Əsas Səhifə > Cəmiyyət > RUSLAN BƏŞİRLİ VƏ CABBAR SAVALAN AZADLIĞA ÇIXACAQ
RUSLAN BƏŞİRLİ VƏ CABBAR SAVALAN AZADLIĞA ÇIXACAQ17-12-2011, 12:26 |
ƏFV SİYAHISINDA KİMLƏRİN ADI VAR? Yaxın günlərdə prezident İlham Əliyevin əfv fərmanı imzalayacağı gözlənilir. Ombudsman Elmira Süleymanova da 70 nəfərin azadlığa buraxılması xahişi ilə dövlət başçısına müraciət edib. Onların arasında apreldə həbs olunan müxalifət fəallarının adlarının olmadığı ehtimal olunur. “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəhbəri Eynulla Fətullayev qəzetimizə bildirib ki, siyasi və problemli məhbusların azadlığa buraxılmasının yeganə mexanizmi əfvdir. Onun sözlərinə görə, siyasi qərar veriləndən sonra bu cür məhbuslar azadlığa buraxılır: “Mən aprelçilərin əfvə düşəcəyini güman etmirəm. Zənnimcə, bu situasiya yetişməyib. Hakimiyyət bu insanları həbs etməklə beynəlxalq ictimai rəydə əks-səda yaratdı, AŞ, Avropa İttifaqı etiraz etdi. Hər bir dövlətin öz cəza siyasəti və sistemi var. Bu hakimiyyətin dəsti-xətti, apardığı kurs var. Bu kursa baxıb müəyyən nəticələri görmək olur. Mən inanmıram ki, bu insanlar dekabrda azadlığa buraxılsın. Ehtimalıma görə, Cabbar Savalan azadlığa buraxıla bilər. Onunla bağlı artıq beynəlxalq təşkilatların kampaniyası aparılır. Həm də Cabbarın işində bir hakim xüsusi rəydə qalaraq çıxarılan hökmlə razı olmayıb. Cabbarın azadlığa buraxılması şansı böyükdür. Fikrimcə, Bəxtiyar Hacıyev də azadlığa çıxa bilər. Ancaq onun əfvə salınacağına inanmıram. Ruslan Bəşirlinin də azadlığa buraxılması ehtimalı yüksəkdir. Çünki o, cəzasının böyük hissəsini çəkib. Bəşirlinin işi hazırda Avropa Məhkəməsində müzakirə edilir, komunikasiya başlayıb. Şübhəsiz ki, qərar Bəşirlinin lehinə müsbət şərtlənəcək. Onun istintaqı nadan və naşı şəkildə aparılıb, ortada işgəncə faktı olub”. E.Fətullayev hesab edir ki, sabiq nazirlər Əli İnsanovla Fərhad Əliyevin azadlığa çıxması ehtimalı inandırıcı deyil: “Fərhad Əliyevin həbsi ilə bağlı Avropa Məhkəməsinin qərarı var. Qərara görə, bu həbs qanunsuzdur və onun Konvensiya ilə təsbit olunan hüquqları tanınıb. Amma bu günə qədər Avropa Məhkəməsinin qərarı icra edilməyib. Baxmayaraq ki, milli məhkəmələr 3 ay ərzində icra etməlidir. Əgər bu baş verməyibsə, deməli Fərhad Əliyevin məsələsində hakimiyyətin mövqeyi dəyişməyib. Eyni şeyi Əli İnsanova da aid etmək olar. Mən Ədliyyə Nazirliyinə sorğu ilə müraciət edərək hüquq müdafiəçilərinin siyahısında olan məhbuslarla bağlı suallar ünvanladım. Bu cavablara əsaslanaraq Cabbar Savalanın və Ruslan Bəşirlinin azadlığa çıxması ehtimalını yüksək sayıram. Çünki onların məsələsi Əfv Komissiyasında müzakirəyə çıxarılıb. Ancaq Fərhad Əliyev, Əli İNsanov, apreldə həbs edilən məhbuslarla bağlı sorğuma cavabda deyilib ki, bu insanların Avropa Məhkəməsinə müraciət etmək hüququ var. Bu onu göstərir ki, hakimiyyətin bu məhkumlara münasibəti dəyişməyib”. Eynulla Fətullayev əlavə edib ki, əfv prezidentin səlahiyyətinə aid olan məsələlərdir: “Nəzərə alın ki, situasiya dəyişə bilər. Biz ehtimallar və təhlil əsasında danışırıq”. Hüquq müdafiəçisi Leyla Yunus isə kimin azadlığa buraxılacağı haqqında bir söz deyə bilməyəcəyini vurğuladı: “Bu ölkədə siyasi məhbus problemi ona görə yaradılıb ki, hakimiyyət siyasi məhbuslarsız ölkəni idarə edə bilmir. Onlar istəyir ki, cəmiyyət, vətəndaşlar qorxu hissi ilə yaşasınlar. Bu səbəbdən ölkədə siyasi məhbus var. Fikrimcə, əfv cinayət törədən insanların prezident tərəfindən xoş məram nümayiş etdirərək azadlığa buraxmasıdır. Ancaq bizdə siyasi və vicdan məhbusları var və onlar heç bir cinayət törətməyiblər. Bu məhbuslara əfv deyil, reablitasiya lazımdır. Ancaq neçə illərdir ki, bizdə günahsız insanları həbs edirlər. Sonra orta əsrlərdə olduğu kimi ombudsman prezidentə müraciət edir ki, bu insanları azadlığa burax. Adətən Stalindən xahiş edirdilər ki, filankəslərin günahından keç. Burada siyasi məhbusların günahı yoxdur. Bu adamların günahından neçə keçsinlər”. Hüquq müdafiəçisi əlavə edib ki, sabiq nazirlərin azadlığa buraxılıb-buraxılmayacağı haqqında da bir söz demək çətindir: “Mən heç bilmirdim ki, onları həbs edə bilərlər. Bu haqda onların özləri düşünməli idilər”. Bizim Yol Geri qayıt |