Əsas Səhifə > Ölkə > FAZİL MƏMMƏDOVUN KORRUPSİONER İŞÇİLƏRİ MÜHAKİMƏ OLUNUR

FAZİL MƏMMƏDOVUN KORRUPSİONER İŞÇİLƏRİ MÜHAKİMƏ OLUNUR


19-12-2011, 13:08
FAZİL MƏMMƏDOVUN KORRUPSİONER İŞÇİLƏRİ MÜHAKİMƏ OLUNUR

ONLAR “LƏZİZ”Ə OLAN TAMAHLARININ GÜDAZINA GEDİBLƏR

Vergilər Nazirliyinin korrupsiya cinayətlərində ittiham olunan sabiq əməkdaşlarının məhkəməsi başlayıb.

Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin Xüsusi rejimli müəssisələrin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Xəyal Cəlilov və Vergilər Nazirliyinin sərəncamında olan İlham Dadaşovun cinayət işi üzrə məhkəmə baxışı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Həsən Əliyevin sədrliyi ilə keçirilib.

Onlar özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim edərək qanunsuz yoxlamalar aparmaqda ittiham olunurlar.

İttiham aktına görə, vətəndaş Həbibova Kəbirə Ruhulla qızı avqustun 12-də ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək özlərini həmin nazirliyin əməkdaşları kimi təqdim edən iki şəxsin Həbibovanın işlətdiyi Bakı şəhəri, Abbas Səhhət küçəsi 35 ünvanda yerləşən "Ləziz" kafesində qanunsuz yoxlama apardıqlarını və pul tələb etdiklərini bildirib.

Şikayətlə bağlı Vergilər Nazirliyinin əməkdaşları tərəfindən aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, adıçəkilən şəxslər "Ləziz" kafesinə gəlib, hər ikisinin konkret xidməti sahəsinə aid olmamasına baxmayaraq, vergi müfəttişləri kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar vergi qanunvericiliyinin tələblərinə əməl olunması ilə bağlı qanunsuz yoxlama aparıb.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Həbibova Kəbirə Ruhulla qızına işəgötürən kimi vətəndaş Şirinova Gülnarə Cəbrayıl qızı ilə əmək müqaviləsi bağlamadığı üçün Vergi Məcəlləsinin tələblərinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməklə 1000 manat məbləğində cərimə olunacağını bildirərək, inzibati xəta törətməsi ilə bağlı müvafiq sənədləşmə aparılmaması müqabilində, yəni qanunsuz hərəkətsizliyə görə 400 manat pul istəyiblər.

Həbibova tələb olunan pulu onlara həmin gün saat 18:00 radələrində verəcəyini bildirib.

Vergilər Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Cəlilov və Dadaşov tələb etdikləri pulu Həbibovadan alarkən cinayət başında yaxalanıblar.

Törətdikləri cinayət əməllərinə görə Cəlilov və Dadaşov Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almaya görə cinayət məsuliyyəti nəzərdə tutan 311.3.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.


Geri qayıt