Əsas Səhifə > Ölkə > TİFLİSDƏ ERMƏNİ AZƏRBAYCANLI GÖRÜŞÜ

TİFLİSDƏ ERMƏNİ AZƏRBAYCANLI GÖRÜŞÜ


12-12-2011, 17:37
TİFLİSDƏ ERMƏNİ AZƏRBAYCANLI GÖRÜŞÜ

QAT-IN GÖZÜNDƏN İRAQ

Ötən həftəsonunda Tiflisdə Ermənistan və Azərbaycanın KİV və ictimai təşkilatlarının nümayəndələrinin konfransı keçirilib.

İştirakçılar “Region” Tədqiqatlar Mərkəzi (Ermənistan) və Sülh və Demokratiya İnstitutu (Azərbaycan) tərəfindən hər iki ölkədəki Britaniya səfirliklərinin dəstəyi ilə həyata keçirilən “Ermənistan-Azərbaycan dialoqu üçün alternativ informasiya” layihəsinin nəticələrinə baxıblar.

Layihəyə erməni və azərbaycanlı ekspertlərlə bir sıra problemlər, xüsusən gənclər, təhsil, KİV, demokratik azadlıqlar, miqrasiya, məhkəmə sistemi, informasiya texnologiyalarının inkişafı, vətəndaş cəmiyyəti, dini etiqad azadlığı, əhalinin sosial müdafiə sistemi, iqtisadi inkişaf məsələləri üzrə paralel müsahibələr hazırlanmasından və dərc olunmasından ibarət idi.

Bundan başqa, layihədə Qafqaz Jurnalistləri Şəbəkəsində Qarabağ üzrə danışıqlar prosesinə təsir edən beynəlxalq inkişaf prosesləri ilə bağlı erməni və azərbaycanlı politoloqların və analitiklərin İnternet-konfransının təşkili nəzərdə tutulurdu.

“Layihənin məntiqi hər iki ölkədə KİV-ə, oxuculara hər iki cəmiyyətdə həm Ermənistan-Azərbaycan münasibətləri, həm də digər məsələlərlə bağlı mövcud olan alternativ informasiya, alternativ fikirlərlə tanış olmaq imkanı verməkdən ibarət idi”, deyə konfransda “Region” Tədqiqatlar Mərkəzinin direktoru Laura Baqdasaryan bildirib.

Öz növbəsində, Sülh və Demokratiya İnstitutunun konfliktologiya və miqrasiya departamentinin rəhbəri Arif Yunusov qeyd edib ki, layihənin məqsədi iki cəmiyyətdə formalaşmış düşmən obrazını aradan qaldırmaqdan və ya heç olmazsa yumşaltmaqdan ibarətdir. Onun sözlərinə görə, danışıqlar gedərkən siyasətçilər və hakimiyyət qarşısında duran ən böyük problem cəmiyyətin bu danışıqların nəticələrini qəbul etməsidir. “Burada ən böyük problemlər yaranır, belə ki, münaqişə dövründə bir çox stereotiplər, xurafatlar və mövhumatlar yaranıb”, deyə Yunusov bildirib.

Konfransda iştirak edən Böyük Britaniya XİN-in Cənubi və Şimali Qafqazda münaqişələr üzrə regional müşaviri Kler Delesar qeyd edib ki, Britaniyanın xarici siyasət idarəsinin münaqişələrin nizamlanması departamenti vətəndaş cəmiyyətinin münaqişələrin həllinə qoşulmasında maraqlıdır. “Elə etmək lazımdır ki, vətəndaş cəmiyyəti, mətbuat, beynəlxalq təşkilatlar və yerli hökumət bir istiqamətdə işləsin”, deyə Delesar bildirib.

Tədbir zamanı Ermənistan-Azərbaycan münasibətlərinin müxtəlif aspektləri haqqında filmlər, xüsusən, 2005-ci ildə “Region” Tədqiqatlar Mərkəzi və Sülh və Demokratiya İnstitutunun birgə layihəsi çərçivəsində hazırlanmış “Sülh və müharibə arasında” filmi nümayiş olunub.


Geri qayıt