Əsas Səhifə > Ölkə > BEYNƏLXALQ BANKA AĞIR ZƏRBƏ

BEYNƏLXALQ BANKA AĞIR ZƏRBƏ


14-12-2011, 15:20
BEYNƏLXALQ BANKA AĞIR ZƏRBƏ

ABB 111 MİN 124 MANAT İTKİYƏ MƏRUZ QALIB

Azərbaycan Beynəlxalq Bankı qrupu 2010-cu ildə 111 124 min manat ziyana düşüb. "Deloitte & Touche" şirkəti bu haqda 82 səhifəlik şərti auditor rəyi verib. O, ABB-nin saytında yerləşdirilib (www.ibar.az). Bu ilin fevralında ABB Azərbaycanda təkcə bank xidmətlərindən 48,8 mln manat xalis mənfəət əldə etdiyini bildirmışdi.

Qrupun ziyanı 2009-2010-cu illərdə Moskvada bir neçə tikinti şirkətinə 377 mln manat məbləğində uzunmüddətli kreditlərin dəyərsizləşməsi üzrə itkilər üçün ehtiyat yaradılması nəticəsində baş verib. Bu, məcmu kapitalın 362,6 mln manatdan (31 dekabr 2009-cu il) 251,5 mln manatadək azalmasına səbəb olub. Bankın nizamnamə kapitalı isə 240 mln manatdır.

Auditor rəyində deyilir ki, "Deloitte & Touche" alternativ üsullarla Rusiyada kreditlərin dəyərsziləşməsi üzrə ehtiyatını müəyyən edə bilməyib. Hərçənd bank bu kreditlər üçün şirkətlərin özlərinin buraxdığı səhmlər şəklində girov təminatı barədə müqavilələrə malik olub. Azərbaycanın Maliyyə Nazirliyi şəxsində Direktorlar Şurasının və menecmentin belə dumanlı kreditə necə razılıq verdiyi bəlli deyil.

Maliyyə aktivlərinin qiymətdən düşməsi üzrə ehtiyatın mühasibat balansına daxil edilməsi "mövcud iqtisadi və siyasi vəziyyətlə" şərtlənib. Auditor qeyd edib ki, ABB qrupu RF-də hansı dəyişikliklər baş verəcəyini ehtimal edə bilmir. ABB "əldə edilənlərlə kifayətlənmək istəmir", rəydə deyilir ki, RF-də kreditləşdirilən tikinti layihələrinin tam başa çatması üçün yeni maliyyə imkanları axtaracaq. 2009-2010-cu illərdə bank RF-də kreditlərin qiymətdən düşməsi üzrə 181,2 mln manat ehtiyat yaradıb.

ABB-nin maliyyə vəziyyətinin pisləşməsi ona gətirib çıxarıb ki, bank iki ildir dalbadal AMB-nin səhmdar (6% ) və məcmu (12%) kapitalın adekvatlığı tələbini ödəyə bilmir. Əgər 2009-cu ildə bu göstərici müvafiq olaraq 7,97% və 11,27% idisə, 2010-cu ildə 5,1% və 8,25% olub. Demək, AMB istənilən vaxt maliyyə sanksiyası tətbiq edə, hətta ABB-nin lisenziyasını ləğv edə bilər.

Auditor hesablayıb ki, səhmdarlara məxsus kapital 2009-cu ildən 108,3 mln manat azalıb və 31 dekabr 2010-cu il üçün 229,7 mln manat olub. Beləliklə, 1 səhm üzrə itki həcmi 0,11 manat olub. Nominal qiymət isə 0,24 manatdır. Nəticədə Turan İA-da olan məlumata əsasən, səhmlərin bazar qiyməti 0,20-dən 0,16 manata (13 dekabr 2011-ci il) düşüb.

Mühasibat hesabatına əsasən, ABB-nin aktivləri 2011-ci ilin əvvəlində 4 458,3 mln manat olub. Səhmdar kapital nəzərə alınmadan qrupun öhdəliyi 4 106 mln manat tə.kil edib.

ABB-nin səhm nəzarət zərfi (50,2%) dövlətə məxsusdur. Bu ilin mayında hökumət beynəlxalq konsorsiumla dövlətin payının özəlləşdirilməsi üzrə maliyyə məsləhəti xidməti üzrə müqavilə bağlayıb. Səhmlərin 39,17%-i fiziki yerli şəxslərə (bank əməkdaşalrı da daxil min beş yüz nəfər) məxsusdur. Yerli şirkətlər 2,73% səhmə malikdir. Xarici investorlar bankın 7,9% səhmini alıb.


Geri qayıt