Əsas Səhifə > Şou-biznes > RÖYA PROKURORLUĞA ŞİKAYƏT ETDİ

RÖYA PROKURORLUĞA ŞİKAYƏT ETDİ


20-12-2011, 12:35
RÖYA PROKURORLUĞA ŞİKAYƏT ETDİ

MÜĞƏNNİ “AZERCELL”DƏN ŞİKAYƏTÇİDİR

Müğənni Röya Azərbaycanın baş prokuroru Zakir Qaralova şikayət edib. Bu barədə APA-ya məlumat verən müğənni Röyanın mətbuat katibi və hüquqi işlərdə səlahiyyətli nümayəndəsi Ülviyyə Alovlu deyib ki, sənətçi ifaçılıq sənətinin məhsulu olan mahnılarından və adından icazəsiz istifadəyə görə “Azercell” şirkətindən şikayətçidir və bu səbəbdən baş prokurorun ünvanına şikayət ərizəsi yazıb.

Ü. Alovlu deyib ki, bu qanun pozuntusu artıq 10 ildir davam edir: “Bu cinayətin qarşısı alınmayınca, Röyaya vurulan ziyan ödənilməyincə, biz hüquqlarımızın bərpasını tələb edəcəyik”.

Baş Prokuror Zakir Qaralova ünvanlanan müraciətdə bildirilir: “Azərbaycan Respublikasının Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunun 15-ci (Əmlak (iqtisadi) hüquqları) maddəsinin 3-cü bəndinə əsasən Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir. Lakin, Azercell Telekom MMC mənim müəllif hüquqlarımı kobud surətdə pozaraq, ifa etdiyim mahnıları mənimlə razılaşdırmadan müştərilərinə təqdim etdiyi “Zəngimcell” xidmətlərində istifadə edir. Nəticədə, mənə külli miqdarda maddi və mənəvi zərər vurulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165-ci (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) maddəsinə əsasən, folklor nümunələrindən istifadə tələblərinin pozulması, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa, əmlakı müsadirə olunmaqla şərti maliyyə vahidinin yüz əlli mislindən beş yüz əlli mislinədək miqdarda cərimə və ya altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır. Səlahiyyətləriniz çərçivəsində bu qanun pozuntularını aradan qaldırmağınızı və “Azercell Telekom” MMC-nin vəzifəli şəxslərini törətdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb etməyinizi xahiş edirəm”.

Onu da əlavə edək ki, məsələ ilə bağlı “Azercell” şirkətinin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.

Geri qayıt