Əsas Səhifə > Gündəm, Manşet > MİSİR MƏRDANOVUN YENİ BİZNESİ

MİSİR MƏRDANOVUN YENİ BİZNESİ


22-12-2011, 12:11
MİSİR MƏRDANOVUN YENİ BİZNESİ

MƏLEYKƏ ABBASZADƏNİN QÜSUR GÖRDÜYÜ TEST KIBAÇALARININ ARXASINDAKI PULLAR

DİA.AZ: - Korrupsiya məsələsində daha çox diqqətdə olan ölkənin təhsil sistemində yeni maliyyə əməliyyatları ortaya çıxmaqdadır. Xırda rüşvətdən tutmuş böyük vəsaitlərlə ölçülən layihələrdəki yeyintilərlə kifayətlənməyən təhsil rəhbərliyi «test biznesi»ni də öz gəlir mənbəyəni çevirib.

Orta məktəblərdə buraxılış, eləcə də ali məktəblərə qəbul imtahanları zamanı testlərdən istifadə edən ölkələrin əksəriyyətində bu prosesi həyata keçirən dövlət qurumları ayrı-ayrı fənlər üzrə test topluları nəşr edib yayırlar. Təcrübə göstərir ki, imtahanlarda təklif edilən testlərin analoqlarının şagirdlər və abituriyentlər tərəfindən mənimsənilməsi onların imtahanlara daha yaxşı hazırlaşmalarına real kömək göstərir. Amma «bir güllə ilə iki dovşan vuran» həmin qurumlar bu işdən xeyli gəlir də əldə edirlər. Onlar bu gəlirin hesabına həm də özlərinin maddi-texniki bazalarını möhkəmləndirir, işçilərinin sosial problemlərinin həllinə yardımçı olurlar.

TQDK öz əsasnaməsinin 7.13-cü bəndinə uyğun olaraq hər il «test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodiki vəsaitlər və test topluları hazırlayır və dərc edir və açıq satış yolu ilə abituryentlər arasında yayır. Necə deyərlər, həm özü, həm də abituryentlər qazanırlar...

Ötən ildən başlayaraq Təhsil Nazirliyinin Monitorinq və Qiymətləndirmə Şöbəsi də bu işə girişib. Təhsil Nazirliyi TQDK-dan fərqli olaraq özünə əcaib «təcrübə» yığmağa başlayıb. Bunun da nəticəsində şagirdlər və valideynlər arasında böyük narazılıqlar yaranıb. Burada bir neçə məqam diqqəti cəlb edir. Belə təsəvvür yaranır ki, testlərin indiki formada tərtibi və nəşri, əslində, valideynlərin soymağa hesablanıb. Məsələn, IX sinifdə buraxılış imtahanına hazırlaşan Azərbaycan bölməsinin şagirdinin 6 manata aldığı 216 səhifəlik «Buraxılış imtahanlarının test bankı»nın yarısı rus, yarısı isə Azərbaycan bölməsi üçün testlərdir. XI sinif şagirdlərinin 7 manata aldığı 504 səhifəlik bankın isə ən azı üçdə ikisi lazımsızdır. Çünki məktəblərdə keçilən bütün xarici dillər üzrə testlər bura doldurulub. Sual olunur: Azərbaycan bölməsinin şagirdinin rus bölməsi üçün testlər nəyinə lazımdır? Yaxud, ingilis dilindən imtahana hazırlaşan şagirdin alman, fransız, rus, fars və ərəb dilləri üzrə testlər nəyinə gərəkdir? Bu testləri şagird nəyə görə almalıdır, özü də od qiyətinə və məcburi şəkildə?! Görəsən, həmin layihənin müəllifi - Təhsil Nazirliyinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Təranə Hacıyeva tutduğu bu əməlin məntiqini izah edə bilərmi?

Məsələ bununla da bitmir. Daha bir sual ortaya çıxır: Nəyə görə eyni formatlı 504 səhifəlik kitab 7 manata, 216 səhifəlik kitab isə 6 manata (cəmi 1 manat fərqlə) satılmalıdır? Bu, soyğunçuluq deyilmi?

İkincisi, yuxarıda qeyd etdiyimiz kimi, imtahan məsələləri ilə məşğul olan qurumlar bir qayda olaraq imtahana düşən test tapşırıqlarını deyil, onların oxşarlarını nəşr edirlər. Təhsil Nazirliyinin çap etdirdiyi topluların ikinci səhifəsində isə belə yazılıb: «Diqqət! Yaxın bir neçə dərs ilində buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları bu vəsaitdəki tapşırıqlar əsasında hazırlanacaq!» Özü də bu «prinsipə» ciddi şəkildə əməl də edirlər. Bu xəbərdarlıq açıq-açığına bankların şıdırğı satışına xidmət edir. Amma bunun bir adı dövlətin məxfi test bankını satışa çıxarmaqdırsa, digər adı isə buraxılış imtahanlarının məqsəd və məramını heçə endirməkdir. Əslində, bunu rəsmi «şparqalka» satışı da adlandırmaq olar.

Üçüncüsü, kütləvi tirajla nəşr edilib uşaqlara məktəblərdə 6-7 manata sırınan bu vəsaitlərin satışından əldə olunan gəlirlər hara gedir?


Geri qayıt