Əsas Səhifə > Gündəm, Manşet > CAHANGİR ƏSGƏROVA QARŞI MƏXFİ PLAN

CAHANGİR ƏSGƏROVA QARŞI MƏXFİ PLAN


14-12-2011, 11:50
CAHANGİR ƏSGƏROVA QARŞI MƏXFİ PLAN

«AEROPORT» ƏMƏLIYYATININ ARXASINDA NƏ DURUR?

DİA.AZ: - Xəbər verildiyi kimi Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat nəticəsində Bakı-Moskva aviareysiylə uçmaq istəyən Emin Ramazanov adlı Azərbaycan vətəndaşı həbs edilib. Yayılan rəsmi məlumatda bildirilir ki, hal şahidlərinin iştirakı ilə E.Ramazanovun əl çantasına baxış keçirilərkən orada 253800 ABŞ dolları aşkar olunaraq protokol əsasında götürülüb. Dindirmə zamanı saxlanılan şəxs həmin pulları «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) Aviasiya Təhlükəsizliyi İdarəsinin növbə rəisinin müavini rəşadət Vəliyevin köməkliyi ilə gömrük nəzarətindən gizli yolla keçirildiyini deyib. Daha doğrusu, sonuncu həmin pulları özü gizli yolla keçirdikdən sonra E.Ramazanova verib. Əməliyyatçılar isə E.Ramazanovu son anda yaxalamağa müvəffəq olub və onu elə təyyarənin salonundaca həbs ediblər.

Baş vermiş hadisə bir daha onun təsdiqi hesab oluna bilər ki, illər uzunu müxalif mətbuatın irikalibrli məmurların həyat tərzi və idarəçilk metodlarıyla bağlı yazdıqları silsilə materiallar mövcud eybəcər reallığı əks etdirir. Əlbəttə, bu gün məmurlar o qədər intəhasız varlanıblar ki, 253800 ABŞ dolları onlar üçün az qala bir günlük eyş-işrət xərcindən artıq deyil. Ancaq məsələnin digər tərəfi ondan ibarətdir ki, artıq cəzasızlıq mühiti hətta sadə insanları belə, bu cür saymazyana davranış sərgiləməyə sövq edir və onlar rüşvət hesabına gömrükdən yan keçməklə istədikləri məbləği asanlıqla Azərbaycandan çıxara bilirlər. Odur ki, baş verən eybəcər olaydan sonra bir sıra vacib suallar ortaya çıxıb və onlara cavab verilməlidir.

Təbii ki, çox böyük ehtimalla istintaq birtərəfli aparılacaq və geniş ictimaiyyət baş verənlərdən, yüksək səlahiyyət sahiblərindən daha kimlərin bu cinayətdə iştirak etdiyindən müfəssəl məlumatlandırılmayacaq. Ancaq elə indinin özündə də asanlıqla müəyyənləşdirmək mümkündür ki, bu, sıradan bir cinayət deyil və daha böyük vəzifə sahiblərinin burada barmağı var. Digər tərəfdən, kim zəmanət verər ki, bu, birinci hadisədir? Kim bilir, bəlkə elə bu yolla ölkədən milyonlar-milyardlar çıxarılıb?

Bu yerdə xatırlatmaq yerinə düşərdi ki, təxminən 10 il öncə İstanbul aeroportunda da anoloji olay baş vermişdi və Azərbaycandan gedən aviareysdən nə az-nə çox, 400 kiloqram (hər birində 40 kiloqram olmaqla 10 bağlama) ağırlığında yüzlük ABŞ əskinasları (təxminən 40 milyon dollar civarında) tapılmışdı. O vaxt bu hadisə Türkiyədə ciddi rezonans doğurmuşdu və həmin pulların PKK-ya göndərildiyi, üstəlik, həmin sərvətin ölkənin baş cangüdəni Bəylər Əyyubova məxsus olduğu da hər iki ölkə mətbuatının gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilmişdi.

Son zamanlar isə məmurlar çirkli pulların ölkədən qadasız-bəlasız çıxarılmasının daha hiyləgər yolunu tapdıqlarından bu tip insidentlərə bir müddət idi ki, ya rast gəlinmirdi, ya da bunlar olsa belə ictimaiyyətdən mümkün qədər gizli saxlanılırdı. Bu azmış kimi «ərəb baharı»ndan sonra Yaxın Şərqdə yaşananlar və xarici banklardakı çirkli pulların sonrakı qaranlıq aqibəti məmurları alternativ «investisiya qoyuluşu»na vadar edib və onlar milyonlarını dünyanın müxtəlif ölkələrində əsasən daşınmaz əmlaka və qurama şirkətlərin adına yatırmağa meyl göstərməyə başlayıblar. Özü də bu pulları daha çox Rusiyaya, əsasən də Şimali Qafqaz respublikalarına yatırmaq perspektivli görünür. Məmurlar belə hesab edirlər ki, Rusiya qaranlıq dünyanın son istinadgahıdır və sonadək Qərbin demokratiya züytutanlarına müqavimət göstərəcək, bu isə onların pullarını müvəqqəti də olsa qoruyacaq. Odur ki, pulların bu cür saymazyana şəkildə əl çantasıyla aparılması bir qədər müəmmalıdır və bunun qurama bir iş olduğu şübhələrini də artırır. Unutmaq olmaz ki, AZAL prezidenti Cahangir Əsgərovun düşmənləri, rəqibləri dostlarından çoxdur və onu bitirmək üçün çoxsaylı təxribat ssenariləri hər zaman aktuallığını qoruyub saxlayıb. Ehtimal etmək olar ki, AZAL prezidenti Cahangir Əsgərova zərbə vurmaq istəyən rəqibləri belə bir məlumatı MTN-ə sızdırmaqla onu ictimai qınaq hədəfinə çevirmək istəyiblər.


Geri qayıt