Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCAN ƏLEYHİNƏ GİZLİ TƏŞKILAT

AZƏRBAYCAN ƏLEYHİNƏ GİZLİ TƏŞKILAT


19-12-2011, 12:05
AZƏRBAYCAN ƏLEYHİNƏ GİZLİ TƏŞKILAT

İRAN KƏŞFİYYATI RUSİYADAKI VƏTƏNDAŞLARIMIZI «VEREBOVAT» EDİR

DİA.AZ: - Azərbaycanın dövlət müstəqilliyini həzm edə bilmədiyini açıq-aşkar ortaya qoyan fars-molla rejimi yenə də ənənəvi rıçaqlarla Azərbaycanımızın üzərinə yeriməkdədir. Söhbət süni şəkildə etnik müstəvidə gərginliyin yaradılmasından gedir. Artıq bu yöndə rəsmi Tehranın çox ciddi planlarının olması barədə də müəyyən xəbərlər yayılmaqdadır.

“Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia.az) Rusiyadakı qaynaqlardan daxil olan məlumatda bildirilir ki, son zamanlar Moskva şəhərində yaşayan və əslən Azərbaycanın cənub bölgəsindən olan vətəndaşlarımız İranın xüsusi xidmət orqanlarının hədəfinə çevrilib. Bu barədə məlumatı verən mənbə idida edir ki, İrandan gəlmiş xüsusi şəxslər cənub regionu mənsubları ilə yaxınlaşaraq ilk əvvəl onlarla dostlaşır, hətta onların borcları varsa, borclarını bağlayır, sonra da əsas niyyətlərini həyata keçirirlər.

Mənbənin söylədikləri: «Artıq onlarla vətəndaşımıza bu cür yaxınlaşmalar olub. Həmin şəxslərdən biri söyləyib ki, İrandan gələnlər onlara Azərbaycana dönməyi və Talış Muğam Respublikası uğrunda mübarizə aparmağı da təklif edirlər».

Mənbə bildirir ki, hətta molla agentlərin yaxınlaşdığı vətəndaşlarımızdan biri «mən türkəm» deyərək onlarla pozuluşub: «Bundan sonra həmin şəxslər soydaşımızı incitməyə başlayıblar. Hətta yerli rus milisi də iranlılara bir söz demir və onlar özlərini Moskvada çox sərbəst və rahat aparırlar».

Bu isə ondan xəbər verir ki, molla agentlərin Rusiya paytaxtındakı əməlləri Moskva ilə Tehranın xüsusi xidmət orqanlarının anlaşması əsasında baş tutur. Bunu elə mənbəmiz də təsdiqləyir. Belə ki, bir neçə gün əvvəl iranlılarla ortaq hərəkət edən və hətta onların hesabına təxminən 150 min ABŞ dolları həcmində borcunu bağlayan əslən Lənkəran rayonundan olan Sabir Rəhimov adlı soydaşımıza irandan gələn emissarlar əməlli-başlı divan tutublar: «İş o həddə çatıb ki, S.Rəhimov Vladimir vilayət milisi idarəsinə müraciət edib. Lakin milisi idarəsi ilk əvvəl onun şikayətlərini eşitməyib. Sonradan isə onun özünü həbs edərək qanunsuz şəkildə 10 gün həbsdə saxlayıblar».

Yəni Rusiyada iran xəfiyyə şəbəkəsi üçün belə bir əlahiddə şərait yaradılıb. Mənbəmiz bildirir ki, molla agentlər ələ keçirməyə müvəffəq olduğu cənub bölgəsi mənsublarımızı Azərbaycan əleyhinə təlimatlandırmaqla məşğuldurlar və həta onların yeni təşkilatının yaradılması planı da mövcuddur.

Onu da xatırladaq ki, eyni üsulla Ermənistanın xüsusi xidmət orqanları da Azərbaycana qarşı fəaliyyət göstərir. Və hətta noyabr ayında İrəvanda «talışşünaslıq» adlı bir absurd tədbir təşkil olundu. Hətta həmin tədbirdə separatçılıq fəaliyyəti səbəbindən uzun müddət həbsdə qalmış Əlikram Hümbətovun da iştirak etməsi xəbəri yayılsa da, sonradan bu xəbər təsdiq olunmadı. Bu barədə mətbuata açıqlama verən Əlikram Hümbətov da bildirdi ki, İrəvanda olmayıb. Sadəcə olaraq onu da həmin tədbirə dəvət ediblərmiş.

Qeyd edək ki, İranın xüsusi xidmət orqanları Türkiyə ərazisində də fəaldırlar və onlar Türkiyədə də yerli azərbaycanlılarla, Azərbaycan türkləri ilə əməkdaşlıq edirlər. Acınacaqlı olsa da, bu bir faktdır ki, uzun müddət qardaş Türkiyədə məhz şiə olmaları səbəbindən, Novruz bayramını qeyd etdiklərinə görə təqib olunan Türkiyədəki Azərbaycan türkləri bu gün milli kimlik faktorundan daha çox dini mənsubiyyət məsələsinə önəm verirlər. Və elə buna görə də Tehranın xüsuksi xidmət orqanları üçün özlərini şiə hiss edən Türkiyədəki Azərbaycan türklərini ələ keçirmək çox rahatdır. Aparılan araşdırmalar da təsdiqləyir ki, bu məhz bu səbəbdən hazırda İran agenturası Türkiyənin Qars, İcdır və Ərzurum şəhərlərində, yəni Azərbaycan türklərinin çoxluq təşkil etdiyi ərazilərdə daha güclü və təşkilatlanmış haldadır.

İran xəfiyyəsinin Rusiyadakı fəaliyyətinə gəlincə isə bu barədə danışan mənbəmiz bildirir ki, bir neçə gün əvvəl, yəni dekabrın 15-də axşam saatlarında Lənkəran rayonunun Nərimanabad qəsəbəsində sərhədçilərlə sakinlər arasında baş verən insident də molla agentlər üçün bir fürsət rolunu oynayıb: «Bundan istifadə edən iranlı elçilər Moskvada belə bir kampaniya aparırlar ki, guya Azərbaycanda talışları qırırlar». Onu da qeyd edək ki, bu olaylar Rusiyanın xüsusi xidmət orqanlarının nəzarəti altında olan və Azərbaycan əleyhinə separatçılıq mövqeyi ilə tanınan «talış.org» saytında da «Talış baharı» kimi təqdim olunub və olay barədə məlumat «Talışa qoşun yeridildi» başlığı ilə sayta yerləşdirilib.

Hər halda, bütün bu faktlar bir daha onu təsdiqləyir ki, Azərbaycan çox təhlükəli günlərin ərəfəsini yaşayır. Bu problemlərin qarşısını ala bilməyimiz üçün isə indidən ehtiyatlı və tədbirli olmaq məcburiyyətindəyik.

Geri qayıt