Əsas Səhifə > Partiya > «MƏN PREZİDENTLİYƏ NAMİZƏD OLACAM»

«MƏN PREZİDENTLİYƏ NAMİZƏD OLACAM»


19-12-2011, 12:00
«MƏN PREZİDENTLİYƏ NAMİZƏD OLACAM»

MİRMAHMUD MİRƏLİOĞLU PARTİYADAŞLARINI DƏYİŞİKLİKLƏRƏ ÇAĞIRDI

DİA.AZ: - Dünən KXCP Nizami rayon fəalları ilə partiyanın sədri Mirmahmud Mirəlioğlunun görüşü keçirilib. Partiyadan “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia.az) verilən məlumata görə, görüşdə partiya sədri bildirib ki, dünyada gedən proseslərin sonucu İranla müharibəyə gətirərsə, nəticədə Güney Azərbaycandan yüz minlərlə soydaşımız qaçqın kimi Şimali Azərbaycana gələcəyi təqdirdə biz buna hazırıqmı:

«Təbii ki, yox. Hakimiyyət buna hazırdırmı? Təbii ki, yox. Amma biz bir təşkilat olaraq bu kimi hadisələrə tam hazır olmalıyıq».

Daha sonra KXCP sədri Nizami rayon fəallarını Azərbaycanın şimalında dəyişikliklərə hazır olmağa çağırdı: «Əgər hakimiyyət dəyişilərsə, bizim Nizami rayon təşkilatında rayonu idarə edəcək kadrlarımız varmı? Bilmək istəyirəm, rayonda icra başçısından tutmuş MİS müdirinə kimi bütün yerlərə sizdən kadr istəyirəm. Bu, mənim ciddi tələbimdir».

Daha sonra Mirmahmud Mirəlioğlu hazırda xarici ölkələrdə yaşayan soydaşlarımızın dönəcəyi günlə bağlı da partiyadaşlarından hazırlıq tələb etdi: Tunisdə özünü yandıran göyərti satana bütün dünya sahib çıxdı, ancaq biz Gədəbəydə intihar edən qardaşımıza yiyə dura bilmirik. Bu hökumət millətə bundan artıq nə etməlidir ki, biz ayağa qalxaq?! Biz bütün dəyişikliklərə hazır olmalıyıq».

Daha sonra KXCP sədri prezidentliyə namizəd olacağını da bəyan etdi və partiyadaşlarından həmin günə hazır olmağı da istədi: «Mən prezidentliyə namizəd olacam. Bu, mənim boynumda bir haqdır. Yetər ki, siz hazır olun».

Daha sonra Mirmahmud Mirəlioğlu millətə sahib çıxmağın tam zamanının yetişdiyini bildirdi: «Biz bu milləti və dövləti demokratiyaya, azadlığa qovuşduracaq bir təşkilata çevrilməliyik. Bunun üçün cəsarət tələb olunur. Cəsarət də bizdə. Bir sözlə siz hazır olun».
Onu da bildirək ki, KXCP-nin bütün rayon təşkilatlarının fəalları ilə bu kimi görüşlərin təşkili planlaşdırılır.

Turan – DIA.AZ


Geri qayıt