Əsas Səhifə > Cəmiyyət, Manşet > “VİCDAN SABİR”İN AĞLASIĞMAZ MİLYONLARI

“VİCDAN SABİR”İN AĞLASIĞMAZ MİLYONLARI


19-12-2011, 14:57
“VİCDAN SABİR”İN AĞLASIĞMAZ MİLYONLARI

«MAŞIN BAZARIN»DA VERGİDƏN GİZLƏDİLƏN PULLAR BARƏDƏ ŞOK FAKTLAR

DİA.AZ: - Bir müddət öncə Sumqayıtda yerləşən maşın bazarı - «Vicdan» MMC müvəqqəti fəaliyyətini dayandırmışdı. Mətbuatda dolaşan informasiyalardan belə məlum oldu ki, Badamdar qəsəbəsində yeni maşın bazarı fəaliyyətə başladıqdan sonra, bu bazara nəzarət edən oliqarxlar «8-ci kilometr»də və Sumqayıtda olan maşın bazarlarını bağlatdırıblar. «8-ci kilometr» bazarı o vaxtdan fəaliyyətini dayandırsa da, 3 ay bağlı qalan Sumqayıt maşın bazarı yenidən işə düşdü. Mətbuatın yazdığına görə, Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarverdiyevin təsisçisi olduğu «Vicdan» MMC ölkə başçısının əmisi oğlu İlqar Əliyevlə şərik olmağa razılaşdıqdan sonra, onun fəaliyyəti bərpa edilib. Maraqlıdır ki, ikinci fəaliyyət dövründən sonra bazarda dövr edən qanunsuz pulların miqdarı da artdı.

Büdcədən yayınan 1 milyon dollar

Avtomobillə Sumqayıt maşın bazarına daxil olmağın qiyməti 5 manatdır. Heç bir səbəbsiz fildansız. Heç kəsə də çek verilmir. Yaxşı, bəs görəsən, vergi ödənilmədən gündə nə qədər pul yığılır burada? Bəs bu pulları həftəyə, aya, kvartala, nəhayət, ilə vuranda nə qədər edir? Burada maşın bazarı həftənin şənbə və bazar günləri olur. Bəziləri bir gün qabaqdan, bəziləri isə səhər saat 5-dən bazarda yer tutmaq üşün gəlirlər ki, tez də maşınlarını satıb gedə bilsinlər. Bir çox alıcılar da səhər tezdən bazara gəlirlər. Ona görə də günortaya qədər çox sayda maşın alınaraq bazardan çıxıb. Bir sözlə ümumilikdə iki gün ərzində bazara təxminən 1500 maşın gəlir. İki günə 300- maşın. Hər maşından 5 manat alınırsa, bu həftədə 15 min, ayda 60 min edir. Belə çıxır ki, həmin 5 manatlarla il ərzində vergidən yayınan, büdcəyə daxil olmayan nəzarətsiz pulun məbləği 720.000 manatdır!!! Bu isə orta hesablama ilə 1 milyon dollara yaxın məbləğdir. Bu pulun vergiyə ödəniləcək məbləğini - 4 faizlə, yoxsa 18 faizlə ödəniləcəyini hesablamaq isə bizim yox, vergi işçilərinin işidir. O vergi işçilərinin ki, illik dövriyyəsi bundan qat-qat az olan qəzetimizə çöküblər.

Yeməkxanalarda dövr edən pullar

Bazarın içində olan 3-4 yeməkxanada hər zaman adamla dolu olur. Əslində, bunlara «Yeməkxana» deməyə də adamın dili gəlmir, daxmaya oxşayan, şəraitsiz, sanitariya qaydalarından kənar olan bu obyektlərin işi yaman «xod» gedir. Latın və Kirill qrafikalarının sintezi ilə yazılmış «Yeməkxana» və «Kabab» sözləri, üst-başından kir-pas yağan ofisantlar bu yeməkxanaların hər biri üçün ənənəvidir. Qiymətlərdə ki, şəhərin lüks restoranları dəyərində: kabab- 3 manat! Yenə də çekdən və kassa aparatından söhbət gedə bilməz. Hər dəqiqə dolub-boşalan və gün ərzində dayanmadan alver edən yeməkxanada gün ərzində 10.000 manatlarla ölçülən vergidən yayınan pul var...


Bazar içində bazar

Maşın bazarının tərkibindəki ehtiyat hissələri satılan və sürücülərin «zapçast» bazarı» adlandırdıqları ərazidə təxminən 400 mağaza var. Burda icarənin qiyməti 300-400 manatdır. Deməli, ayda orta hesabla 120.000, ildə 1.440.000 manat icarə haqqı yığılır. Yenə də rəsmi hesabat olmadan. Çünki bu mağazalardan kim çek tələb etsə bir cavab alacaq: «Sabir müəllim mənə çek verir ki, mən də sizə verim?»

Ortada olan isə odur ki, bu bazarda vergidən xəbərsizdirlər. Bəs görəsən, vergi qurumları da bu bazardan xəbərsizdirlər? Axı Sabir Tarverdiyev daim Heydər Əliyevin siyasi kursunu dəstəkləyib. Onun adı gələndə indi də gözləri yaşaran Sabir müəllim Ulu Öndərin artıq aforizmə çevrilərək yolları və reklam lövhələrini bəzəyən «Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləyirik» sözünü heç oxumayıb, eşitməyib? Bəs görəsən, milyon manatlarla ölçülən və vergidən kənarda qalan pulların hesabını heç kim görmür? Bu kimi suallara cavab tapmaq üçün araşdırmalarımız davam etdirəcəyik.

Geri qayıt