Əsas Səhifə > Cəmiyyət > FHN ŞEFİNİN ADAMI SAKİNLƏRİ HƏDƏLƏDİ

FHN ŞEFİNİN ADAMI SAKİNLƏRİ HƏDƏLƏDİ


17-12-2011, 12:23
FHN ŞEFİNİN ADAMI SAKİNLƏRİ HƏDƏLƏDİ

“EVİNİZDƏN ÇIXMASANIZ”…

Nərimanov rayonunda sakinlər evlərini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Bu haqda “Qafqazinfo”ya rayon sakini Məmişova Xalimə məlumat verib. O bildirib ki, Nərimanov rayonunda yaşadığı özəl ev və obyektləri uçurmaq və yerində yeni yaşayış binası tikmək istəyirlər: “Nərimanov rayonunda, Həsənoğlu küçəsi 12, korpus 7-də yerləşən mənzil 2 və 3 mənə məxsusdur. Bundan başqa, bu ərazidə özəl obyektlərimiz də var. Lakin bizi buradan zorla çıxarmaq istəyirlər. Nərimanov rayonunun icra hakiminin birinci müavini İbadov Şahmar Bəybala oğlu və özünü Fövqəladə Hallar Nazirliyinin işçisi kimi təqdim edən İbrahim adlı şəxs “90 MP 337” nömrəli “Prado” avtomobili ilə yaşadığımız əraziyə gəldilər və bizə evlərimizi boşaltmağı tapşırdılar”.

Xalimə Məmişova bildirib ki, onlara buradakı evlər və obyektlərin söküləcəyini ve yerində 12 mərtəbəli yaşayış binası tikiləcəyini deiblər. X.Məmişovanın dediyinə görə, sakinlərin bəzilərinə 10-20 min kirayə haqqı təklif edib evlərindən çıxmağa razı salıblar: “Ancaq biz buna razı deyilik. Mən və qonşularım yaşadığımız ərazidəki bazar qiymətlərinə uyğun olaraq evlərimizin hər kvadrat metrinə görə 3000 manat, dükanlara görə isə 6000 manat tələb edirik. Onlar isə bunu ödəmək istəmirlər”.

Xalimə xanım evlərini sökmək istəyən şəxslərin əllərində buna aid heç bir qanuni sənəd olmadığını bildirib: “Hər gün buradakı insanları bir yerə yığıb onları hər cür təzyiq yolları ilə evlərindən çıxaracağını deyir, hədə-qorxu gəlirlər. Deyirlər ki, sizə kirayə haqqı verək və yeni bina tikildikdən sonra, 1 il sonra burada sizə ev veriləcək. Lakin buna zəmanət verən heç bir sənəd vermək istəmirlər. Dekabrın 2-də buradakı 3 binanın ərazisini qanunsuz olaraq hasarlamaqçün tikinti materiallarını boşaltmaq istəyirdilər, o zaman mülkiyyətçilərlə onlar arasında qarşıdurma yarandı. Konstitusiyaya görə, bizim evlərimiz və obyektlərimiz toxunulmazdır. Bizi heç kim buradan çıxmağa məcbur edə bilməz. Onlar bizim hüququmuzu tapdalayırlar. Əgər yaxın günlərdə evimizi tərk etməsək, evin bir hissəsini uçurmağa başlayacaqlar, sonra da saxta rəy yazdırıb bu evlərin əvvəldən zədəli olduğunu, bu səbəbdən uçurulması lazım olduğu haqda razılıq əldə etmək kimi fikirləri də var. Hətta evdən çıxmasaq, polis gücünə bizi buradan çıxaracaqlarını da deyiblər. Bir sözlə, buranı sökmək üçün hər yola əl atacaqlarını deyirlər. Mənim evimdə 1-ci qrup ömürlük əlil olan anam var, ailəm 10 nəfərdən ibarətdir. Mən evsiz necə qala bilərəm? Bu haqda ölkə prezidentinə, Baş Prokurorluğa, Fövqəladə Hallar Nazirliyinə müraciət göndərmişəm. İstəyirəm ki, haqq səsimizi eşitsinlər”.


Geri qayıt