Əsas Səhifə > Cəmiyyət, Manşet > ARDNŞ-IN SAXTA HƏRRACI ABŞ MƏHKƏMƏSİNDƏ

ARDNŞ-IN SAXTA HƏRRACI ABŞ MƏHKƏMƏSİNDƏ


17-12-2011, 13:48
ARDNŞ-IN SAXTA HƏRRACI ABŞ MƏHKƏMƏSİNDƏ

AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ RÜŞVƏT VERƏN BAĞIŞLANMADI

1990-cı illərin sonunda özəlləşdirmə vaxtı Azərbaycanın neft sənayesini nəzarətə götürmək iştahı 65 yaşlı Konnektikutlu iş adamı Frederik Bourke və onun bizneş ortaqlarına olduqca baha başa gəlib.

Çərşənbə günü Nyu Yorkun Manhattan səmtində yerləşən Federal Apelyasiya Məhkəməsi yüksəkçinli Azərbaycan rəsmilərinə rüşvət verməkdə günahlandırılan amerikalı iş adamına qarşı həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

“Müttəhimin irəli sürdüyü arqumentlər tutarlı olmayıb”, məhkəmənin 27 səhifəlik əsasnaməsində deyilir.

Bourke-Kojeni işi

2005-ci ildə açılmış ittiham aktına görə, Bourke 1998-ci ildə çex investoru Viktor Kojeni ilə əlbir olaraq, Azərbaycan rəsmilərini külli miqdarda nağd pul, səhm, başqa hədiyyələrlə ələ alaraq, Dövlət Neft Şirkətinin saxta hərracla özəlləşdirilməyə çıxarılmasına nail olmaq niyyəti güdüblər.

Düzdür, sövdələşmə baş tutmayıb, belə ki, bir ildən sonra Azərbaycan rəhbərliyi şirkətin satılmadığını bəyan edib, buna baxmayaraq, biznes əldə etmək, yaxud icarəyə götürmək üçün xarici hökumət rəsmilərinə rüşvət təklifi və onun icrası ABŞ Xarici Korrupsiya Aktına əsasən, cinayət hesab olunur.

Bourke 2009-ci ildə Nyu York şəhər məhkəməsi tərəfindən bu işə görə bir illik qapalı həbs və daha üç il şərti həbs cəzasına məhkum edilib, həmçinin 1 milyon dollar cərimə olunub.

İndi onun vəkilləri Ali Məhkəməyə yenidən baş vuracaqlarını deyirlər.

“Biz Apelyasiya Məhkəməsinin qərarından olduqca məyus olduq”, deyib vəkil Michael Tigar.

İşi yaxından izləmiş amerikalı ekspertlər diqqəti əsasən iki vacib detala - Qərbdə korrupsiya ilə sərt mübarizəyə və Azərbaycanda rüşvətin yerinə yönəldirlər.

Korrupsiya- köhnə adət

Gerald Robbins, Filadelfiyada mərkəzlənən Xarici Siyasi Araşdırmalar İnstitutunun (FPRI) baş elmi işçisidir. 1990-cı illərin ortalarında o, Bakıda Freedom House təşkilatının proqram direktoru olub və ölkənin iqtisadi-siyasi mənzərəsini yaxından izləyib.

BBC Azərbaycancaya müsahibə verən cəvab Robbins deyir ki, “Bourke-Kojeni işinin” taleyi sabiq Sovet ölkələri boyunca sərmayə yatırmaq istəyən Qərb sərmayədarlarını yaxından düşündürür.

“Korrupsiya Azərbaycanda Sovet sistemindən qalma başlıca mirasdır və belə görünür, 20 illik müstəqilliyə baxmayaraq, köhnə adətlər asanlıqla unudulmur”, o deyib.

Ekspert çıxış yolunu hüquqi və institusional islahatlarda görür.

Denverdə postsovet dövlətlərinin iqtisadiyyatına sistemli korrupsiyanın təsirini araşıdran Kolorado Universitetinin Beynəlxalq Proqramlar direktoru Christoph Stefes də hesab edir ki, “Kojeni işi” Azərbaycanda korrupsiyanın “hər yerə nüfuz edə bildiyinə dəlalət edir”.

“Ola bilər ki, bu və ya digər beynəlxalq şirkət Bakıda rüşvət, xüsusi hədiyyələr və yaltaqlıqla məmurların rəğbətini qazanmaq düşüncəsinə qapılsın. Lakin bunun üçün hansı qapıları döymək lazımdır? Yalnız ən yüksək vəzifəli dövlət məmuru çoxmilyonluq investisiyaların himayəsini təmin edə bilər” deyib cənab Stefes BBC Azərbaycancaya müsahibəsində.

Ekspertə görə, ən pisi odur ki, Azərbaycanda sistemli korrupsiya artıq maksimum mərkəzləşib.


Geri qayıt