Əsas Səhifə > Ölkə > AYDIN CANIYEV BAKIYA GƏTİRİLİB

AYDIN CANIYEV BAKIYA GƏTİRİLİB


26-09-2011, 13:27
AYDIN CANIYEV BAKIYA GƏTİRİLİB

JURNALİST İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜB

“Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev Bakı İstintaq Təcridxanasına köçürülüb. Məlumatı “Media forum” saytına jurnalistin qardaşı Şahəddin Canıyev verib. O qeyd edib ki, Lənkərandan Bakıya aparılandan sonra ailənin Aydın Canıyevin durumundan xəbər tutması mümkünsüzdür. Qardaşı əlavə edib ki, maddi imkanları olmadığından Aydın Canıyevə vəkil tuta bilmirlər.

Aydın Canıyev sentyabrın 8-də Lənkəranın Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə cinayət işi qaldırılıb və sentyabrın 20-də Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

Aydın Canıyev 1968-ci ildə Lənkəranda doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin bir çox populyar nəşrlərinin reportyoru, köşə yazarı olub.

Sentyabrın 26-da “Media forum” saytına açıqlama verən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyib ki, redaksiyanın müraciəti əsasında Aydın Canıyevin hüquqlarını qorumağı Media Hüquqları İnstitutu boynuna götürüb.


Geri qayıt