Əsas Səhifə > Ölkə > "BAKIELEKTROQAYNAQ"DA TALAN VAR

"BAKIELEKTROQAYNAQ"DA TALAN VAR


1-07-2013, 17:02
"BAKIELEKTROQAYNAQ"DA TALAN VAR
DÖVLƏT QURUMLARI TALANI HİMAYƏ EDİR

Bu gün “Bakelektroqaynaq” ASC-nin bir qrup səhmdarı mətbuat konfransı keçirib. Tədbirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Vergilər Nazirliyinin ünvanına ciddi ittihamlar səsləndirilib. Onların fikrincə, bu qurumlar Mülki Məcəllə və Vergi Məcəlləsini kobud şəkildə pozan əsas səhmdara himayədarlıq edir.

2009-cu ildən minoritarlar “Bakelektroqaynaq” ASC-nin idarəçiliyindən uzaqlaşdırılıb. Səhmdarların ümumi yığıncağı bir neçə dəqiqə çəkir. Təşkilatçılar illik hesabat və maliyyə hesabatı vermir, səhmdarları sual vermək, çıxış etmək hüququndan məhrum edir, tezcə səsvermə keçirib salonu tərk edirlər, deyə səhmdar Şahin Əlizadə bildirib.

Bu il ümumi yığıncaq öncəsi səhmdarlar QKDK-ya müraciət ediblər ki, pozuntuların qarşısını almaq üçün tədbirdə iştirak etsinlər. QKDK bundan imtina edib və əvvəlki illərin ssenarisi təkrar olunub. QKDK dəvətə baxmayaraq, mətbuat konfransına da nümayəndə göndərməyib, deyə səhmdar Hafiz Babalı bildirib. Onun sözlərinə görə, QKDK ASC-nin hamisi “Baku Steel Company”nin tərəfini saxlayır. Səhmdarlar yenidən onların hüquqlarının qorunması üçün qiymətli kağızlar bazarı üzərində nəzarət orqanına müraciət edib.

Səhmdar Vəzir Rəcəbov bildirir ki, maliyyə hesabatı verilməməsinin səbəbi budur ki, “Bakelektroqaynaq” ASC vergi qanunvericiliyini kobudcasına pozaraq öz mülkiyyətini “Baku Steel Company”yə su qiymətinə icarəyə verir. Vergilər Nazirliyi isə buna göz yumur, deyə səhmdar Şəmsəddin Allahverdiyev bildirib.

“Bakelektroqaynaq” ASC 1998-ci ildə özəlləşdirilib. Nizamnamə kapitalı 20 mln manatdır. Səhmlərinin 98%-i “Baku Steel Company”yə məxsusdur. Qalan 2% 39 fiziki şəxs arasında bölünüb. “Baku Steel Company”nin istehsal gücü ildə 700 min ton metal məhsuludur.

Turan ittihamlarla bağlı QKDK və Vergilər Nazirliyinə müraciət edib. QKDK mətbuat xidmətinə hadisəni şərh etməyiblər və yazılı məktub tələb ediblər. Vergilər Nazirliyində isə bildiriblər ki, qısa müddətə bu məsələ araşdırılacaq. Məcəllə pozuntusu aşkarlansa, qanunun tələb etdiyi tədbirlər görüləcək.

Geri qayıt