Əsas Səhifə > Cəmiyyət > İSA QƏMBƏRDƏN BEYNƏLXALQ TƏŞKİLATA SƏRT REAKSİYA

İSA QƏMBƏRDƏN BEYNƏLXALQ TƏŞKİLATA SƏRT REAKSİYA


20-12-2011, 14:48
İSA QƏMBƏRDƏN BEYNƏLXALQ TƏŞKİLATA SƏRT REAKSİYA

«VENESİYA KOMİSSİYASI HAKİMİYYƏTLƏ QAPALI DANIŞIQLAR APARIR»

Avropa Şurasının Venesiya Komissiyası «Siyasi partiyalar haqqında» qanununa dəyişikliklər layihəsi barədə rəyini açıqlayıb.

Rəydə bildirilir ki, dəyişikliklər siyasi partiyaların fəaliyyətinin daha dəqiq tənzimlənməsini nəzərdə tutur. Amma boşluqlar qalmaqdadır. Orada siyasi partiyaların öz vəsaitlərini xərcləməsinə nəzarət, o cümlədən şəxsi ianələr və korrupsiyanın qarşısının alınması üçün effektiv tədbirlər yoxdur. Üstəlik, ictimaiyyətə açıqlanmalı olan maliyyə məlumatları aydın göstərilməyib.

Venesiya Komissiyası həmçinin deyir ki, onların 2004-cü ildə verdiyi rəydə müəyyən edilən bəzi problemlər həllini tapmayıb. Bura korrupsiya ianələrinin qarşısının alınması tədbirlərinin səmərəsizliyi, özəl ianələrlə əlaqədar həmkarlar ittifaqlarına qarşı mümkün diskriminasiya daxildir.

Venesiya Komissiyasının daha bir tənqidi xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin siyasi həyatdan təcrid olunmasıdır.

Komissiyanın 2004-cü ildəki rəyində qeyd edilib ki, qanunun müddəaları siyasi partiyadan konstitusiya quruluşuna qarşı hər hansı akt törətməməyi tələb edir. Bu müddəadan dinc yolla təməl konstitusion dəyişikliklərə çalışan partiyanın qeydiyyata alınmaması və ya ləğvi üçün istifadə oluna bilər.

İndiki rəydə də deyilir ki, qanuna dəyişikliklər bu ehtimalı nəinki azaltmadı, əksinə, artırır. Bu isə Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna ziddir. Yalnız müzakirələrindən sonra mətnə «zorakı yolla dəyişmək» ifadəsi salınıb. Komissiya bunu müsbət addım kimi qiymətləndirir.

Təklif olunan dəyişikliklərdə habelə siyasi partiya üzvlərinin minim sayı 1000-dən 5000-ə qaldırılır. Komissiya bunu məqbul saymır. Üstəlik, hesab edir ki, dəyişikliklər ediləndən sonra yeni qanun etnik azlıqları təmsil edən partiyaların yaradılmasını çətinləşdirə bilər.

Siyasi partiyaların ləğvinə gəlincə, Venesiya Komissiyası düşünür ki, qanunda bunu hansı icra orqanının həyata keçirəcəyi göstərilməlidir. Bu orqan tərəfsiz və hökumətdən asılı olmamalıdır.

«Venesiya Komissiyası öz mandatını bəhanə gətirərək Azərbaycan hakimiyyəti ilə yenə də qapalı rejimdə danışıqlar aparır, rəy yazıb göndərir».

Müsavat başqanı İsa Qəmbər AzadlıqRadiosuna belə deyib.

İ.Qəmbər hakimiyyətin təkliflərindən narahatdır. Onun fikrincə, hakimiyyət birpartiyalı cəmiyyətə doğru addım atmağa çalışır: «Bu da yolverilməzdir».

Amma partiya başqanı Venesiya Komissiyasının davranışından da narazıdır. Onu şəffaf olmamaqda günahlandırır:

«Azərbaycan hakimiyyəti «Siyasi partiyalar haqqında» qanuna dəyişikliklər etməyə hazırlaşır. Bu dəyişikliklər ölkədəki siyasi qüvvələrlə, ictimaiyyətlə müzakirə olunmur. Elə bil gizli bir əməliyyat həyata keçirirlərmiş kimi bir layihə hazırlayıb Venesiya Komissiyasına göndərirlər, rəy almağa. Venesiya Komissiyası da öz mandatını bəhanə gətirərək Azərbaycan hakimiyyəti ilə yenə də qapalı rejimdə danışıqlar aparır, rəy yazıb göndərir. Halbuki Venesiya Komissiyası Avropanın demokratiya ilə bağlı əsas təşkilatının komissiyası olaraq açıq, şəffaf fəaliyyət göstərməlidir. Gəlib Azərbaycanda siyasi partiyalarla bu qanun layihəsini müzakirə etməlidir, məsləhətləşməlidir, fikir almalıdır, fikir etməlidir. Bunu etmədən bir rəy yazıb göndərirlər. Yəni, proseduralar düzgün deyil. Azərbaycan hakimiyyətindən bir şey gözləməsək də, Venesiya Komissiyasını demokratik bir struktur hesab etmək istərdik. Təəssüf ki, son illərdə Venesiya Komissiyası bu şəkildə işləməklə prosesə müsbət təsir göstərməyib».

Müsavat deputat qrupu bir neçə il öncə «Siyasi partiyalar haqqında qanun»a düzəliş və əlavələrlə bağlı təkliflərini parlamentə təqdim edib.

İ.Qəmbər bunu da deyir ki, Müsavat Partiyası yeni dəyişikliklərdən çəkinmir:

«5 min yox, 50 min üzv də tələb etsələr, Müsavat Partiyası onu təqdim edəcək. Şərtləri nə qədər ağırlaşdırsalar da, Müsavat aparıcı partiya olaraq özünün rolunu, gücünü ortaya qoya biləcək. Biz bu etirazları edərkən Azərbaycan cəmiyyətinin maraqlarını nəzərə alırıq».


Geri qayıt