Əsas Səhifə > Cəmiyyət, Manşet > ƏLİ HƏSƏNOV QAÇQIN AİLƏLƏRİNƏ NİYƏ ZÜLM EDİR?

ƏLİ HƏSƏNOV QAÇQIN AİLƏLƏRİNƏ NİYƏ ZÜLM EDİR?


3-06-2013, 15:15
ƏLİ HƏSƏNOV QAÇQIN AİLƏLƏRİNƏ NİYƏ ZÜLM EDİR?
ETİRAZA QALXAN NARAZILAR TALEYİN ÜMİDİNƏ BURAXILIB

DİA.AZ: - Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşmış məcburi köçkün ailələrinin evlə təmin olunması məsələsində ciddi problem yaranıb. Bildirək ki, rəsmi mənbələr - həm BDU rəhbərliyi və həm də Məcburi Köçkün və Qaçqınlarla İş üzrə Dövlət Komitəsi artıq köçürülmə prosesinin başa çatdığını bildirir. Amma reallıq tamam fərqlidir.

Bu barədə DİA.AZ-a şikayətlənən BDU yataqxanalarında məskunlaşan bir qrup məcburi köçkün bildirir ki, rəsmi dövlət qurumları köçürülmə prosesinin başa çatdığını bəyan etsələr də, amma reallıq tamam fərqlidir:


«19 qaçqın ailəsi bu gün də yataqxanada yaşayır. Amma «Qaçqınkom» bu ailələrə müxtəlif bəhanələr gətirərək ev vermək istəmir. Burada rüşvətin istənildiyi barədə də söhbətlər yayılıb».

Qaçqın ailələri redaksiyamıza yazırlar ki, ev verməsələr də, artıq 5 gündür ki, yataqxanalar rəsmən kommunal blokadaya alınıb: «Həm qazımızı, həm suyumuzu və həm də işığımızı kəsiblər. Bizə şəhərin mərkəzində cəhənnəm dəhşəti yaşadırlar».

Şikayətçilər bildirir ki, keçən şənbə günü etiraz olaraq yaxınlıqdakı magistarl yolu da kəsiblər: «Amma bunun da xeyri olmadı və bizə yalandan vəd verdilər. Belə də zülm olar? Ya bizi evlə təmin etsinlər, ya da əvvəlki kimi qazımızı, işığımızı, suyumuzu bərpa etsinlər».

Onu da bildirək ki, BDU yataqxanalarının kommunal xərci ilə bağlı yaranmış problem həm BDU rəhbərliyinin və həm də «Qaçqınkom»un məsələ ilə bağlı yaxalarını kənara çəkmələri səbəbindən ortaya çıxıb. Belə ki, heç bir qurum qaçqınların işlətdiyi qazın, suyun, işığın pulunu ödəmək istəmədiyindən müvafiq dövlət qurumları məlum addımı atmalı olublar.

Amma unutmaq lazım deyil ki, söhbət 19 ailənin taleyindən gedir…

Geri qayıt