Əsas Səhifə > Cəmiyyət > KEÇMİŞ SƏFİR İNDİKİ SƏFİRİ MÜDAFİƏ ETDİ

KEÇMİŞ SƏFİR İNDİKİ SƏFİRİ MÜDAFİƏ ETDİ


13-12-2011, 13:23
KEÇMİŞ SƏFİR İNDİKİ SƏFİRİ MÜDAFİƏ ETDİ

“BU ADDIM AMERİKA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ MANEDİR”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Avrasiya Analitik Şurasının rəhbəri Ross Uilson Metyu Brayzanın ABŞ-ın Bakıdakı səfiri kimi namizədliyinin təsdiqlənməsi ətrafında yaranmış vəziyyəti Turan agentliyinə şərh edib.

Azərbaycanda “səfir böhranı”nı nə ilə izah etmək olar? Belə ki, əvvəlki illərdə səfirlərin təyinatı məsələsi o qədər də çətin deyildi.

R.Uilson bu sualın cavabında bildirib ki, son 10-15 ildə səfirlərin təyinatı və ya dövlət başçısının digər təyinatları daha çox mübahisə doğurur.

“Mənim təyinatım bir neçə ay davam etmişdi, lakin sonda baş tutmuşdu. Hazırkı vəziyyətin spesifik xüsusiyyəti ondan ibarətdir ki, bir və ya bir neçə senatorun hərəkəti Brayzanın namizədliyinin təsdiqlənməsinə mane olur. Sözsüz ki, bu, ABŞ-ın yürütdüyü xarici siyasətdə uğura və Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına xidmət etmir. Lakin mən əmin deyiləm ki, bu, böhrandır”.

Bu vəziyyət iki ölkə arasındakı münasibətlərə necə təsir göstərəcək?

Uilson bu suala belə cavab verib: “Bu, o deməkdir ki, prezidentin təyin etdiyi səfir getməlidir, yaxın perspektivdə ABŞ-ın Bakıda səfiri olmayacaq və bu da artıq mənfi amildir.

Lakin müvəqqəti işlər vəkili Adam Sterlinq səfir təyinatından əvvəl də onun səlahiyyətlərini uğurla yerinə yetirib.

Eyni zamanda səfirin olmaması ölkə liderləri arasında əlaqənin olmaması demək deyil. Bu, real problemə o zaman çevrilə bilər ki, hökumətlər özləri və ya onlardan biri bu əlaqələrin qarşısını alsın”.

Senat Brayzanın təyinatını təsdiqləməsə nələr baş verəcək və administrasiya hansı addımı atacaq?

“Zənnimcə, prezident Obama çox güman ki, Yeni ildən sonra yeni namizəd irəli sürəcək. Hesab edirəm ki, təyinat tezliklə baş tutacaq və Senat prezidentin namizədinə səs verəcək”, - Uilson vurğulayıb.


Geri qayıt