Əsas Səhifə > Cəmiyyət > DİN POLKOVNİKİN ÖLÜMÜ İLƏ BAĞLI MƏLUMAT YAYDI
DİN POLKOVNİKİN ÖLÜMÜ İLƏ BAĞLI MƏLUMAT YAYDI14-12-2011, 15:50 |
MƏRHUM KİMSƏYƏ DEMƏDƏN EVİ TƏRK EDİB Azərbaycan Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasının keçmiş rəisinin ölümü ilə bağlı maraqlı faktlar açıqlanıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, sabiq polis polkovnik-leytenantı Namiq Ələkbərov Bakının Nəsimi rayonunda yaşayıb. Ailə üzvlərinin istintaqa verdiyi ifadəsinə görə, N. Ələkbərov dekabrın 14-ü saat 01.30 radələrində evdə kompyuterdə işləyirmiş. Hələlik istintaqa məlum olmayan səbəbdən o, ailə üzvlərinə də heç bir söz demədən evdən çıxıb. Bunu görən mərhumun həyat yoldaşı ondan hara getdiyini soruşub. N. Ələkbərov isə narahatlığa əsas olmadığını, bir azdan qayıdacağını deyib. Təxminən iki saat sonra - saat 03.30 radələrində N. Ələkbərovun meyiti Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 83 saylı binanın qarşısında tapılıb. Onun başından aldığı güllə yarasından öldüyü müəyyənləşib. Mərhumun meyitinin yanında “Makarov” tipli tapança da aşkarlanıb. İlkin ehtimala görə, mərhum N. Ələkbərov yaşadığı evdən meyitinin tapıldığı ünvana taksi, yaxud başqa nəqliyyat vasitəsi ilə gedib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, mərhumla bağlı bütün detallar araşdırılır. Araşdırmaların sonunda N. Ələkbərovun intihar etməsi və yaxud qətlə yetirilməsi müəyyən olunacaq. Qeyd edək ki, Yasamal rayon prokuroru Həsrət Pirməmmədov APA-ya açıqlamasında baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət işinin açıldığını bildirib. H. Pirməmmədov qeyd edib ki, hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Araşdırmalar zamanı Namiq Ələkbərovun öldürülməsi faktı təsdiqini taparsa, cinayət işi qəsdən adam öldürmə maddəsinə tövsif oluna bilər. Xatırladaq ki, N. Ələkbərov Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasının rəisi olub, bir neçə il əvvəl təqaüdə çıxıb. Geri qayıt |