Əsas Səhifə > Sosial, Manşet > MALİYYƏ NAZİRİNİN MAXİNASİYALARI

MALİYYƏ NAZİRİNİN MAXİNASİYALARI


21-12-2011, 11:55
MALİYYƏ NAZİRİNİN MAXİNASİYALARI

BANKLAR SAMİR ŞƏRİFOVDAN SIĞORTA YOLLARINI ARAYIR

DİA.AZ: - Azərbaycanın bank və sığorta sistemində mövcud olan ədalətsizliklər haqqında son günlər mətbuatda ardı-arası kəsilməyən informasiyalar dərc olunmaqdadır. Ölkənin bank sektorundakı özbaşınalıqlar haqqında redaksiyamıza daxil olan məlumatları araşdırdıqda məlum olur ki, bank sektorunun azad rəqabətinə, sığorta sisteminin inkişafına mane olan əngəllər bir nöqtədən qaynaqlanlır. Bu nöqtə isə ölkənin baş maliyyə qurumu olan, daha doğrusu bu sahədə tənzimləyici vəzifəni daşımalı olan Maliyyə Nazirliyi - bu qurumun rəhbəri Samir Şərifovdur.

Ölkə mətbuatında Samir Şərifovun bank sektorunda monopoliya yaratması haqda dəfələrlə yazılar dərc olunub. Bu informasiyanın mahiyyəti belədi ki, Maliyyə Nazirliyi büdcədən maliyyələşən təşkilatları «KapitalBank»a keçirmək haqda rəsmi göstəriş verib, maliyyə idarələrinə yalnız və yalnız «KapitalBank» ASC ilə işləmək tövsiyə olunub. Bu isə bank sektorunda monopoliyadan, büdcə təşkilatlarının bank əməliyyatlarının «KapitalBank»da aparılmasına təhrik etməkdən, bu bankı monopolist banka çevirmək deməkdir.

Belə bir siyasətin təzahürləri də özünü çox gözlətməyib.

«KapitalBank» ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov «Banklar və biznes» jurnalına verdiyi müsahibəsində faktiki ölkənin bank sektoruna meydan oxuyub, onlara yaradılan şəraitdən söz açıb. E. Məmmədov bir faktı açıqlayıb ki, «KapitalBank» ASC hazırda 2 milyondan artıq aktiv plastik kartla bu sahədə ölkənin lider bankıdır. Təkcə bu cümlə yuxarıda qeyd olunduğu kimi «KapitalBank» ASC-yə xüsusi münbit şərait yaradılmasını təsdiqləyir.

Maraqlı məqamlardan biri də Samir Şərifovun bank sektoruna zərbə vurması ilə yanaşı sığorta sistemində də nəzarəti həyata keçirməsi ilə bağlıdır. Bu gün faktiki ölkənin sığorta bazarını ələ keçirməyi qarşısına məqsəd qoyan maliyyə naziri iki böyük şirkətin sahibidir. Bunlardan biri «Azre» adlı təkrar sığorta şirkətidir. İkincisi isə «Qala sığorta»dir ki, bu şirkət də həyat sığortası ilə məşğuldur. S. Şərifov sahibi olduğu sığorta şirkətləri ilə ölkənin sığorta biznesinə nəzrət etməklə, həm bu sahədə rəqabəti zəiflədir, həm də sözügedən sahədə əlavə şəxslər və qurumlar tərəfindən fəaliyyətin həyata keçirilməməsi üçün təzyiqlər edir.

Maliyyə naziri ilə bağlı maxinasiya xəbərləri ölkə sərhəddindən kənardan da gəlir. Rusiyada dərc olunan «Novaya qazeta»nın veb-səhifəsində qeyd olunur ki, hələ 2007-ci ildə Nijni Novqorod şəhərində hansısa «Eksklüziv İnvestment» adlı Qapalı Səhmdar Cəmiyyəti peyda olub. Şirkətin baş direktoru yerli astroloq və münəccim Yuri Demidanov olsa da, əsl sahibi sən demə, Bakı şəhərindən olan bir azərbaycanlı imiş. rusiya mətbuatında qeyd edildiyi kimi, hələ 1994-cü ildə «Bankın təşkilati strukturunun formalaşma proseslərinin idarə edilməsi» adlı dissertasiya yazan Namiq Xəlilovun Nijni Novqorod şəhərində yaratdığı «Eksklüziv İnvestment» adlı Qapalı Səhmdar Cəmiyyət şəhər sakinlərinin etimadını qazanaraq, 2007-ci ildən 2010-cu ilədək onların vəsaitləri ilə maliyyə maxinasiyası ilə məşğul olubmuş.

«Novaya qazeta»nın verdiyi məlumata görə, üç il işlədiyi müddətdə maliyyə piramidası 1 milyard rubl, yəni, təxminən 30 milyon manat vəsait toplaya bilib. Ancaq dividentləri ödəməyi dayandırıb. Sonra «Eksklüziv İnvestment» Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru münəccim Demidanov həbs olunsa da, şirkətin sahibi N.Xəlilov hələ də azadlıqdadır və o, istintaq orqanının 5509 saylı qərarı ilə axtarışa verilib. İşin ən sensasion tərəfi isə Rusiyanın ən böyük şəhərlərindən Nijney Novqorodda fırıldaqçılıqla, maliyyə maxinasiyaları ilə insanların milyonlarını ələ keçirməklə məşğul olduğu iddia edilən bu şəxs- N.Xəlilov Maliyyə Nazirliyində Dövlət Sığorta Nəzarəti Şöbəsinin müdiri işləyib.

Bir məqamı da qeyd edək ki, Samir Şərifovun apardığı siyasət artıq Mərkəzi Bank və Beynəlxalq Bank kimi ciddi qurumları da narahat etməyə başlayıb. Yuxarıda qeyd etdiyimiz kimi büdcə hesabları «Beynəlxalq Bank»dan alınandan sonra Cahangir Hacıyevlə Samir Şərifovun münasibətləri daha da gərginləşib. Və həmçinin bu proses «Beynəlxalq Bank»a xeyli zərər vurub.

Bu nazirlikdə baş verənlər, daha doğrusu qanunsuz, ədalətsiz, azad rəqabətə zidd qərarlar haqqında Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən sızdırılan informasiyalar redaksiyamıza daxil olduqca oxuculara çatdıracağıq.


Geri qayıt