Əsas Səhifə > Ölkə, Manşet > MƏMURLARIN “ƏRƏB BAHARI” GƏLDİ
MƏMURLARIN “ƏRƏB BAHARI” GƏLDİ16-12-2011, 13:25 |
NAZİRLƏRİN ƏMLAKLARI SİYAHIYA ALINIR: İLK OLARAQ QARAYEVDƏN BAŞLADILAR DİA.AZ: - Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məxsus ticarət obyektləri və mülklərin siyahısının hazırlanması barədə Dövlət Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənova göstəriş verilib. Artıq komitə sədri nazirin mülkiyyəti haqqında bilgiləri toplamaqla məşğuldur. Bu barədə redaksiyamıza adının çəkilməsini istəməyən etibarlı qaynaq bildirib. Qaynağın deməsinə görə, məsələ yalnız Əbülfəs Qarayevin ayağındakı əmlakdan da getmir: "Məlumdur ki, Azərbaycanda iri məmurlar bir qayda olaraq biznes sahələrini və mülkiyyətlərinin əhəmiyyətli hissəsini yaxınlarının adına sənədləşdirirlər. Elə ona görə də mədəniyyət və turizm nazirinin "əmlak dosyesi" hazırlanarkən onunla ailəvi və işgüzar yaxınlığı olan şəxslərə məxsus daşınmaz əmlak - villalar, bağ evləri, ticarət obyektləri, torpaq sahələri barədə də məlumatlar toplanacaq". Mənbə bildirib ki, haqqında danışılan məsələ ilə bağlı göstəriş kifayət qədər yuxarı dairələrdən gəlib və iki məqsəd daşıya bilər. Birinci, mümkündür ki, Qarayevin maddi gücü son vaxtlar xeyli artıb və ona qarşı məlum addım da iqtidardakı müxtəlif iri çəkili məmurlarla bağlı tez-tez rastlanan "profilaktik tədbirdir. Yəni Əbülfəs müəllimin maddi gücünün artmasının sonradan onun siyasi iddialarının da yaranmasına gətirib çıxaracağını düşünən bəzi iqtidariçi çevrələr önləyici addım atmağı qərarlaşdırıblar. İkinci versiya isə ondan ibarətdir ki, Əbülfəs Qarayevin adı son vaxtlar hakimiyyətdaxili proseslərdə hallanmağa başlayıb. Belə ki, ola bilər, onun iqtidardakı hansısa qrupla yaxınlığı və "daxili müxalifət"in əsas fiqurlarından olması barədə hətta Wikileaks saytında Azərbaycanla bağlı açıqlanan yazışmalaradək gedib çıxan iddialar mədəniyyət və turizm nazirini hədəfə gətirib. Lakin bu barədə bir başqa qaynaqlardan fərqli məlumatlar əldə etmişik. Belə ki, mötəbər mənbələrin «Dünya» İnformasiya Agentliyi redaksiyasına söylədiklərindən belə aydın olur ki, əslində Əbülfəz Qarayevlə bağlı başlayan siyahıyaalma prosesi digər oliqarxları da əhatə edəcək: «Hər halda, bu həm də dövlətimizin təhlükəsiliyi baxımından vacibdir. «Oliqarx-məmurlar istədikləri zaman təhlükəyə çevrilə bilərlər» fikri kifayət qədər əsaslı olduğundan məlum əndişəni təbii qəbul etmək lazımdır». Mənbənin bildirdiyinə görə, necə ki oliqarxlar əllərindəki siyasi və iqtisadi rıçaqlar hesabına hər zaman təzyiq etmə iqtidarındadırlar, eləcə də əmlakları və pulları baxımından da eyni haqqla girov hesab olunurlar: «Elə buna görə də bu prosesi məmurların «ərəb baharı» kimi də qəbul etmək olar». Geri qayıt |