Əsas Səhifə > Güney Press, Araşdırma > "BİNƏ"NİN BİNASINDAN GƏLƏN TƏHLÜKƏ

"BİNƏ"NİN BİNASINDAN GƏLƏN TƏHLÜKƏ


25-05-2013, 09:08
"BİNƏ"NİN BİNASINDAN GƏLƏN TƏHLÜKƏ
Bu gün Azərbaycanda, xüsusən də Bakı şəhərində iri ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri görülmür desək, yanılmarıq. Əhalinin ən sıx olduğu bu ərazilərdə ticarətdən və bütün maraqlardan əvvəl əhalinin, həmin obyektin təhlükəsizlik məsələsi önə çəkilməli olduğu halda, bu gün bu məsələ nəinki öndə deyil, heç yada da düşmür. Çünki, bu gün bazaar, ticarət mərkəzi və digər sıxlıq olan obyektlər hansısa bir hadisə törətmək üçün ən asan bir obyektdir. Ona görə ki, hər hansısa bir terror törətmək, iğtişaş yaratmaq istəyən şəxs ölkədə qarışıqlıq etmək üçün ilk olaraq əhalinin gur axın etdiyi obyekti seçir. Ona görə də, bu cür obyektlərin mühafizəsi, təhlükəsizliyi ən azından insanların ziyan çəkməsi üçün önəmlidir.

Ticarət obyektlərinin sahibləri isə bu gün yalnız bir məsələ üzərində fikir formalaşdırır, nə yolla olursa-olsun pul qazanmaq. Onsuz da pulu qazanırlar. Amma, həmin pulu qazandıqları əhalinin təhlükəsizliyi barədə düşünmürlər. Sahibkarlar yalnız nə yolla olursa-olsun gəlirlərini artırmaq, insanları soymaq və biznes imkanlarını genişləndirmək fikrindədirlər. Bu isə onların xeyrinə olsa da, qarşı tərəfin, yəni əhalinin zərərinədir. Ticarət obyektlərində hər hansısa bir təhlükə, qəza, yanğın olarsa, bu hadisələr ən yaxşı halda insanların xəsarət alması ilə nəticələnir. Bu prosesdə ölüm hallarının qaçılmaz olması isə danılmazdır.

Bakıda son illərdə onlarla bu cür hadisələrin şahidi olmuşuq. Bazar və ya ticarət obyektində yanğın hadisəsi baş verib, insanların sıx olduğu vaxtlarda həmin ərazidə hansısa bir qəza baş verib və sair. Hadisə nəticəsində insanların xəsarət alması, bazarda satıcıların mallarının yanması və sair xoşagəlməz hallar məhz həmin ərazidə təhlükəsizlik çıxışlarının olmamasından irəli gəlib. Məsələn, bir müddət əvvəl Bakının ən böyük ticarət mərkəzlərindən sayılan “Binə” Ticarət Mərkəzində bir neçə dəfə bu cür hallar olub. Bazarda hansısa bir mağazada baş vermiş qısaqapanma zamanı onlarla mağaza yanıb, mağaza sahiblərinə külli miqdarda ziyan dəyib, hətta sahibkarlardan da bir neçəsi yanıq xəsarətləri və digər zədələr alıb. Amma, sonda günah yenə mağaza icarədarının və ya sahibinin üzərinə yıxılıb. Nə bazar rəhbərliyi məsuliyyətə cəlb edilib, nə də dəymiş ziyan ödənilib. Bu cür hallar demək olar ki, tez-tez təkrarlanır. Bakının “8-ci kilometr” bazarında da belə hallar bir neçə dəfə baş verib. Şəhərin ən sıx yerlərindən biri olan Nizami rayonu ərazisində yerləşən, hətta yaşayış binalarına bitişik olan bu bazarda da təhlükəsizlik çıxışları yoxdur. Bazarın hətta açıq ərazilərində də təhlükəsizlik çıxışlarına piştaxtalar düzülüb ki, bu da bazardakı alverçilər və müştərilər üçün real təhlükə deməkdir. Yəni gündüz saatlarında burada baş verən hər hansısa bir yanğın və digər qəza hadisəsi zamanı onlarla insanın həyatının təhlükə altında olacağı qaçılmazdır.

