Əsas Səhifə > Gündəm, Manşet > NAZİRLƏR KONFLİKTƏ SON QOYDULAR

NAZİRLƏR KONFLİKTƏ SON QOYDULAR


20-12-2011, 15:20
NAZİRLƏR KONFLİKTƏ SON QOYDULAR

ZİYA MƏMMƏDOVLA KƏMALƏDİN HEYDƏROVU PREZİDENT BARIŞDIRIB

DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədov ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun arasında problemlərin olması barədə hələ xeyli əvvəldən yerli qəzetlərimizdə müxtəlif informasiyalar alıb. Bu günlərdə yayılan xəbərlərin birində isə vurğulandı ki, davamlı olaraq maraqları toqquşan bu iki nazir hətta bir-biriləri ilə danışmırlar, küsülüdürlər.

Bu barədə verilən xəbərdə bildirilirdi ki, Kəmaləddin Heydərovla Ziya Məmmədovun münasibətlərinin üzdə də qaydasında olmadığı bildirilir. Mötəbər mənbə iddia edirdi ki, hətta nazirlər küsülü də hesab oluna bilərlər. «Onlar çalışırlar ki, yanaşı dayanmasınlar və eyni mövzunun həmsöhbətinə çevrilməsinlər» deyən mənbə onu da iddia etdi ki, hətta bu günlərdə baş tutan tədbirlərin birində yanaşı durmaq məcburiyyətində qalan nazirlər öz aralarında kəlmə də kəsməyiblər.

Onu da xatırladaq ki, Kəmaləddin Heydərov bir zamanlar eyni qaydada keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə də münasibət gərginliyi yaşayırdı. Hazırda Fərhad Əliyev həbsxanadadır. Kəmaləddin Heydərov isə həmin ərəfədə mətbuata verdiyi açıqlamada bu faktları təkzib edirdi və hətta bu kimi yazıları Fərhad Əliyevlə birgə oxuyaraq güldüklərini söyləyirdi. Onun əksinə olaraq Fərhad Əliyev təkzib etməmişdi və sonradan qolları qandallandı.

İndi isə Ziya Məmmədovla Kəmaləddin Heydərov danışmırlar. Hər halda, bu mənzərə hakim komanda üçün arzuolunan deyil. Ya onların hər ikisi eyni vaxtda «yox, biz küsülü deyilik» açıqlamasını verəcək, ya da ikisindən biri ən azından hakim komandadan çıxdaş olunacaq.

Çünki Əliyev dövlətin başına keçdikdən sonra məhz komandasında vahid rəyi formalaşdırmağa çalışıb. Elə buna görədir ki, bir neçə il əvvəl təhsil naziri Misir Mərdanovla küsülü olan, ona qarşı mübarizə aparan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev görəvindən alınaraq «mədəni sürgünə» göndərildi.

Redaksiyamıza daxil olan son məlumatlardan isə aydın olur ki, artıq nazirlər arasında sülh əldə olunub. Bu barədə Nazirlər Kabinetindəki qaynağın «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) bildirdiklərindən belə aydın olur ki, oliqarxlar bir araya könüllü gəlməyiblər:

«Bu günlərdə prezidentin yanında toplantı keçirilib. Həmin toplantıda nazirlər yenə də bir-birilərindən qaçıblar və bu hal da prezidentin diqqətindən yayınmayıb. Daha sonra hər iki nazir saxlanılıb və prezident onlara sonuncu dəfə xəbərdarlıq edib».

Mənbə iddia edir ki, prezident oliqarx-məmurlara konfliktdə olan digər hakim komanda üzvlərinin aqibətini xatırladıb: «Və onlara münasibətlərindəki gərginliyi aradan qaldırmalarını tapşırıb. Bundan sonra hər iki nazir heç bir problemin olmadığını bildiriblər. Və beləcə barışıq əldə olunub».

Mənbə onu da bildirdi ki, barışan nazirlər sonra bir yerdə nahar ediblər: «Dünən isə Ziya Məmmədov Kəmaləddin Heydərova yeni il hədiyyəsi olaraq qiyməti təxminən 180 min dollar olan son model «mercedes» markalı avtomobil bağışlayıb. Təbii ki, bu hədiyyəyə qarşılıq olaraq Kəmalədin Heydərovun da uyğun cavabı olacaq».

Onu da bildirək ki, nazirlər arasındakı gərginlik dövründə Heydərova yaxın mətbuatda NN şefinə qarşı çox ciddi kampaniya aparılırdı. Son günlər isə bu kampaniya da yığışdırılıb. Hətta Kəmaləddin Heydərovun kurasiyasında olan KİV-də Ziya Məmmədovun lehinə olan, onu təbliğ edən informasiyaların da sayı artıb.


Geri qayıt