Əsas Səhifə > Siyasət, Manşet > DAHA BİR BAŞÇI FIRILDAQDA İTTİHAM OLUNUR

DAHA BİR BAŞÇI FIRILDAQDA İTTİHAM OLUNUR


1-07-2013, 14:53
DAHA BİR BAŞÇI FIRILDAQDA İTTİHAM OLUNUR
SİYƏZƏNİN ŞEFİ ARİF QASIMOV PƏRVİZ MUSTAFAYEVƏ 11.000 MANAT “ATIB”

DİA.AZ: - Məlum olduğu kimi bu gün ölkə ictimaiyyəti tərəfindən daha çox müzakirə olunan mövzulardan biri də məmur özbaşınalığı, vətəndaşların vəzifəli şəxslər tərəfindən incidilməsi problemidir. Hətta ölkə prazidenti tərəfindən harınlamış məmurların kəskin şəkildə tənqid olunması da gözlənilən nəticələri verməyib. Bəziləri isə bu tənqiddən ümumiyyətlə heç bir nəticə çıxarmayıblar. Həm də bu tip problemlər daha çox bölgələrdə öz aktuallığı ilə diqqəti cəlb edir. Bu xüsusda bəzi yüksək vəzifəli dövlət məmurlarının inşaat işlərində çalışan usta və fəhlələrin əmək haqqlarını mənimsəməklə özləri üçün əlavə gəlir mənbəyi yaratmaları da artıq yenilik deyildir.

DİA.AZ-a yeni daxil olmuş şikayət ərizəsində vətəndaş Pərviz Mustafayev məlum edir ki, o da bu yaxınlarda belə bir məmur özbaşınalığının qurbanı olmuşdur. P.Mustafayevə qarşı olan haqsızlıq isə Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən törədilmişdir. Öz ərizəsində Pərviz Mustafayev bildirir ki, bir müddət bundan əvvəl o, Siyəzən rayonunda aparılan abadlaşdırma işlərinin bir hissəsinin icrasına dair RİH rəhbərliyindən sifariş almışdır.

Razılaşma bilavasitə RİH-nin başçısı Arif Qasımov ilə aparılan danışıqlar nəticəsində əldə olunsa da, başçı ilə birbaşa görüş Arif müəllimin müavini Tariyel Tahirovun vasitəçiliyi ilə baş tutmuşdur. Hər necə olsa da, Pərviz Mustafayev rayonun girəcəyindəki müəyyən obyektlərin divarlarının aqlay daşla üzlənməsinə dair sifarişi alır. Eyni zamanda P.Mustafayev ərizədə qeyd edir ki, onun hissə-hissə alıb icra etdiyi işlərin hər birinin həcmi ayrılıqda elə də böyük olmayıb. Bu isə, sonradan məlum olduğu kimi, məhz Tariyel Tahirovun maraqlarına xidmət edən bir məqam olub. Şikayətçi göstərir ki, işlərin ilk mərhələsi tamamlandıqdan sonra RİH tərəfindən müvafiq ödənişin həyata keçirilməsində heç bir problem olmayıb.

Lakin sonradan başçının müavini növbəti sifarişlərin alınması üçün bəzi yeni şərtlər irəli sürüb. Daha dəqiq desək, Tariyel Tahirov iş icraçısından növbəti sifariş üçün 5000 (beş min) manat məbləğində rüşvət və ya “şapka” istəyib. Pərviz Mustafayev işsiz qalmaqdansa, bu tələblə razılaşmağa üstünlük verib. Beləcə “qarşılıqlı əməkdaşlıq” bir müddət insidentsiz davam edib. Lakin sonradan, RİH tərəfindən görülən işlərə görə pul ödəmələrini həyata keçirən T.Tahirov bu əməliyyatlarda da müəyyən gecikmələrə yol verməyə başlayıb. Vəziyyəti isə başçının müavini Pərviz Mustafayevə belə izah edib ki, guya o, yaranmış borcları gələcək sifarişlər üçün almalı olduğu “şapka”ların hesabına bağlayacaq. Lakin bir müddət sonra nəzərdə tutulan bütün işlər tamamlanıb.

Həmin vaxta RİH-nin Pərviz Mustafayevə olan borcu isə 11000 (on bir min) manat təşkil edib. Şikayətçi daha sonra öz ərizəsində bildirir ki, Tariyel Tahirovun yaranmış borcu ödəməyəcəyinə əmin olduqdan sonra o, başçı Arif Qasımovla görüşmüşdür. Onun sözlərinə görə ilk əvvəl Arif müəllim öz müavinini yol verdiyi “səhlənkarlığa” görə danlayaraq, borcu ödəməsini qəti şəkildə tapşırır. Lakin bundan sonra Tariyel Tahirov başçı ilə təklikdə qısa bir söhbət aparır.

Məhz bu söhbətin nəticəsi olaraq isə Arif Qasımov məsələyə ilkin münasibətini dəyişərək, Pərviz Mustafayevə problemi onun müavini ilə razılığa gələrək həll etməyi məsləhət görür. Həm də baş verənlərə görə heç bir məsuliyyət daşımayacağını bildirmək üçün, Arif müəllim bu məsələyə heç bir aidiyyatı olmadığını bəyan edir. Hələ də öz pulunu ala biməyən Pərviz Mustafayev isə rayonda baş verənlərə görə məsuliyyət daşımaqdan imtina edən RİH rəhbərliyindən hara şikayət edəcəyini belə təsəvvür etmir...

Geri qayıt