Əsas Səhifə > Cəmiyyət > JURNALİST AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB

JURNALİST AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB


13-12-2011, 11:20
JURNALİST AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB

RAMİD İBRAHİMOVU DÖYƏN ŞƏXS CƏZASIZ QALIB

“Bizim Yol” qəzetinin reportyoru Ramid İbrahimov Bakı Apelyasiya Məhkəməsinin qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.

Məlumata görə, şikayətin məqsədi jurnalistin Konvensiyanın 10-cu maddəsi ilə verilən ifadə azadlığı hüququnun pozuntusunun tanınması, Konvensiyanın 6.1 maddəsi ilə verilən ədalətli məhkəmə araşdırması hüququnun; əsaslandırılmış qərar almaq və tərəflərin bərabərliyi hüququnun pozuntusunun tanınması, Konvensiyanın 8-ci maddəsi ilə təsbit edilən şəxsi həyata hörmət hüququnun pozuntusunun tanınması, Konvensiyanın 6, 8, 10 və 14-cü maddələri birgə götürülməklə Konvensiyanın 13-cü maddəsi ilə verilən səmərəli hüquqi müdafiə vasitələri hüququnun pozuntusunun tanınması, Konvensiyanın 14-cü maddəsi ilə təsbit edilən ayrı-seçkiliyin qadağan edilməsi hüququnun pozuntusunun tanınması olub.

Qeyd edək ki, Ramid İbrahimov 12 fevral 2011-ci ildə Prezident Administrasiyasının qarşısında keçirilən etiraz aksiyasından reportaj hazırlayarkən onu döyən və təhqir edən, jurnalist fəaliyyətinə mane olan şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163.2-ci (vəzifəli şəxslərin jurnalistin qanuni peşə fəaliyyətinə mane olması) maddəsiylə cinayət təqibi başlanması ilə bağlı yerli hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Aksiyanı kənardan müşahidə edən, məlumat toplayan, hadisələrdən mobil telefonunun kamerasına çəkən jurnalistə qarşı XDMX-nin əməkdaşları daha amansız olublar. Ərizəçini döyüb, təhqir ediblər, mobil telefonunu və jurnalist vəsiqəsini əlindən alıblar. Aksiyaçıların Baş Prokurorluqda qəbulu zamanı jurnalist də şikayətçilər sırasında baş prokuror Zakir Qaralovla görüşüb. Qəbulda Baş Prokurorla yanaşı Daxili İşlər Nazirinin müavini cənab Vilayət Eyvazov və Baş prokurorun birinci müavini cənab Rüstəm Üsubov iştirak ediblər. Şikayətini bildirdikdən sonra jurnalistin əşyaları geri qaytarılıb.

Ərizəçi hadisə baş verən günü Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə ərizə yazıb. 20 may 2011-ci ildə Səbail Rayon Məhkəməsinə şikayət edib və Məhkəmə 27 may 2011-ci ildə ərizəçinin şikayətini əsassız hesab edib.

Ərizəçi Səbail Rayon Məhkəməsinin 27 may 2011-ci il tarixli qərarından 30 may 2011-ci ildə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də 06 iyun 2011-ci ildə apellyasiya şikayətinə baxıb, ərizəçinin şikayətini təmin etməyib.


Geri qayıt