Əsas Səhifə > Gündəm, Manşet > KEÇMİŞ İCRA BAŞÇISINDAN NARAZILIQ EDƏN VAR

KEÇMİŞ İCRA BAŞÇISINDAN NARAZILIQ EDƏN VAR


1-06-2013, 11:23
KEÇMİŞ İCRA BAŞÇISINDAN NARAZILIQ EDƏN VAR
LAÇIN SAKİNİ HƏLƏ DƏ HAQQINI BƏRPA EDƏ BİLMİR: SƏSİNİ EŞİDƏN YOXDUR

DİA.AZ: - Laçın rayonunun Şeylanlı kəndindən olan məcburi köçkün Baxışov Müqabil Baxış oğlu redaksiyamıza göndərdiyi məktubda korrupsiya hüquqpozmaları ilə bağlı şikayətçi olduğundan təqibə və cəzaya məruz qaldığını yazır. Vətəndaşın infom.az-a göndərdiyi məktubu olduğu kimi təqdim edərkən xatırladırıq ki, müraciətdə yer alan faktların doğruluğu tərəfimizdən nə təsdiq, nə də inkar olunur.

Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılovun qanunsuz əməllərindən cana doyan məcburi köçkünlər, Ağcabədi rayonunun “Taxta körpü” ərazisində salınmış 552 evlik qəsəbənin paylanışı zamanı əyintilərdən sonra sərt addımlar atmağa məcbur oldu. 2012-ci ilin martın 7-də bir qrup rayon sakini əllərində ulu öndərimiz H. Əliyevin portretləri olmaqla Qarakeçdi obasından başlayaraq Ağcabədi -Zərdab magistral yolu istiqamətində dinc aksiya keçirməyə cəhd etdilər. Köçkünlər bu yolla rayonda baş alıb gedən korrupsiya əməllərinə etirazlarını bildirmək istəyirdilər. Lakin polis aksiyanın genişlənməsinə imkan vermədi.

Həmin vaxtlar mən rayon təhsil şöbəsində metodist vəzifəsində çalışırdım. Dəfələrlə R. Cəbrayılovun qəbulunda olub, rayonda baş verənlərə öz kəskin etirazımı bildirmişdim. Buna görə R. Cəbrayılov şübhələnirdi ki, aksiyanın təşkilatçısi mən və səhiyyə şöbəsinin müdir müavini Z. Əhmədovdur. Doğrusu aksiyanın keçirilməsində mənim heç bir rolum olmayıb. Lakin R. Cəbrayılov milliyyətcə kürd olduğumu əldə bayraq edərək, məndən qisas almaq məqsədilə sosial şəbəkələrdə belə bir dezinformasiya yaydırdı ki, guya PKK-nın Suriya və İraqda olan liderlərindən Laçın qış yataqlarına gələn olub, burada olan kürd əsilli sakinlərlə görüşüblər və mən də həmin görüşdə iştirak etmişəm.

