Əsas Səhifə > Gündəm, Manşet > ŞİRVAN SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ

ŞİRVAN SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ


21-06-2013, 11:48
ŞİRVAN SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
ŞAHMAT MƏKTƏBİNİN DİREKTORU ŞİRVANDA ƏMƏLLİ-BAŞLI BAZAR AÇIB

DİA.AZ: - Şirvan şəhəri 20 Yanvar küçəsi ev 6 ünvanında yaşayan Məmmədzadə Safura Murtuz qızı prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən həmin müraciətdə deyilir:

«Möhtərəm prezident. Mən Məmmədzadə Safura Murtuz qızı 8 ildir ki, Şirvan şəhər Şahmat məktəbində metodist vəzifəsində işləyirdim. 25 may 2013-cü il tarixdə Şahmat məktəbinin direktoru Əlizamin Kərimov mənə bildirdi ki, iyunun 1-dən etibarən mən qrup üçün əməkhaqqı almayacam. Mən səbəbini soruşanda, cavabında bildirdi ki, guya mən analıq məzuniyyətində olanı əvəz edirəm və ştat üzərə müəllim deyiləm.

Məluma üçün bildirim ki, əslində həmin «analıq məzuniyyətində olanlar» vaxtlı-vaxtında işə gəlmədiklərinə, iş qaydalarını pozduqlarına görə çoxdan çıxarılmalı idilər. Amma direktorla maaşlarını yarı böldüklərindən, Kərimovun məsləhəti ilə «məzuniyyətə çıxaraq» vəziyyətdən yayınıblar.

Hətta onların bəziləri vaxtından əvvəl analıq məzuniyyətinə buraxıldı. Digər işçilər buna etiraz edəndə direktor onlara «nəyimə lazımdır, mən özümü vəziyyətdən çıxara bilməyim üçün həkimdən arayış istəmişəm, saxta arayışa görə, məsuliyyəti mən daşımıram» cavabını verib.

Məcburi məzuniyyətə göndərildiyim zaman aydın oldu ki, mən 2012-ci ilin yanvar ayında özümün də xəbərim olmadan işdən çıxarılmışam. Çünki əməkhaqqımı direktorla yarı bölməmişəm. Kərimov hər zaman deyib ki, ona işləyən müəllim sərf eləmir, çünki haqq ala bilmir.

Və aydın oldu ki, mən bu günə kimi əvəzedici müəllim kimi çalışmışam. Xatırladım ki, bu işdən çıxarılma qərarı ilə bağlı keçən ilin mart ayında təhsil nazirliyinə şikayət etmişəm. Bu şikayətdən geri çəkilməyim üçün Əlizamin Kərimov məni keçən ilin 16 aprel tarixində metodist vəzifəsinə bərpa edib. Bu barədə olan 11 nömrəli əmr məktəb direktorunun möhürü ilə də təsdiq olunub.

Amma nədənsə mənim meodist kimi fəaliyyətim direktor tərəfindən məxfi saxlanılıb.

Qeyd edim ki, Kərimov Əlizamin Şahmat məktəbinə şəxsi obyekti kimi baxır. Məktəb rəsmən 0hərraca çıxarılıb. Dövlət başçısının idmana, həmçinin şahmata olan qayğısının müqabilində Əlizamin Kərimov Şahmat Məktəbinə yalnız qazanc mənbəyi kimi yanaşır. 3 sinif otağı ərazisi qədərində sahəni sataraq pulunu cibinə qoyub.

Əslində ixtisasca mühəndis olan Əlizamin Kərimovun hansı səviyyədə şahmatçı yetişdirə biləcəyini, pedaqoqika ilə məşğul olacağını da müəyyən etmək çətin deyil.

Bildirim ki, Şahma məktəbində işləməklə mən öhdəmdə olan 80 yaşlı atamın, 76 yaşlı anamın da dolanışığını təmin edirdim və buna görə də mənim ştatlı olaraq işləməyə ehtiyacım var. Ola bilsin ki, Əlizamin Kərimovun belə qayğıları yoxdur.

Hörmətli cənab prezident. Sizdən çox xahiş edirəm ki, məni səfalətə sürükləyən bu haqsızlığın durdurulmasına yardımçı olasınız».

Geri qayıt