Əsas Səhifə > Cəmiyyət > “BİZİM ÖVLADLARIMIZ SIYASI SIFARIŞLƏ HƏBS OLUNUBLAR”
“BİZİM ÖVLADLARIMIZ SIYASI SIFARIŞLƏ HƏBS OLUNUBLAR”21-12-2011, 15:38 |
SİYASİ MƏHBUS ANALARI PREZİDENTƏ MÜRACİƏT ETDİ Səid Dadaşbəylinin “qrupunun” işi üzrə ictimai müdafiə komitəsi prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevaya və Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət ediblər. Bu barədə musavat.com-a adıçəkilən komitədən məlumat verilib. Müraciətdə bu iş üzrə həbs edilənlərin günahsız olduğu, ədalətsiz məhkəmə hökmü ilə azadlıqdan mərhum edilmələri qeyd edilib. Məhkum analar yuxarıda adları çəkilən şəxslərə müraciətində bunları bildiriblər: “Biz Səid Dadaşbəylinin qrupu adlı saxtalaşdırılmış işin qurbanlarının anaları olaraq, Sizə dəfələrlə müraciət etmişik və ümid edirik ki, bu dəfə demokratik Azərbaycanın 20 illiyi münasibəti ilə bu müraciətimizi Sizə çatdırarlar. Əvvəlki müraciətlərimizdə yazdığımız kimi, bizim övladlarımız siyasi sifarişli və saxtalaşdırılmış iş üzrə beş ildir ki, həbs olunublar. Bu beş il müddətində nə biz analar, nə həbs olunanların özləri, nədə ki hökm çıxardan hakim Ənvər Seyidov övladlarımızın günahının nədən ibarət olduğunu nə hökmdə, nə qərarlarda aydınlıq gətirməyib. Övladlarımızın 12-14 il cəza alması biz analarla yanaşı onları tanıyan insanlara bu cavanların uzun müddətli həbsi bu günə kimi müəmmalı qalıb. Biz analar Sizin mərhəmətinizə və rəhminizə sığınaraq, bu müraciəti yazmışıq. Sizdən artıq dərəcədə xahiş edirik ki, əsassız həbs olunmuş övladlarımızın azadlığa buraxılmasına sərəncam verəsiniz və xalqa düşmən kəsilən ədalətsiz hakim Ənvər Seyidov kimi hakimlərin cəzası verilsin”. S.Dadaşbəylinin və onunla birlikdə tutulanlar 2007-ci ilin mart ayında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirilməsini, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), 218.2, (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 228.2.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum ediblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onları siyasi məhbus hesab edir. Geri qayıt |