Mən teleqram və ərizələrlə DİN-ə, Baş Prokurorluğa və Milli Təhlükəsizlik nazirliyinə müraciət etdim ki, məsələ araşdırılsın. Əgər həqiqətən PKK-çılarla görüş olubsa və həmin görüşdə mənim hər hansı iştirakım varsa, barəmdə cinayət işi açılsın, yox, barəmdə yalan məlumat yayılıbsa, onda bu məlumatı yayanlar cəzalandırılsınlar. Çox təssüf ki, bu orqanlar müraciətlərimə cavab vermədilər.
Məcburiyyət qarşısında qalıb Z. Əhmədovla 19 mart 2012-ci il tarixdə “Gündəlik Bakı” qəzetinin redaksiyasına getdik. Əlimdə olan təkzibolunmaz korrupsiya faktlarını, “Taxta körpü”də satılmış evlərin siyahısını və rayon xeyriyyə fondundan oğurlanmış pulların rəsmi cədvəllərinin surətini redaksiyaya təqdim etdim. Bu faktlar adıçəkilən qəzetdə dərc olunandan sonra mənə qarşı təzyiqlər getdikcə gücləndi. Dəfələrlə Rayon Təhsil Şöbəsinin müdiri M. Vəliyev mənə bildirdi ki, ya R.Cəbrayılovla barış, ya da işdən azad olunmağın barədə ərizəni yaz. Bir neçə dəfə səbəbini göstərməklə işdən azad olunmağım barədə ərizə yazsam da, şöbə müdiri qəbul etmədi.
24 mart 2012-ci il tarixdə səhhətimlə bağlı tutduğum vəzifədən azad olunmağım üçün ərizəmi M. Vəliyevə təqdim etdim. Müraciətim iştirakımla təhsil işçilərinin həmkarlar təşkilatında müzakirə olunarkən mən bildirdim ki, səhhətimdə heç bir problem yoxdur, lakin icra başçısı məni təhdid edir, ölümlə hədələyir, buna görə də iş yerimə gəlməyimə qorxuram. Təəssüf ki, icra başçısının diqtəsiylə işləyən bu orqan işdən azad olunmağıma razılıq verdi. Yuxarı orqanlara müraciət etsəm də, sanki mən bu ölkənin vətəndaşı deyiləm kimi əhəmiyyət verilmirdi. Həyatım olduqca təhlükə altında idi, hətta yaxınlarım da başıma gətiriləcəklərdən ehtiyatlanırdı.

04 iyun 2012-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirdim. Rayonumuzda baş verənlərlə bağlı kü3tləvi informasiya vasitələrinin əməkdaşlarına ətraflı məlumat verməklə yanaşı, Baş Prokurorluğa, Milli Təhlükəsizlik, Daxili İşlər nazirlilərinə, beynəlxalq hüquq müdafiəsi təşkilatlarına müraciət edərək həyatımın təhlükədə olduğunu, yaxın 15-20 gündə şərlənərək həbs olunacağımı bildirdim. 14 gün sonra- 18 iyun 2012-ci il tarixdə həbs olundum. R.Cəbrayilovun yaxın dostu, Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədovun götərişi ilə üzümə adam dirədib, məndən “xuliqan” düzəltdilər. Doğrusu, mən həbs olunandan sonra dövlətə və hökumətə olan inamım sarsıldı. 4 ay 16 gün Gəncə 2 saylı istintaq təcridxanasında saxlandıqdan sonra Ağcabədi rayon məhkəməsinin qərarı ilə 3 il şərti cəza alıb, buraxıldım.

Ağcabədi rayon polis və prokurorluq orqanlarında, xüsusən Ağcabədi rayon məhkəməsində olan ədalətsizliklə barışa bilmirdim. Biləndə ki, atamın, mənim və qardaşlarımın əmlakı bahasına azadlığa buraxılmışam, bunu sinirə bilmədim və atam Baxışov Baxışdan rüşvət qismində alınmış pulların geri qaytarılmasını tələb etdim. Bu vaxt həm Ramiz Cəbrayılovun, həm də Ağcabədi rayon məhkəməsinin sədri Xanlar Fərhadovun hədələrinə məruz qaldım. Başıma gətirilənləri mətbuat orqanları ilə bölüşdüyüm üçün DİN-in mətbuat xidmətinin rəhbəri Orxan Mənsurzadə DİN adından təkzib etməklə yanaşı, unvanıma təhqiramiz ifadələr işlədib. Bundan sonra yenidən təqibə məruz qalmışam.

Əlimdə R. Cəbrayılovun korrupsiya əməllərini ört-basdır olunması üçün sifarişlə həbs olunduğumu, Ağcabədi RPŞ-də və Ağcabədi rayon məhkəməsində ciddi qanun pozuntularına yol verildiyini sübut edəcək təkzibolunmaz faktlar var. Lakin onları araşdırmaqda maraqlı olan bir orqan yoxdur. Pozulan hüquqlarımın bərpası üçün bilmirəm bundan sonra hara, kimə müraciət edim.

Baxışov Müqabil Baxış oğlu,
Laçın rayonunun Şeylanlı kəndindən məcburi köçkün

Geri qayıt