Əsas Səhifə > Partiya > MÜSAVATDA BAŞQAMLIQ YARIŞMASI

MÜSAVATDA BAŞQAMLIQ YARIŞMASI


21-12-2011, 12:49
MÜSAVATDA BAŞQAMLIQ YARIŞMASI

İSA QƏMBƏRDƏN SONRA KİM SÜKAN ARXASINA KEÇƏCƏK?

Müsavat Partiyasının qurultay tarixi yanvarın 8-də elan olunacaq. musavat.com-un məlumatına görə, bu barədə Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib. Onun sözlərinə görə, həmin tarixdə keçiriləcək Məclisin toplantısında partiyanın seçkili orqanlarına iddialı namizədlərin ərizələrinin qəbul vaxtı da açıqlana bilər.

Müsavat başqanlığına partiyanın Məclis sədri Arzu Səmədbəyli və Divan üzvü Qubad İbadoğlunun da namizədliyinin irəli sürüləcəyinə dair məlumatlara münasibət bildirən T. Yaqublu deyib ki, partiyada başqanlığa layiq kifayət qədər insan var: “Müsavat Partiyasında Azərbaycanda fəaliyyət göstərən partiyaların heç birində olmayan bir qayda var. Biz seçkili orqanlara namizədliyin irəli sürülməsini rəsmən açıqlayırıq. İddiaçılar rəsmən qeydiyyatdan keçir. Hansı posta neçə namizədin iddialı olduğu o zaman ortaya çıxacaq. Sonra təbliğat kampaniyası başlayır. Hələlik bu mərhələyə çatmadığımızdan başqanlığa namizədliklə bağlı konkret şəxslərin adı açıqlanmayıb. Hələlik Arif Hacılı başqanlığa namizədliyini irəli sürəcəyini bəyan edib. Arif Hacılı partiyamızın əsas simalarından biridir”.

Qeyd edək ki, qurultayın tarixi hələ açıqlanmasa da Müsavat başqanlığına namizədlərdən birinin adı müəyyənləşib. A. Hacılı başqan postuna namizədliyini irəli sürəcəyini bəyan edib. Vicdan məhbusu T. Abbaslı məhbəsdən qurultay nümayəndələrini A. Hacılıya səs verməyə çağırıb. Müsavat başqanı İsa Qəmbər isə partiyanın nizamnaməsinə əsasən növbəti dəfə başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan edib.


Geri qayıt