Əsas Səhifə > Dünya > QAZAXLARIN QİYAMI NARAHATLIQ YARADIB

QAZAXLARIN QİYAMI NARAHATLIQ YARADIB


17-12-2011, 11:18
QAZAXLARIN QİYAMI NARAHATLIQ YARADIB

70 AKSİYAÇI HƏBS OLUNUB, 10 NƏFƏR İSƏ ÖLÜB

Ötən gün Qazaxıstanın Janaozen şəhərində baş verən iğtişaşlar zamanı polis əməkdaşları 70-dək aksiya iştirakçısını həbs edib.

APA-nın məlumatına görə, bunu Qazaxıstanın daxili işlər naziri Kalmuxanbet Qasımov bildirib.

Nazirin sözlərinə görə, artıq şəhərdə vəziyyət sabitləşib. Rəsmi məlumatlara əsasən, hadisə nəticəsində 10 nəfər ölüb, 75 mülki vətəndaş və 6 polis əməkdaşı yaralanıb.

K.Qasımov qeyd edib ki, iğtişaşları törədən əvvəllər işdən ixtisar edilən neftçilər olub. Həmin şəxslər şəhər ərazisində Qazaxıstanın Müstəqillik Gününə həsr olunmuş bayram tədbirlərinin keçirilməsinə maneçilik törədiblər.

Qeyd edək ki, bu hadisələrdən sonra «Ozenmunayqaz» şirkətinin («Qazmunayqaz»ın törəmə qurumu) bəzi işçiləri öz təhlükəsizliyini təmin etmək məqsədi ilə gecə və səhər növbəsində işə çıxmayıblar. İğtişaşlar nəticəsində «Ozenmunayqaz»ın inzibati binası yandırılıb və talan edilib, ofis texnikası və sənədlərin əsas hissəsi məhv edilib. Etiraz aksiyalarında artıq 6 ay ərzində maaşlarını almayan neftçilərin iştirak etdiyi bildirilsə də, bəzi mənbələr iğtişaşların kənar şəxslər tərəfindən törədildiyini vurğulayır.

Bununla yanaşı bildirilir ki, BMT-nin İnsan haqları üzrə Komitəsi Qazaxıstandakı hadisələr və bunun nəticəsində 10 nəfərin həlak olması ilə bağlı narahatlığını açıqlayıb. Təşkilatın yaydığı bəyanatda qeyd olunur ki, Komitə Qazaxıstan hakimiyyətini insidenti tez bir zamanda araşdırmağa və sərt tədbirlər görmədən ictimai asayişi bərpa etməyə çağırıb.


Geri qayıt