Əsas Səhifə > Cəmiyyət > AYDIN CANIYEVDƏN XƏBƏR VAR
AYDIN CANIYEVDƏN XƏBƏR VAR19-12-2011, 13:22 |
VƏKİL MƏHBUS JURNALİSTLƏ GÖRÜŞÜB Vəkil Elçin Sadıqov “Xural” qəzetinin həbsdə olan bölgə müxbiri Aydın Canıyevlə görüşüb. “Media forum” saytına açıqlamasında Elçin Sadıqov deyib ki, ötən həftə Lənkəran Rayon Polis Şöbəsinin təcridxanasında keçirilən görüşdə hüquqi müdafiə işləri ilə bağlı atılacaq addımları müzakirə ediblər. Aydın Canıyev sentyabrda tutulub. Həmin vaxt o, vətəndaş Zemfira Xəlilovanı təhqir etmək, Lənkəranın Sərpəkəran kəndinin məscidində xuliqanlıq törətməkdə ittiham olunub və inzibati həbs cəzası alıb. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi qaldırılıb və Lənkəran Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Aydın Canıyev noyabrın 21-də Lənkəran Rayon Məhkəməsinin çıxardığı qərarla 3 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə təqsirli bilinib. Elçin Sadıqov deyib ki, məhkəmə hökmünün surəti hələ ki, onlara verilməyib. İttiham aktı isə Aydın Canıyevə yalnız məhkəmə hökmü oxunduqdan sonra təqdim olunub. Vəkil bunu qanun pozuntusu kimi qiymətləndirir. Lənkəran Rayon Məhkəməsinin icraatında jurnalistin başqa bir işi də var. Qafqaz Müsəlmanları İdarəsi sədrinin Lənkəran nümayəndəsi Qəni Axundzadə jurnalisti “Xural” qəzetində dərc olunmuş yazısına görə məhkəməyə verib. Qəni Axundzadə təhqir olunduğunu iddia edir. Elçin Sadıqovun sözlərinə görə, Aydın Canıyevin həmin yazısı Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna linqvistik ekspertizaya gönədirilib. Proses ekspert rəyindən sonra davam edəcək. Geri qayıt |