Əsas Səhifə > Ölkə > SAXTA FHN İŞÇİLƏRİ YAXALANIB

SAXTA FHN İŞÇİLƏRİ YAXALANIB


16-12-2011, 13:29
SAXTA FHN İŞÇİLƏRİ YAXALANIB

17 NƏFƏRƏ CİNAYƏT İŞİ AÇILIB

Özlərini Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı kimi təqdim edən şəxslər və digər neqativ hallarla bağlı bu il 17 fakt üzrə cinayət işi başlanılıb. Trend-in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov cümə günü qurumun yaradılmasının 6-cı ildönümünə həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

"Özlərini FHN-in əməkdaşı kimi təqdim edən şəxslər tərəfindən işə düzəltməkdə kömək göstərmək adı ilə vətəndaşları aldadaraq onlardan pul alınması, obyektlərin istismara qəbulu ilə bağlı aktlara saxta möhürlərin vurulması, eləcə də, yerli icra hakimiyyəti nümayəndələri tərəfindən təbii fəlakət nəticəsində dəyən ziyanla əlaqədar dövlət tərəfindən ödənilən məbləğin bir hissəsinin mənimsənilməsi və yararsız hala düşən evlərin yerində yeni evlərin tikintisi ilə əlaqədar rüşvət istənməsi və digər məsələlərlə əlaqədar daxil olmuş əməliyyat məlumtları əsasında araşdırmalarla əlaqədar il ərzində prokurorluq orqanlarına 35 material göndərilib", - nazir deyib.

Onun sözlərinə, bunlardan 17-si üzrə cinayət işi başlanıb, digərləri üzrə araşdırmalar davam edir.

Heydərov deyib ki, 2011-ci ildə nazirliyin əməkdaşlarının qanunsuz hərəkətləri barədə FHN-ə 92 müraciət daxil olub. Bunların araşdırılması nəticəsində Respublika Baş Prokurorluğuna göndərilmiş materiallar əsasında nazirliyin qurumlarına işə düzəltməkdə kömək göstərilməsi adı ilə vətəndaşları aldadaraq pul alınması ilə bağlı 4 əməkdaş barədə qanunvericiliyə uyğun olaraq cinayət işi başlayıb. Ötən illərlə müqayisədə neqativ halların sayı azalsa da, yerlərdə hələ də xidmət intizamının pozulması hallarına yol verilir.

Nazir əlavə edib ki, 2011-ci ildə 15 əməkdaş xidmətdən xaric edilib, 1 əməkdaş aşağı vəzifəyə keçirilib, 2 əməkdaş tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq edilib. 25 əməkdaş barəsində digər intizam tədbirləri həyata keçirilib.

Geri qayıt