Əsas Səhifə > Partiya > RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA DÖNƏCƏKMİ?

RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA DÖNƏCƏKMİ?


13-06-2013, 11:58
RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA DÖNƏCƏKMİ?
“Milli Şura seçkilərə vahid namizədlə qatılsa da, qatılmasa da, Rüstəm İbrahimbəyov Bakıya dönsə də, dönməsə də müxalifət seçkidə heç bir uğur əldə edə bilməyəcək”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Yevda Abramov söyləyib.
Xatırladaq ki, Milli Şuranın yenicə sədri seçilən kinodramaturq Rüstəm İbrahimbəyovun tərəfdarları onun qarşıdan gələn seçkilərdə müxalifətin vahid namizədi olacağını və iyun ayının 25-də Bakıya dönəcəyini iddia edirlər. Siyasi ekspertlər isə Milli Şura sədrinin Bakıya qayıdacağına böyük şübhə ilə yanaşaraq, onun eks-spiker Rəsul Quliyevin yolunu tutduğunu, xaricdən ölkə müxalifətini idarə etmək niyyətində olduğunu və bu cəhdin fiaskoya uğrayacağını bəyan edirlər.
Millət vəkili Yevda Abramov da deyilənlərlə razılaşır: “Rüstəm İbrahimbəyov xaricdə oturub ölkə müxalifətinin lideri olduğunu düşünürsə, yanılır. Özü öndə olmayan liderin arxasınca heç kim getməz. Bir məqam da var ki, Azərbaycan müxalifətində bu təcrübə olub və iddialı namizədlər Bakıya qayıtmağa cəsarət tapmadıqları üçün siyasi cəhətdən özlərini bitiriblər. Milli Şura ideyası müxalifətin indiyə qədər yaratdığı birliklər arasında ən zəifidir. Bu quruma qoşulanlar bir-birinə etibar etmirlər, haqlarında kompromat yığırlar. Çünki özləri də gözəl bilirlər ki, seçkilərin nəticəsi məlumdur. Bu səbəbdən məsuliyyəti boyunlarından atmağa, günahkar axtarışına çıxmağa çalışırlar”.

Geri qayıt