Əsas Səhifə > Ölkə, Manşet > MÜSADİRƏ OLUNAN MALLAR NAZİRLƏRƏ HƏDİTYYƏ OLUNUR
MÜSADİRƏ OLUNAN MALLAR NAZİRLƏRƏ HƏDİTYYƏ OLUNUR3-06-2013, 12:21 |
ASTARANIN BAŞ GÖMRÜKÇÜSÜNÜN GEDİŞLƏRİ DİA.AZ: - Dövlət Gömrük Komitəsi daxilində bir gərginlik yaşanmaqdadır. Bu barədə DİA.AZ-a məlumat verən gömrükdəki bilgili qaynaqların sözlərindən belə məlum olur ki, DGK rəhbəri Aydın Əliyev son aylarda kifayət qədər mövqe itkisinə uğrayıb, eyni zamanda DGK xətti ilə verilən hesabatlarda aşkarlanan «böyük yeyinti izi» də Aydın Əliyev üçün əməlli-başlı başğarısına çevrilib. Mənbə DİA.AZ-a bildirir ki, Aydın Əliyevə «yuxarıların» etimadının azalması onun rəqibləri üçün də əlavə fürsət yaradıb. Söhbət bu gün Aydın Əliyevin yerinə keçə bilməsi, gömrük sisteminin rəhbəri olması üçün külli miqdarda pul xərcləməyə hazır olduğunu bəyan edən Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədovdan gedir. Xatırladaq ki, Hikmət Məmmədov kifayət qədər böyük həcmdə imkanlara, varidata malikdir. Hətta keçən il Quba hadisələrindən öncə onun sözügedən rayona başçı getmək niyyətinin olduğu da söylənilirdi. Əslində Quba RİH başçısı postunu «Rokfeller» ləqəbli Hikmət Məmmədov özü üçün tramplin rolunda görürdü və bundan sonra onun PA-ya vəzifəyə getmək arzusunun olması söylənilirdi. DİA.AZ-ın əldə etdiyi son informasiyalarda isə bildirilir ki, artıq icra başçısı olmaq fikrindən daşınaraq, elə gömrükdəcə yüksəliş xəttini seçən Hikmət Məmmədov bu məqsədlə bir sıra addımları da atmaqdadır: «O, əlindəki imkanlara uyğun olaraq səxavət kisəsinin ağzını açıb. Məsələn, bu günlərdə yüksək ranqlı bir neçə məmura Hikmət Məmmədovun adından bahalı hədiyyələr göndərilib. Deyilənə görə, həmin hədiyyələrin əksəriyyəti gömrük orqanları tərəfindən Azərbaycan-İran sərhəddində müsadirə olunan mallar olub». Hədiyyələrin tarixi baxımdan da qiymətli olduğunu söyləyən mənbəmiz əlavə edib ki, onlardan biri zamanında Azərbaycandan İrana aparılan 1863-cü ildə toxunulmuş qədim Təbriz xalçası olub: «Həmin xalça sərhəddə müsadirə olunmuşdu. İndi isə məmurlarımızdan birinin evini bəzəyir». Mənbəmiz bildirir ki, ümumiyyətlə, gömrük orqanlarında müsadirə olunan malların böyük əksəriyyəti gömrükxana rəhbərliyi tərəfindən mənimsənilir: «Bu cür hallar isə Astara gömrükxanasında daha çox yaşanılır. Hətta Hikmət Məmmədovun müsadirə etdiyi malları sonradan satışa çıxararaq, pulları mənimsəməsini sübuta yetirən yüzlərlə fakt mövcuddur». Mənbəmizə görə, bu şəkildə «yuxarılara» «xod tapan» Hikmət Məmmədov eyni zamanda mətbuatda da öz işini görməkdədir: «Onun adından bu günlərdə bir neçə mətbu orqana «ənam» da göndərildi. Guya ki, 28 May Günü münasibətilə təbrik edirdi. Lakin bu «ənam»la yanaşı «mükafatı» alan qəzetçilərə Aydın Əliyevin əleyhinə olan materiallar da göndərilməkdədir». Beləcə Aydın Əliyevi devirməyə ciddi şəkildə girişən Hikmət Məmmədovun öz niyyətinə nail olub-olmayağı ilə bağlı danışan mənbəmiz qeyd etdi ki, ona kimin dəstək verib-verməyəcəyi hələlik bəlli deyil: «Hər halda, bahalı hədiyyələr öz rolunu oynamalıdır». Geri qayıt |