Əsas Səhifə > Cəmiyyət > “ƏFV VERMƏK HÜQUQU YALNIZ CƏNAB PREZİDENTƏ MƏXSUSDUR”

“ƏFV VERMƏK HÜQUQU YALNIZ CƏNAB PREZİDENTƏ MƏXSUSDUR”


14-12-2011, 16:11
“ƏFV VERMƏK HÜQUQU YALNIZ CƏNAB PREZİDENTƏ MƏXSUSDUR”

“HƏLƏLİK MÜRACİƏTLƏRİN SAYINI DƏQİQLƏŞDİRMƏK MÜMKÜN DEYİL”

“Media forum” saytının suallarını Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev cavablandırır.

- Komissiyanın iclasları davam edirmi?

- Davam edir. Ümumi şəkildə işlərə baxılır, müraciətlər araşdırılır və müvafiq tövsiyələr hazırlanır. İclasların keçirilməsi ilə bağlı məhdudiyyətlər yoxdur, komissiya daimi işləyir. Həm komissiya üzvləri ayrı-ayrılıqda vətəndaşları qəbul edir, dinləyir, müraciətlərini araşdırır, həm də komissiya olaraq ümumi toplanmış müraciətlərə baxırıq və tövsiyələr hazırlayırıq.

Amma bütün bunlar hamısı tövsiyə xarakteri daşıyır. Konstitusiyaya əsasən, əfv vermək hüququ yalnız cənab prezidentə məxsusdur. Bu, prezidentin vəzifəsi deyil, hüququdur. Cənab prezident bu hüquqdan istifadə edə də bilər, etməyə də bilər. Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin dövründə xeyli sayda əfv sərəncamı imzalanıb. Bu da vətəndaşlara yenidən normal həyata qayıtmaq və ailəsinə qovuşmaq imkanı yaradır. Gərək vətəndaşlar da bunu doğru qiymətləndirsinlər. Bəzən elə hallar olur ki, əfv olunan və ya amnistiyaya düşən insan cinayət törədib məhbəsə qayıdır və əfv üçün yenidən müraciət edir. Bu, yaxşı hal deyil. Cənab prezident o ümidlə vətəndaşları əfv edir ki, onlar öz səhvlərini başa düşərək bir daha belə cinayətlərə yol verməyəcəklər və normal vətəndaş kimi öz işlərini cəmiyyətdə davam etdirəcəklər.

- Növbəti toplantının nə vaxt keçiriləcəyi məlumdurmu?

- Növbəti iclasın nə vaxt olacağını konkret deyə bilmərəm. Amma hər halda iclaslar və iş davam edir.

- Komissiya üzvlərinə əfv üçün edilən müraciətlər çoxdurmu?

- Hələlik müraciətlərin sayını dəqiqləşdirmək mümkün deyil. Çünki proses davam edir, Əfv Məsələləri Komissiyası daimi fəaliyyət göstərən bir institutdur, il ərzində daxil olan müraciətlər araşdırılır, öyrənilir və Prezident Administrasiyasının əfv sektoruna təqdim olunur. Əfv sektoru da müəyyən məsələləri araşdırır. Ona görə də daxil olan müraciətlərin sayını yalnız sonda dəqiqləşdirə bilirik. Çünki komissiyanın bütün üzvlərinə, birbaşa Əfv Komissiyasına, Prezident Administrasiyasının əfv sektoruna müraciətlər daxil olur. Bütün bunlara görə indi müraciətlərin sayı haqda konkret fikir söyləmək tezdir. Amma onu deyə bilərəm ki, Əfv Komissiyası çox intensiv şəkildə işləyir. Bütün müraciətlərə ədalətli, obyektiv və demokratik şəkildə baxılır və rəy verilir.

- Cəmiyyətdə məşhur olan və siyasi məhbus kimi təqdim olunan şəxslərin işinə baxılırmı? Onlarla bağlı müraciət daxil olubmu?

- Bizim üçün jurnalistlərin məhbusları necə təqdim etməsi əhəmiyyətli deyil. Komissiya üçün ən başlıca amil müraciət edən məhbusların islah olunması və onların əfv üçün kifayət qədər əsasların mövcud olmasıdır. Bu baxımdan kimliyindən asılı olmayaraq daxil olan bütün müraciətlərə baxılır, müraciət edənlərin hüquq və azadlıqları, mənafeləri Əfv Komissiyası tərəfindən bərabər şəkildə qorunur.

- Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu Əfv Məsələləri Komissiyasına müraciət etmişdi. Onlar özlərinin hazırladıqları siyasi məhbuslar siyahısını da komissiyaya göndəriblər. Hüquq müdafiəçilərinin müraciətinə baxılırmı?

- Hüquq müdafiə təşkilatlarının Əfv Komissiyasına müraciət etməsi haqda məlumatım yoxdur.


Geri qayıt