Əsas Səhifə > Partiya > İBRAHİMBƏYOVUN VAHİD NAMİZƏDLİYİ ŞÜBHƏLİDİR

İBRAHİMBƏYOVUN VAHİD NAMİZƏDLİYİ ŞÜBHƏLİDİR


8-07-2013, 12:20
İBRAHİMBƏYOVUN VAHİD NAMİZƏDLİYİ ŞÜBHƏLİDİR
Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması riskinin kifayət qədər böyük olması bəzi partiyalar tərəfindən ciddi narahatlıqla qarşılanmaqdadır. Müsavat partiyası R.İbrahimbəyovun namizədliyinin qeydə alınacağı günə qədər partiyanın Ali Məclisi tərəfindən prezident seçkilərinə namizədliyi irəli sürülən İsa Qəmbərin namizədliyinin öz aktuallığını qoruduğunu bildirib.
Məlumat üçün qeyd edək ki, Milli Şurada təmsil olunan digər partiyaların da müvafiq orqanlarının öz partiya rəhbərləri ilə bağlı oxşar qərarları mövcuddur ki, bu da R.İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı təqdirdə yenidən çoxnamizədliliyin meydana çıxması deməkdir.
Bununla bağlı Moderator.az saytının sualını cavablandıran KXCP sədri Mirmahmud Mirəlioğlu partiyaların Ali Məclisləri tərəfindən verilən bu qərarların bu gün də öz aktuallığını qoruyub saxladığını qeyd etdi:
“KXCP və başqa partiyaların namizədliklə bağlı qəbul etdiyi qərarlar öz aktuallığını itirməyən qərarlardır. Bu qərarlar partiyaların müvafiq orqanlarına, Ali Məclislərinə mənsub olan qərarlardır. Bunun aktuallığının dayandırılması ilə bağlı yalnız bu partiyaların Məclisləri qərar verə bilər. Amma indiki situasiyada Milli Şurada vahid namizəd məsələsi daha önəmlidir və hesab edirəm ki, hər şey yaxşı mənada həll olunacaq”.

Geri qayıt