Əsas Səhifə > Sosial, Manşet > AĞSU TƏHSİLİNDƏ MARAQLI PULYIĞMA ÜSULU TAPIBLAR

AĞSU TƏHSİLİNDƏ MARAQLI PULYIĞMA ÜSULU TAPIBLAR


5-07-2013, 10:28
AĞSU TƏHSİLİNDƏ MARAQLI PULYIĞMA ÜSULU TAPIBLAR
ATTESTATLAR PULSUZ VERİLSƏ DƏ, MƏZUNLAR YENƏ DƏ XƏRCƏ DÜŞDÜLƏR

DİA.AZ: - Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun qohumu Ənvər Seyidəliyev tərəfindən idarə olunan Ağsu rayonunun təhsili də eyni qaydada narahatçılıq yaradandır. Xatırladaq ki, bir neçə gün əvvəl rayonda sosial durumun təhlükəli – partlayış həddinə çatmasını xəbər etmişdik. Indi isə Ağsu təshili ilə bağlı DİA.AZ-a məlumatlar göndərilib.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin cəmi sayı 70, o cümlədən 35 orta məktəbi, 19 əsas və 16 ibtidai məktəbi olan Ağsu rayonunda təhsil sistemi məmur özbaşınalığı səbəbindən müxtəlif problemlərlə üzləşib. Bu barədə redaksiyamızı rayondakı mənbələr məlumatlandırıblar. Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Tahir Xasıyevdən narazı olan insanların verdiyi məlumata görə, 9687 nəfər şagirdin təhsil aldığı rayonda təhsilin keyfiyyəti çox aşağı səviyyədədir:

"Ağsu həqiqətən də, tarixi ərzində bugünkü kimi dözülməz vəziyyətlə qarşılaşmayıb. Rayonda fəaliyyət göstərən dövlət məmurları hərəsi bir tərəfdən özbaşınalıqla məşğul olurlar. Onlar dövlət büdcəsini talamağı özlərinə sanki fəxr bilirlər. İcra başçısı Ənvər Seyidəliyev və yaxın qohumlarının mülkünə çevrilən rayonun təhsili haqda xoş sözlər söyləmək çətin işdir. Təhsil şöbəsinin müdiri şəxsi məqsədləri naminə təhsilimizi qurban verir”.

Təhsil şöbəsinin müdirinin əsas işinin direktorlardan pul yığmaq olduğunu bildirən sakinlərin sözlərinə görə, Ağsudakı məktəblərin demək olar ki, hamısına direktorları şöbə müdiri təyin edib: “Özü də onların hərəsindən müəyyən "tələblərinin" ödənilməsi üçün razılıq alıb. Daha sonra isə bu şəxsləri vəzifəyə qoyub. Direktorlar şöbə müdirini hər ay "görmək" üçün müəllimlərin canını boğazına yığırlar. Müəllimlər hər dəfə maaş alanda müəyyən məbləği kənara qoyub direktorlara verirlər. Məktəb rəhbərləri isə şöbə müdiri ilə görüş zamanı bunu ona çatdırırlar”.

Daha sonra sakinlər yazır: “Nazir Mikayıl Cabbarov ötən günlərdə belə bir fikir səsləndirdi ki, 11-ci sinif şagirdləri "2" qiyməti alsalar da, onlara attestat veriləcək. Bu xəbəri eşidəndə şöbə müdirinin qanı qaralıb. Çünki bu məsələ ona heç cür sərf etmir. Belə olacağı təqdirdə, heç bir 11-ci sinif şagirdi attestat almaq üçün pul verməyəcək. Və elə də oldu. Bu attestat sezonundan ac çıxan şöbə müdiri əvəzini direktorlardan çıxdı. Onlar əlavə haqq ödəməli oldular ki, yeni dərs ilində də işlərini davam etdirə bilsinlər”.

Sakinlərin sözlərinə görə, təhsil şöbəsinin müdirinin ziyana düşməməsi üçün pul vermək zorunda qalan məktəb direktorları da attestatı pulsuz versələr də, sonradan hər bir şagirddən 10 manatdan pul yığıblar ki, artıq onlar məzun olurlar və bu səbəbdən məktəbdə onlardan «xatirə» qalmalıdır. Yəni guya ki, yığılan 10 manatların hesabına məktəb üçün hansısa iş görüləcək və altında qeyd olunacaq ki, bu iş filan ilin məzunları tərəfindən məktəbə hədiyyə edilib. Lakin bütün bunların bəhanə olması faktdır.

Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləyin…

Geri qayıt