Əsas Səhifə > Ölkə > “BUNLAR İSLAMDAN UZAQ ƏMƏLLƏRDİR”

“BUNLAR İSLAMDAN UZAQ ƏMƏLLƏRDİR”


12-12-2011, 15:18
“BUNLAR İSLAMDAN UZAQ ƏMƏLLƏRDİR”

“UKRAYNA MÜSƏLMANLARININ HİCAB PROBLEMİ YOXDUR”

Dekabrın 11-də Kiyevin Respublika sarayında Ukrayna müsəlmanlarının 5-ci qurultayı keçirilib. Ukrayna Müsəlmanları Ruhani İdarəsinin qurultayında Azərbaycan nümayəndə heyəti də iştirak edib. Onlardan biri - ilahiyyatçı Namiq Babaxanov “Media forum” saytına açıqlama verib.

İlhaiyyatçı qeyd edib ki, Ukraynada cəmi iki ilə yaxındır yaşamasına baxmayaraq tam səlahiyyətli qurultay iştirakçısı olub: “Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin qurultaylarında heç vaxt iştirak etməmişəm, heç məni ora dəvət edən də olmayıb. Ukrayna Müsəlmanları Ruhani İdarəsinin 4 min nəfərin iştirakı ilə baş tutan qurultayında məzhəblərin heç biri təbliğ və ya tənqid olunmadı, baxmayaraq ki, Ukrayna müsəlmanlarının əksəriyyəti əhli-sünnədir. Ancaq əsasən ərəblər, tatarlar, çeçenlər, dağıstanlılar və azərbaycanlılardan ibarət olan qurultay iştirakçıları vəhabiliyin islamdan kənar olduğunu bildirdilər. Separatizm, milliyyətçilik, aqressiya və terror qətiyyətlə pisləndi, bunların islamdan uzaq əməllər olduğu vurğulandı”.

Namiq Babaxanov onu da qeyd edib ki, dekabrın 4-də Ukraynanın paytaxtı Kiyevdə minarəli və günbəzli ilk məscid açılıb: “Ər-Rəhman” adlanan bu məscid kompleksi Ukraynanın, demək olar, ilk rəsmi və geniş islam mərkəzidir. Ukrayna Müsəlmanlarının Ruhani İdarəsi və Kiyev İslam Universteti də bu məscid kompleksində yerləşəcək. Həmin təhsil ocağının yeni binasının bünövrəsi qoyulub”.

İlahiyyatçı “Media forum”a açıqlamasında başqa məqamları da qeyd edib: “Ukraynda 125 müsəlman dini icmasından 111-i dövlət qeydiyyatından keçib. Tezliklə digərləri də qeydiyyata alınacaq. Ukrayna Müsəlmanları Ruhani İdarəsi Ukrayna dövləti ilə qida məhsullarına “halal standartı”nın tətbiqi məsələsində razılığa gəlib. Rəsmi olaraq Ukrayna Müsəlmanları Ruhani İdarəsinin yoxlamalardan sonra halal qida məhsullarına sertifikat verir.

Ukrayna müsəlmanlarının hicab problemi yoxdur, Ukrayna məktəblərinə müsəlman qızlar başıbağlı da gedə bilər. Müsəlman xanımlara pasport və şəxsiyyət vəsiqələri üçün başörtülü şəkil çəkdirməyə icazə verilir. Ukraynada Həcc ziyarətinin qiyməti isə Azərbaycanla müqaisədə beş dəfə ucuzdur”.

Geri qayıt