Əsas Səhifə > Ölkə > MƏRDANOVUN ADAMINA DAHA BİR MƏKTUB
MƏRDANOVUN ADAMINA DAHA BİR MƏKTUB29-05-2013, 12:24 |
Nadir İsrafilov: “Təhsil proqramı kimi ciddi bir sənədə məsul olan istənilən kəsin ona biganəliyi, dövlətçiliyə qarşı xəyanətə bərabər tutulmalıdır!” DİA.AZ: - Ekspert, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı ilə Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru Abdulla Mehrabov arasındakı ziddiyyət səngimək bilmir. Mətbuatdan bildiyimiz kimi, birinci tərəf riyaziyyat kurikulumlarının səhvlərlə dolu olduğunu bildirir və israrla tələb edir ki, onlar Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasovun və ya Abdulla Mehrabovun iştirakı ilə müzakirə olunsun, əks tərəfsə alimin tələbinə əhəmiyyət vermir. Çox maraqlıdır ki, elmi-pedaqoji müstəvidə həll olunası bu ziddiyyət gün-gündən genişlənməkdə və dərinləşməkdə davam edir. Belə ki, Osmanlının təşəbbüsünə artıq digər təhsil eksperti Nadir İsrafilov da qoşulub. Xatırladırıq ki, bu gün o da Əlövsət müəllim kimi Abdulla Mehrabova “müzakirə” çağırışlı məktub yazıb. Nadir İsrafilov məktubun surətini təhsil naziri Mikayıl Cabbarova da göndərib. Maraqlı olacağını nəzərə alaraq onu DİA.AZ oxucularının diqqətinə çatdırırıq. “Hörmətli Abdulla müəllim! Bildiyiniz kimi, son 4-5 ildə təhsil proqramlarımızın (kurikulumların) pis gündə olması barədə riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının silsilə yazıları və cild-cild kitabları çap olunub. Mətbuatda gedən məlumatlara və ondan əldə etdiyim bilgilərə görə, Əlövsət müəllim keçən ilin sentyabrından bəri sizə və tabeliyinizdəki Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasova davamlı olaraq məktublar ünvanlayıb. Məktublarında o, bildirib ki, təhsil proqramlarımız (kurikulumlar) biabırçı gündədir və onlar ciddi surətdə müzakirə olunmalıdır. Mənə görə, Osmanlının bu təklifi yüksək qiymətləndirilməli və təşəbbüsündə olduğu müzakirənin keçirilməsi üçün şərait yaradılmalıdır. Amma təəssüflər olsun ki, bu nəcib təşəbbüsə biganə yanaşmaqla, ona qarşı saymazyanalıq göstərirsiniz. Əslində bu etnasızlığınızla siz Osmanlıya yox, təhsilimizə, balalarımızın gələcəyinə, onların təlim-tərbiyəsinə qarşı sayğısızlıq gösərmiş olursunuz. Şəxsən mən belə düşünürəm ki, kim tərəfindən gəlməsindən asılı olmayaraq, bu kimi təkliflər alqışlanmalıdır. Çünki hər bir təklifdə müsbət nəsə olur. Digər tərəfdən, Osmanlı açıq şəkildə bəyan edir: Yalnız riyaziyyat kurikulumlarında (əgər kurikulum demək mümkünsə!) minlərlə ciddi səhv var! Deyin görüm, bu cür şokedici iddianın qarşısından necə qaçmaq, yaxud onu necə eşitməməzliyə vurmaq olar?! Əlövsət müəllim dediyi kimi: “axı siz təhsilin məzmunu ilə bağlı aparıcı institutun rəhbəri, nazirliyin kollegiya üzvüsünüz, yüksək ad və titullar daşıyan bir şəxssiniz!”. Məhz daşıdığınız bu vəzifə, titul və adlar sizdən tələb edir ki, təhsilimizin məzmununun onurğa sütunu olan proqramlara (kurikulumlara) həddən artıq həssaslıqla yanaşasınız. Amma, göründüyü kimi, bunun fərqində deyilsiniz. Hörmətli Abdulla müəllim! Siz Əlövsət Osmanlının qaldırdığı məsələnin ciddiliyini mütləq nəzərə almalısınız. Çünki təhsil proqramları (kurikulumlar) adi bir şey deyil, onlarla “zarafat” eləmək olmaz! Onlar təhsilin nüvəsini təşkil edən məzmunun daşıyıcıları olmaqla, şəxsiyyətin əsas kompetensiyalarını – bilik, bacarıq və dəyərlərini əks etdirən sənədlər toplusudur. Hesab edirəm ki, bundan sonra həmin sənədlərdəki naqisliklərə görə bütün məsuliyyət sizin üzərinizə düşür. Çünki onların nə vəziyyətdə olması barədə artıq məlumatınız var. Mənim düşüncəmə görə, təhsil proqramı kimi ciddi bir sənədə məsul olan istənilən kəsin ona biganəliyi, dövlətçiliyə qarşı xəyanətə bərabər tutulmalıdır! Bütün bunlarla yanaşı, son qənaətim belədir: – məsələnin ciddiliyini nəzərə alaraq TPİ-də bu mövzuda təcili olaraq geniş müzakirə keçirilməli və sözünü deməsi üçün Əlövsət Osmanlıya şərait yaradılmalıdır; – müzakirə dar çərçivədə – yalnız iddiaçı və işçi qrupun iştirakı ilə yox, geniş formatda keçirilməlidir; – tədbirdə aparıcı institutun direktoru, təhsilimizin məzmununa məsul olan əsas şəxslərdən biri kimi siz də iştirak etməlisiniz; – müzakirəyə təhsil ekspertləri, kompetent alimlər, metodistlər və müəllimlər də dəvət olunmalıdır. Hörmətlə, sizdən cavab gözləyən təhsil eksperti Nadir İsrafilov”. Geri qayıt |