların təminatçısı kimi PA rəhbəri çıxış edir.

Bir sözlə belə bir formada Qərbin tənə mərkəzinə çevrilmiş Ramiz Mehdiyevin artıq gediş qərarının verildiyi bildirilir. Hətta onun yerinə kadrın hazırlanması da gələn məlumatlar içindədir.

Onu da xatırladaq ki, artıq Prezident administrasiyasının içində Mehdiyevə qarşı konkret bir qrupun fəaliyyət göstərdiyi məlumdur. Sözügedən qrupa əsas olaraq PA-nın iki şöbə müdirinin - Zeynal Nağdəliyevlə Əli Əsədovun rəhbərlik etdiyi söylənilir. Bu barədə danışan mötəbər mənbənin sözlərindən belə aydın olur ki, Ramiz Mehdiyevlə rəqabət üçün PA-ya yerləşdirilən bu məmurların hər birinin Mehdiyevdən sonrakı dönəm üçün administrasiyaya rəhbərlik etmə şansları var. Yəni kim gücünü nümayiş etdirə bilsə, onun da PA-ya rəhbər gətiriləcəyi qeyd olunur.

Bildirək ki, Əli Əsədov Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun yaxın qohumudur və otna konkret bir dövlət qurumunun ciddi dəstəyi var. Bu barədə əldə etdiyimiz bilgilərə görə, Eldar Mahmudovla Ramiz Mehdiyevin arasındakı ədavətin mənşəyi də məhz bu faktorla bağlıdır. Yəni Mehdiyev zənn edir ki, MTN rəhbəri onun yerinə kadr hazırlayır və bu səbəbdən iki məmur arasında çox ciddi konflikt yaşanmaqdadır.

Zeynal Nağdəliyevə gəlincə isə İlham Əiyevin ən yaxın kadrlarından biri hesab olunan bu PA rəsmisi ilə bağlı kifayət qədər müəmmalı xəbərlər yayılmaqdadır. Əldə etdiyimiz informasiyaların birində vurğulanır ki, Zeynal Nağdəliyev əslində Əli Əsədovun komandasının üzvüdür və onun başlıca missiyası da Əli Əsədovun PA rəhbəri postuna daşınmasına şərait yaratmaqdan ibarətdir.

Digər məlumatda isə vurğulanır ki, Zeynal Nağdəliyevin özü də həmin posta əsas namizədlərdən biridir və sadəcə olaraq Mehdiyevə qarşı cinahda qərarlaşması səbəbindən bu gün Əli Əsədovla paralel şəkildə hərəkət edir.

Bir sözlə, istənilən şəraitdə hər iki PA rəsmisi bu gün Mehdiyevə rəqib cinahda qərarlaşıblar. Redaksiyamıza ötürülən informasiyaya görə, rəqiblərinin fəaliyyətinin izlənməsində maraqlı olan Ramiz Mehdiyev bu gün həm Əli Əsədovun və həm də Zeynal Nağdəliyevin davranışlarını ciddi şəkildə təqib edir: «Hətta Zeynal Nağdəliyevin müavinlərindən biri şəxsən Mehdiyevə bağlı adamdır və onun təyinatında birbaşa olaraq PA rəhbərinin özü rol oynayıb».

Məlumatlı mənbənin söylədiklərindən o da aydın olur ki, son günlər PA daxilində gərginlik yenidən alovlanıb. Məlumatlara görə, Zeynal Nağdəliyevin qrupunun rəsmi mətbuata qarmaq atması Mehdiyevi əməlli-başlı qəzəbləndirib: «Məlumdur ki, bu gün Mehdiyev həm rəsmən və həm də qeyri-rəsmi olaraq iqtidara bağlı olan mətbuatın əsas kuratorudur və bu işi Əli Həsənovun araılığı ilə həyata keçirir. Zeynal Nağdəliyev isə Mehdiyev-Həsənov xəttindən narazı düşmüş rəsmi mətbuatla xoş münasibətlərin qurulmasında maraqlıdır və artıq sözügedən şəbəkəni öz nəzarəti altına ala bilib. Bu isə tərəflər üçün yeni rəqabət meydanının açılmasına nədən olub».

Sonda mənbəmiz onu da bildirdi ki, Ramiz Mehdiyev rəqib cinahı əldən salmaq üçün «antiMehdiyev» ruhlu rəsmi mətbuatı gələn ili üçün də «ac saxlamaq» niyyətindədir: «Həmin rəsmi qəzetlər abunə məsələsində axsayır, onların müxtəlif instansiyalardan maliyyələşdirilməsi işində də ciddi poblemlər yaşanmaqdadır. Ki, buna səbəb də məhz Mehdiyevin diqtəsidir».


Geri qayıt