Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SALYANDA SARAYDAXİLİ ÇƏKİŞMƏ

SALYANDA SARAYDAXİLİ ÇƏKİŞMƏ


22-06-2013, 10:13
SALYANDA SARAYDAXİLİ ÇƏKİŞMƏ
İCRA BAŞÇISI KİMLƏRİ "VURUR"?

Salyan rayonunda məmurlar arasında ciddi mübarizə gedir. JAM.AZ-a verilən məlumatda deyilir ki, icra başçısı Tahir Kərimov müavini Etibar Hüseynov və polis rəisi namiq Həsənovla yola getmir. Və bu səbəbdən də onlara qarşı mətbuatda müxtəlif formada kampaniyalar təşkil etdirir.
Qeyd edilir ki, icra başçısı özünün birinci müavini Etibar Hüseynovla ümumiyyətlə, yola getmir. Amma onu işdən çıxarmağa da açıq şəkildə cəsarət etmir. Bunun səbəblərini izah edən mənbə bildirir ki, Hüseynov Salyanda tərəfdarı olan adam kimi tanınır. Həmçinin onun uzun illər bu postda çalışması böyük pullar yığmasına gətirib çıxarıb. Xüsusən də son Kür daşqınlarından sonra dövlət büdcəsindən ayrılmış pullara nəzarət onu daha da varlandırıb.
JAM.AZ-a danışan mənbə iddia edib ki, Tahir Kərimovun Etibar Hüseynovla yola getməməsinin bir başqa səbəbi də rayonda dövr edən pullara nəzarəti əldən verməsi ilə bağlıdır. Çünki icra başçısının birinci müavini bütün gəlirli sahələri əlində saxlamaqla yanaşı, əldə olunan pulları da özünə götürməklə Tahir Kərimovu gəlirsiz qoyub. Pulları bölüşdürə bilməyən tərəflər isə vaxtaşırı bir birlərinə qarşı kampaniyalar təşkil etdirərək, elə bir birlərini də «susdurmağa» çalışırlar.
Amma Tahir Kərimovun yola getmədiyi bir başqa məmur daha var. JAM.AZ-a verilən məlumatda vurğulanır ki, Salyanın icra başçısı rayonun polis rəisi Namiq Həsənovla da bağlı mətbuata dolayı yollarla məlumatlar ötürür. Hətta bu yaxınlarda mətbuata rəisin evinin önündə xüsusi lift çəkdirməsinə dair fotoşəkillərin də mətbuata çıxarılmasına icra başçısı səbəb olub. O da iddia edilir ki, həmin fotoşəkili icra başçısının yaxın adamlarından biri sayılan və Salyan rayon İcra Hakimiyyətində çalışan Rəşad adlı şəxs çəkibmiş.
Qeyd edək ki, Tahir Kərimovla Namiq Həsənov arasında baş qaldırmış savaşın dəqiq səbəbləri məlum deyil. Amma bilinən odur ki, Salyanın icra başçısı Həsənovdan öncəki polis rəisinə də qarşı eyni addımları atmışdı. Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədovla yola getməyən icra başçısı onun işdən çıxarılmasına nail olmuşdu. Amma görünən odur ki, Namiq Həsənov daha bərk fiqurdur ki, icra başçısının dişi ona batmır.
Əslində, baş qaldırmış bu prosesdən itki ilə çıxanlar da az deyil. Elə icra başçısının birinci müavini Etibar Hüseynovun da Tahir Kərimova qarşı analoji addımlar atması icra başçısının sıxıntıya düşməsinə gətirib çıxarıb. Amma ən böyük zərbə isə Kərimovun köməkçisi və yaxın qohumunun işdən çıxarılması ilə dəyib. JAM.AZ-a verilən məlumatlara görə, Tahir Kərimovun ən yaxın adamı, rayonda həyata keçirilən bütün tikinti və abadlıq işlərini həyata keçirən Kamran Həsənov antikorrupsiyanın qurbanı olub. Məlumatda deyilir ki, antikorrupsiya əməliyyatı zamanı Salyan rayon torpaq şöbəsinin müdiri Oqtay Quliyev və onun köməkçisi Yusif Dadaşovun həbs edilməsi K.Həsənovun işindən uzaqlaşdırılması ilə nəticələnib. Salyanlılar qeyd edirlər ki, Qarabağ veteranı olan şəxsin şikayəti əsasında adıçəkilən şəxslər həbs olunublar.
Şöbə müdirinin iş otağında aparılan araşdırmalar zamanı onun qeyd kitabçası üzə çıxıb. Məlum olub ki, O.Quliyevin kitabçasında kimlərə “haqq” verəcəyinin siyahısı olub və burada icra başçısının köməkçisinin də adına rast gəlinib. Təkcə bu fakt kifayət edib ki, T.Kərimov öz qohumu olan ən vacib kadrı ilə vidalaşsın. K.Həsənovun adının rüşvətxor şöbə müdirinin qeyd kitabçasında olması onun vəziyyətini ağırlaşdırıb. Həbs təhlükəsinin olduğunu dərk edən icra başçısı dərhal onu işindən azad edib ki, bu məsələ ört-basdır olsun.

Geri qayıt