Əsas Səhifə > Ölkə > 2 APREL MƏHBUSLARI İLƏ GÖRÜŞƏ İCAZƏ VERİLMİR

2 APREL MƏHBUSLARI İLƏ GÖRÜŞƏ İCAZƏ VERİLMİR


20-12-2011, 14:39
2 APREL MƏHBUSLARI İLƏ GÖRÜŞƏ İCAZƏ VERİLMİR

SON GÖRÜŞ OKTYABR AYINDA OLUB

Bakı Apellyasiya Məhkəməsi 2 aprel məhbusu, Müsavat başqanının müavini Arif Hacılıya ailə üzvləri ilə görüş vermir. Məlumatı “Media forum” saytına Arif Hacılının qardaşı Mustafa Hacıbəyli verib. Onun sözlərinə görə, ailə üzvləri Arif Hacılı ilə son dəfə oktyabr ayında görüşüb: “Həyat yoldaşı və mən dəfələrlə görüşə icazə verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etsək də, Arif Hacılı ilə görüşə bilməmişik”.

Mustafa Hacıbəyli deyib ki, eyni problemi digər 2 aprel məhbusu, Müsavatın Gənclər Təşkilatının sədri Tural Abbaslı da yaşayır: “Turalın anasının görüş üçün Bakı Apellyasiya Məhkəməsinə davamlı müraciətləri nəticəsiz qalır. O, oğlu ilə sonuncu dəfə oktyabr ayında görüşə bilib”.

Arif Hacılı və Tural Abbaslı aprel ayından həbsdədirlər. Onlar müxalif İctimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi aksiyaya görə tutulublar. Oktyabrın 3-də Səbail Rayon Məhkəməsi Arif Hacılı və Tural Abbaslını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsi bu hökmləri qüvvədə saxlayıb.

Hər iki məhbus Bakı İstintaq Təcridxanasında saxlanır.


Geri qayıt