Əsas Səhifə > Cəmiyyət > TAHİR KƏRİMLİ “DİRİLİB”

TAHİR KƏRİMLİ “DİRİLİB”


19-12-2011, 13:11
TAHİR KƏRİMLİ “DİRİLİB”

VƏ MÜXALİFƏTİ “ÖLÜLÜKDƏ” İTTİHAM ETDİ

Azərbaycan müxalifəti il ərzində bir təşkilat kimi ortada olmadı. Bunu bazar ertəsi Trend-ə müsahibəsində Vəhdət Partiyasının sədri Tahir Kərimli siyasi partiyaların 2011-ci ildəki fəaliyyətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, siyası mənada Azərbaycanda iqtidar-müxalifət münasibətləri deyil, lider-kütlə münasibətləri oldu.

"Yəni müxalifət bir təşkilat kimi ortada olmadı. Aprel ayında Azərbaycanda müxalifətçiliyi dirçəltmək üçün müəyyən cəhdlər oldu. Amma müxalifət başa düşmədi ki, hər hansı bir tələbi həyata keçirmək üçün onun gücü olmalıdı. Yəni istər küçə hərəkatları, kütləvi hərəkatlar olsun, və yaxud parlamenti buraxıb yeni parlament seçkilərinin keçirilməsi olsun, hər bir təklifin arxasında güc dayanmalıdır", - Kərimli qeyd edib.

O bildirib ki, müxalifət bu gücə nail ola bilmədi, o sosial bazanı təşkil edə bilmədi.

"Əvvəlki sosial bazaya inanırdı. 2003-də 2005-də o sosial baza qalibiyyətə apara bilmədi. Xalq da bunu yadından çıxarmır və qarşısında elə bir təşkilat, elə bir lider görmür ki, onu qalibiyyətə apara bilsin. Kütləvi inamsızlıq şəraitində əvvəlki vəziyyət bərpa olunmadı", - Kərimli qeyd edib.

Partiya sədri Azərbaycan müxalifətinin zəif olmasının səbəblərindən biri kimi müxalifət liderlərinin ambissiyalarını göstərib.

Onun sözlərinə görə, hər bir müxalifət lideri özünün xarizmasını önə çəkərək bir şəxsin nüfuzu ətrafında birləşən bir təşkilat yaratmaq istəyir, avtoritar qaydada idarə edir və digər təşkilatları da öz ətrafında peyk təşkilatlar olaraq görür.

"Və təbii ki, bu da Azərbaycanda siyasi maarifçiliyin zəifliyindən, vətənpərvərlik hissinin heç də düzgün qavranılmaması, özünün ambissiyalarını vətən naminə qurban vermək istəyinin olmamasından irəli gəlir", - Kərimli qeyd edib.

O, müxalifətin zəifliyində müxalifət liderlərinin ayrı-ayrı mənbələrdən maliyyələşlməsinin də mühüm rol oynadığını vurğulayıb.

"Biri xaricdən maliyyələşir, o biri hansısa daxildə iqtidar qüvvədən maliyyələşir, bir başqası isə özü üçün biznes qurub oradan maliyyələşir. Yəni, müxtəlif mənbələrin müxtəlif diktə üsulları Azərbaycan müxalifətində müxtəliflik, pərakəndəlik yaradır və təbii ki, burada vahid birliyin olmaması önə çıxır", - Kərimli bildirib.

Geri qayıt