Əsas Səhifə > Sosial, Manşet > SƏHİYYƏ NAZİRLİYİNİN APTEK BİZNESİ

SƏHİYYƏ NAZİRLİYİNİN APTEK BİZNESİ


19-12-2011, 12:29
SƏHİYYƏ NAZİRLİYİNİN APTEK BİZNESİ

OQTAY ŞİRƏLİYEV APTEK AÇMAQDAN ƏMƏLLİ_BAŞLI PUL GÖTÜRÜR

DİA.AZ: - Bugünlərdə redaksiyamıza müraciət edən özəl mənbə Səhiyyə Nazirliyinin aptek siyasəti ilə bağlı maraqlı məqamlara toxunub. Mənbənin sözlərinə görə, Səhiyyə Nazirliyinin apteklərə nəzarət şöbəsi yeni apteklərin fəaliyyəti üçün zəruri olan lisenziyaların verilməsini qanunun müəyyən etdiyi tələblər əsasında deyil, öz yöntəmləri ilə həyata keçirir ki, bu da adıçəkilən quruma il ərzində külli miqdarda vəsait qazandırır:

«Səhiyyə Nazirliyinin məlum şöbəsi artıq bəlli bir müddətdir ki, apteklərə lisenziya verilməsi səlahiyyətinin ona məxsus olmasından istifadə edərək, bu sahədə ciddi özbaşınalıqlara yol verir ki, bu da vətəndaşların hüquqlarının pozulması, qanunun aliliyinə olan inam və etimadın zədələnməsi ilə müşahidə edilir. Məsələnin ən problemli tərəfi isə yeni apteklərin istifadəsi üçün vacib olan və Səhiyyə Nazirliyinin əlaqədar qurumu tərəfindən verilməli olan lisenziyaların qanunun tələbləri əsasında deyil, konkret məbləğ qarşılığında təqdim edilməsi ilə bağlıdır. Bu yolla il ərzində külli miqdarda vəsait qazanan aidiyyati qurum bu gün də öz ənənəvi siyasətini davam etdirməkdə, bəlli bir məbləğ qarşılığında lisenziya satışını həyata keçirməkdədir».

Mənbə lisenziyalar qarşılığında tələb olunan pulun apteklərin sahəsinə və yerləşdiyi ərazinin əhəmiyyətinə görə tələb edildiyini bildirdi: «Yeni apteklərin fəaliyyəti üçün gərəkli olan lisenziyalar Səhiyyə Nazirliyinin əlaqədar şöbəsi tərəfindən müəyyən məbləğ qarşılığında verilir ki, bu məbləğin də miqdarını apteklərin sahəsi, habelə onun yerləşdiyi ərazi müəyyənləşdirir. Aptekin sahəsi nə qədər geniş, onun yerləşdiyi məkan isə məskunlaşma baxımından nə qədər sıxdırsa lisensiyznın qiyməti də bir o qədər artır. Bu baxımdan hazırda lisenziyaların verilməsi üçün tələb olunan pulun miqdarı 3 və 12 min manat arasında dəyişir. Yəni o qədər də böyük sahəyə malik olmayan apretlərdən 3-5 min manat, daha böyük apteklərdən isə 10-12 min manat məbləğində pul alınır».

Mənbənin bildirdiyinə görə, son günlər apteklərin sayının sürətlə artması Səhiyyə Nazirliyinə pul qazanmaq üçün əlavə imkanlar yaradıb: «Azərbaycan səhiyyəsinin yarıtmaz vəziyyətdə olması ölkə əhalisinin demək olar ki, kütləvi şəkildə pasientə çevrilməsinə səbəb olub ki, bu da təbii olaraq apteklərə olan ehtiyacı kəskin surətdə artırıb. Səhiyyə Nazirliyinin işinə yarıyan bu durum isə ölkədə apteklərin saytının sürətlə artmasına səbəb olub. Bu isə Səhiyyə Nazirliyinin apteklərə nəzarət şöbəsinə lisensiya alqı-satqısında əlavə avantajlar qazandırır. Belə ki, aptek açmaq üçün əlaqədar quruma müraciət edən vətəndaşlar fəaliyyət göstərdikləri ərazidə yeni apteklərin açılmasının qarşısını almaq, öz dərman bizneslərini rəqabətsiz bir ortamda inkişaf etdirmək üçün ümumi məbləğin üzərinə ciddi miqdarda əlavələr etmək məcburiyyəti qarşısında qalır. Bu isə nəticə etibarilə lisensiya üçün tələb edilən pulun ümumi məbləğini artırır».


Geri qayıt