Bazarlarda yanğın qorxulu texnogen hadisəsidir

Tanınmış hüquqşünas, vəkil Namizəd Səfərov da ticarət mərkəzlərindəki bu cür şəraitdən narahatdır. Hüquq müdafiəçisi hesab edir ki, bu cür hallar insanlar üçün açıq təhlükədir: “Hazırda Azərbaycanda, əksər hissəsi isə Bakı şəhərində fəaliyyət göstərən saysız-hesabsız , özü də olduqca böyük ərazilərə malik ticarət obyektləri və mərkəzlərində ən azı yanğından mühafizə və yanğın təhlükəsizliyinin səviyyəsindən danışmağa belə dəyməz. Belə ki, təhlükəsizlik qaydaları yalnız yanğın təhlükəsindən mühafizə tədbirləri ilə məhdudlaşmır. Buraya həmçinin elektrik, qaz, müxtəlif təbii fəlakətlərdən mühafizə, qorunma və ehtiyat tədbirləri də daxildir. Əlbəttə yanğın təhlükəsi və bundan mühafizə bu texnogen və təbii fəlakət hadisələri içərisində daha önəmli yer tutur. Söhbət gedən böyük ticarət mərkəzlərində isə yanğın təhlükəsizliyi ən qorxulu texnogen hadisələrindən hesab olunur. Yadınızdadırsa Abşeron ərazisində yerləşən ticarət mərkəzləri daim bu təhlükə ilə üz-üzə dayanmış və dəfələrlə yanğın hadısələri baş vermişdi. 8-ci kilometr qəsəbəsindəki bazarda, “Binə” Ticarət Mərkəzində vaxtaşırı baş verən yanğın hadisələri hamımızın yadındadır. Xoşbəxtlikdən bu yanğın hadisələri insan itkiləri ilə nəticələnməyib. Lakin ayrı-ayrı vətəndaşlara, sahibkarlara hər dəfə külli miqdarda ziyan dəyməsi qaçılmaz olub. Əslində bu xəbərdaredici hadisələr yanğın təhlükəsizliyinin daim diqqətdə saxlanılması üçün örnək olmalıdır”.

“Binə” və “8-ci kilometr” bazarının tikintisində təhlükəsizlik nəzərə alınmayıb

Namizəd Səfərov təəssüf hissi ilə qeyd edir ki, bu gün Bakıdakı əksər ticarət mərkəzlərində bu cür önəmli və vacib məsələyə diqqət yetirimir: “Təəssüf ki,bu hadisələrdən heç bir nəticə çıxarılmır. Diqqət yetirin, hal-hazırda fəaliyyət göstərən ucu-bucağı olmayan “Binə” və “8-ci kilometr” bazarında vəziyyət necədir? Burada ən elementar yanğın təhlükəsizliyi qaydalarına belə əməl olunmur. Bu oblektlərin tikintisi zamanı da bu tələblər nəzərə alınmayıb. Əgər bu obyektlərdə yanğın baş verərsə bunun ağır nəticələrini təsəvvür etmək belə dəhşətli gəlir”. Hüquq müdafiəçisi bildirir ki, insanların həyatının belə təhlükəyə məruz qoyulması və bu hadisələrə etinasızlıq sadəcə təəccüb doğurur. Halbuki, məlum olduğu kimi bu ticarət mərkəzlərində bəlkə də on minlərlə ton ağırlığında tez alışan və yanğından təhlükəli mallar saxlanılmaqdadır. Burada fəaliyyət göstərən hər bir mağazaya yanğınsöndürən maşınların yaxınlaşması imkanı təmin olunmalıdır.

Bakıda binaların altındakı bütün ticarət obyektlərinin yanğın çıxışları qapanıb

Namizəd Səfərov bildirib ki, bu cür hallar yalnız iri ticarət obyektlərində deyil, eyni zamanda, Bakıdakı əksər ticarət obyektlərində bu vəziyyət hökm sürür: “Eyni təhlükəli vəziyyət Bakı şəhərinin bütün küçə və meydanlarında fəaliyyət göstərən ticarət obyektləri və mağazalara da aiddir. Heç kimə sirr deyil ki, bu gün Bakı şəhərinin bütün küçə və meydanları, istisnasız olaraq butun yaşayış evlərinin birinci mərtəbələri ticarət obyektlərinə çevrilməkdədir. Bakı şəhəri özü boyda bir bazara çevrilib. Bu ticarət mərkəzlərinin heç olmasa ən elementar yanğından mühafizə qaydalarına əməl olunması belə təmin olunmur. Bu obyektlərdə vaxtı ilə mövcud olmuş bütün yanğınsöndürmə keçidləri qapanıb. Məncə bu məsələlərlə bağlı həyəcan təbili çalmaq vaxtı çoxdan yetib.Sonra olduqca gec və faciəvi ola bilər”.

Geri qayıt