Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KƏMALƏDDİN HEYDƏROV BU ADAMI UNUDUB

KƏMALƏDDİN HEYDƏROV BU ADAMI UNUDUB


21-06-2013, 11:18
KƏMALƏDDİN HEYDƏROV BU ADAMI UNUDUB
BALAKƏN SAKİNİ TƏŞVİŞ İÇİNDƏ

Xəbər verildiyi kimi, 2012-ci ildə Balakən rayonunda baş vermiş zəlzələ yerli sakinlərə ciddi zərər vurub. Həmin hadisədən sonra ərazini nəzarətinə götürən Fövqəladə Hallar Nazirliyi dövlət büdcəsindən ayrılmış pulların hesabına zərər çəkmiş vətəndaşlara ev tikəcəyini və bərpa edəcəyini vəd edib. Lakin həmin olaydan 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, zəlzələdən zərər çəkmiş insanların böyük əksəriyyəti problemlərinin həll olunmadığını deyirlər.

Jam.az-a müraciət edən Balakən rayonunun Püştətala kənd sakini Ayişət Tinətiyeva bildirir ki, 14 oktyabr 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yaşadığı evin divarlarında iri çatlar əmələ gəlib. Hətta bu çatlar o qədər genişlənib ki, evin küncləri bir-birindən ayrılıb. «Evimiz 9 aydır qəzalı vəziyyətdədir. 2 otaqdan ibarət olan bu qəzalı evdə 6 nəfər yaşayırıq. Başsız qadınam, kimdən və necə kömək istəyəcəyimi bilmirəm. Biraz külək, yağış olan kimi evdə otura bilmirik, gecə yarısı da olsa tez çölə qaçıb qorxudan gecəni həyətdə çardağın altında keçiririk. Özümüz bir tərəfə, iki körpə nəvələrim var, onlara yazığım gəlir ki, ev nə vaxtsa başımıza uçacaq».

Ayişət xanımının bildirdiyinə görə, zəlzələ olan günü Püştətala kənd inzibati idarəsinin nümayəndəsi Şamsu Bayramovaya məlumat veriblər. «Bir neçə ay keçəndən sonra Şamsu xanım Fövqəladə Hallar Nazirliyinin komissiya üzvləri ilə birlikdə evimizə gəldi, şəkillərini çəkib, şəxsiyyət vəsiqəmi götürüb getdilər. Lakin bu məsələnin üzərindən bir müddət keçməsinə baxmayaraq, nəticə olmadı. Məsələ ilə maraqlanmaq üçün Şamsu xanıma müraciət etdim və bildirdi ki, adımız heç yerdə qeydə alınmayıb. Amma o dedi ki, komissiya gələndə bir dəfə də yoxlama aparılmasına yardımçı olacaq».

Balakən sakini daha sonra vurğulayıb ki, bu söhbətdən bir müddət sonra, yəni bu ilin yazında komissiya üzvləri yenidən onların evinə baxış keçirib. «Komissiya üzvləri yenə gəldilər, şəkil çəkdilər və getdilər. Bircə onu bildirdilər ki, evimiz təmirə düşür və bunun üçün dövlət pul ayıracaq. Amma mən onlardan «mənim evimin beton dirəkləri yoxdur, divarlar tamamilə yatıb» sualını etdikdə vurğuladılar ki, hökumətin ayırdığı pulla bütün bunları həyata keçirmək mümkün olacaq».

Ayişət Tinatıyeva qeyd edir ki, özünün maddi imkanı olmadığından yenidən ev inşa etdirməyə gücü çatmır. Komissiya üzvləri isə yazdan bəri onlara nə cavab verir, nə də evlərinin təmirindən xəbər var. «Gecələr evimizdə qorxumuzdan yata bilmirik. Hər an uçmaq təhlükəsi olduğundan nə edəcəyimizi də bilmirik. Mən ölkə rəhbərliyindən xahiş edirəm ki, zəlzələdən zərər çəkmiş evimin yenidən tikilməsi barədə müvafiq qurumlara göstəriş versin».

Geri qayıt